Kimisi sağalmaz xəstəlikdən, kimisi qəzadan.. - Azərbaycanın vəfat edən tanınmış jurnalistləri

Bölmə: Araşdırma › ,
Tarix: 15:07 02.03.2023

Azərbaycanın elə jurnalistləri olub ki, onlar vəfat etdikdən sonra da xoş xatirələrlə yaddaşlarda qalıblar. Bu jurnalistlərin bəziləri ağır xəstəlikdən, bir qismi faciəvi insidentlər nəticəsində, digərləri isə iş başında olarkən vəfat ediblər.

İNFORMATOR.AZ dünyasını dəyişən tanınmış Azərbaycan jurnalistlərini təqdim edir:

Nəsir Əhmədli

7 iyun 2022-ci ildə şair, tərcüməçi, Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli vəfat edib. Əməkdar jurnalist ağciyər xərçəngindən əziyyət çəkirdi. Nəsir Əhmədli Moskvada, Bakıda, Tbilisidə, Ufada, Sankt-Peterburqda, Lüblində keçirilən konfranslarda iştirak edib. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin, Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü olub. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, 15 kitabın müəllifidir.

Hafiz Hüseynxanlı

24 oktyabr 2022-ci ildə ömrünün 60 ilini jurnalistika sahəsinə həsr edən Hafiz Hüseynxanlı uzunmüddətli ağır bir xəstəlikdən sonra vəfat edib. Təhsil aldığı dönəmlərdə "Azərbaycan pioneri" və "Azərbaycan gəncləri" qəzetlərində fəaliyyət göstərib. Dövlət Teleradiosunda xüsusi müxbir, Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarədə baş redaktor, Cəbrayıl rayonunda əsası qoyulan "Xudafərin" qəzetində baş redaktor, "AzərTac"-da redaktor, "Həmrəylik" qəzetində baş redaktor, İqtisadiyyat Nazirliyində mətbuat katibi vəzifələrində fəaliyyət göstərib.

Mais Məmmədov

16 iyul, 2022-ci ildə Mais Məmmədov səhhətində yaranan problemlər səbəbindən dünyasını dəyişib. 1998-2016 illər arasında ANS Müstəqil Yayım və Media Şirkətində İctimai əlaqələr üzrə baş müşavir, prezidentin müşaviri kimi fəaliyyət göstərib. Həmçinin ANS Müstəqil Yayım və Media Şirkətinin Fəxri Sədri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının "əməkdar jurnalist" Fəxri adı ilə təltif edilib.

Araz Zeynalov

Vesti.az satının baş redaktorunun müşaviri, məşhur jurnalist Araz Zeynalov 3 avqust 2022-ci ildə vəfat edib. Tanınmış jurnalist ürək çatışmazlığından dünyasını dəyişmişdi. Araz Zeynalov "Azərbaycan gəncləri", "Panorama", " Kaspiy" qəzetlərində fəaliyyət göstərib. Həmiçinin vesti.az saytının ilk baş redaktoru vəzifəsində çalışıb.

Rafiq Hacıyev

29 iyul,2021-ci ildə yazıçı-jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Rafiq Hacıyev vəfat edib. Rafiq Hacıyev ürək tutmasından dünyasını dəyişib. Rafiq Hacıyev "Xalq qəzeti", "Səhər", "Azərbaycan" , "Həyat" , "Odlar Yurdu" qəzetlərində və "AzərTac"-da fəaliyyət göstərib. Həmiçinin milli mətbuatımızın inkişafındakı xidmətləri və kitabları "Həsən bəy Zərdabi", "Cəfər Cabbarlı", " Rəsul Rza", "Humay", "Mahmud Qaşqarlı" mükafatları ilə təltif edilib.

AzTV-nin operatoru, şəhid Sirac Abışov – 2021-ci il 4 iyunda Kəlbəcər rayonunda minaya düşərək həlak olub.

“Azərtac”ın jurnalisti, şəhid Məhərrəm İbrahimov - 2021-ci il 4 iyunda Kəlbəcər rayonunda minaya düşərək şəhid olub.

Yusif Kərimov

Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri, 78 yaşlı Yusif Kərimov da 2018-ci ilin oktyabrın 15-də vəfat edib. O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Rauf Talışınski

Azərbaycanda nəşr olunan rusdilli "Exo" qəzetinin baş redaktoru, "Əməkdar jurnalist" Rauf Talışinski isə mayın 8-nə keçən gecə 62 yaşında vəfat edib. Onun ölüm səbəbi kimi qəfil ürəktutması göstərilib. R.Talışinski “Molodej Azerbaydjana" (1978-1981), “Vışka” qəzetlərində çalışıb. 1981-1989-cu illərdə “İzvestiya” qəzetinin Azərbaycan üzrə müxbiri, 1990-cı ildən “Zerkalo” qəzetinin baş redaktoru olub. 2001-ci ildən bu günə kimi isə “Exo” qəzetinin baş redaktoru postunda çalışıb.

Nicat Məlikov

Tanınmış jurnalist Nicat Məlikov 2018-ci ildə gənc yaşında dünyasını dəyişib. Qəfil ürək tutması keçirən N.Məlikov 39 yaşında haqq dünyasına qovuşub. O, “APA Holdinq”ə daxil olan “Vesti.Az” saytında çalışıb. Bundan öncə isə uzun müddət “Zerkalo” qəzetində işləyib.

Ülviyyə Şamilqızı

2018-ci ildə Ülviyyə Şamilqızı da bədbəxt hadisə nəticəsində dünyasını dəyişən gənc jurnalistlərdən olub. Ülviyyə Şamilqızı (Məmmədova) Rusiyanın Həştərxan şəhərində avtomobil qəzası nəticəsində  həyatını itirib. Xanım jurnalist bir sıra KİV-lərdə, o cümlədən “Xalq Cəbhəsi” qəzetində, “Report” İnformasiya Agentliyində çalışıb.

Ellada Mustafayeva

28 fevral 2023-cü ildə İKT və PR sahəsində mütəxəssis, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ellada Mustafayeva vəfat edib. 35 yaşlı Ellada Mustafayevanın onkoloji xəstəlikdən vəfat etdiyi bildirilib.

Qeyd edək ki, Ellada Mustafayeva ABŞ Dövlət Departamentinin Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramının 80 uğurlu siması arasında Azərbaycanı təmsil edən yeganə iştirakçı olub.



115 dəfə oxunub