Gəncədə raketin düşdüyü yerdə memorial kompleks olacaq

Bölmə: Sosial › ,
Tarix: 15:16 04.08.2023

Məlum olduğu kimi Gəncədə Vətən müharibəsi dövründə şəhid olan mülki şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə raket zərbələrinin dağıtdığı ərazilər biri memorial kompleksə çevriləcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi İlham Əliyevin ötən ilin yanvarında Gəncəyə səfəri zamanı təməlini qoyduğu Gəncə Memorial Kompleksinin layihəsini ictimaiyyətə təqdim edib.

2020-ci ilin 11 noyabrı, gecə saat 2 radələrində Ermənistan silahlı qüvvələrinin ballistik raketlə dağıtdığı yaşayış massivində yaradılacaq xatirə kompleksinin layihəsi 4 hektar ərazini əhatə edir. Konsepsiyası Böyük Britaniyanın nüfuzlu “Chapman Taylor” şirkətinə, tikinti layihəsi isə “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutuna aiddir.

 

Kompleksdə unikal memarlıq üslubuna malik muzey binası yer alacaq. Memorial abidənin eskizi 12 m dərinliyə qədər enməsi nəzərdə tutulmuş spiralvari formada işlənib. Ərazidəki muzey binası ziyarətçilərin və qonaqların ətraflı məlumatlandırılmasında rol oynayacaq.

 

Raket zərbələri nəticəsində dağıdılmış yaşayış evlərinin qalıqlarının və izlərinin saxlanılacağı hissə açıq hava altında kompleksin davamı kimi nəzərdə tutulub. Layihəyə 3 giriş tağları və fəvvarə daxildir. Bundan başqa zərər dəymiş ətraf hissənin abadlaşdırılması, əhalinin istirahəti üçün geniş parkın salınması da nəzərdə tutulub.

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov deyib ki, bu kompleks ziyarətçilər üçün hadisə haqqında təsəvvür yaratmaq imkanı verəcək: "Formanın özü yerə batırılmış bir mərminin izi kimi düşünülüb. Spiralvari formada o öz həllini tapıb. Kifayət qədər orijinal və maraqlı bir memarlıq həllidir. Sakinlər həmin ərazini həm xaricdən, həm də ki kompleksin içinə daxil olaraq müşahidə edə biləcəklər. Burdakı eksponatlar da həmin hadisələrin təfərrüatlarını əks etdirəcək. Həmçinin həmin ərazidə dağıntılara məruz qalmış tikintilərin müasir yanaşmalarla konservasiya izlərinin saxlanması istiqamətində işlər görülüb. Ərazi abadlaşdırılacaq və turistik məkana çevriləcək".

 

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri Vətən müharibəsi dövründə cəbhə bölgəsindən 60 km uzaqda yerləşən Gəncə şəhərinə, insanların kompakt yaşadığı ərazilərə dəfələrlə raket hücumları edib. Bu raket hücumlarının 8-i böyük dağıntılara səbəb olub. “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket qurğularından endirilən zərbələr nəticəsində 6-sı uşaq olmaqla, 26 mülki şəxs faciəvi şəkildə həyatını itirib.