YENƏ QƏZA, YENƏ ÖLÜM...
Bölmə: Hadisə › ,Tarix: 00:10 15.08.2023
Son iki gündə -12,13 avqust tarixlərində yol-nəqliyyat hadisələrində 7 ölüm faktı qeydə alınıb. Ekspertlərin fikrincə, Azərbaycanda avtomobil sürənlərin 50%-i diqqətsiz olduğundan, yol hərəkət qaydalarını bilmədiyindən qəzaların sayı hər gün artır. Xüsusən də maqistral yollarda ölüm faktının qeydə alındığı qəzalar baş verir.
Nəqliyyat eksperti Eldəniz Cəfərov da deyir ki, yol-nəqliyyat hadisələrinin baş verməsinin üç əsas səbəbi var; birincisi yol hərəkəti iştirakçılarının bilərəkdən yol hərəkəti qaydalarını pozmasıdır. “Sürət həddinin aşılması, dönmə işıqlarının yandırılmaması, ötmə hərəkətlərinin düzgün həyata keçirilməməsi - bunlar bilərəkdən yol hərəkət qaydalarını pozmaqdır. İkincisi yol insfakturunun yaxşı olmaması, nişanların azlığı, yolların işıqlandırılmaması qəzalara səbəb olur. Üçüncüsü isə, nasaz avtomobillərdir. Bu da vətəndaşların diqqətsizliyindən qaynaqlanır”.
Ekspert avtomobil sürmə bacarığınnın əsasən sürücülük məktəblərində öyrədildiyini desə də, bu gün Bakı, Sumqayıt və Gəncədən başqa digər şəhərlərdə, bölgələrdə, kəndlərdə sürücülük kurslarının formal xarakter daşıdığından narazılıq edir. “Həmin ərazilərdə sürücülüklə bağlı kifayət qədər savadlı müəllimlər yoxdur ki, bunu insanlara öyrətsinlər”.
Eldəniz Cəfərov problemin səbəblərindən biri kimi cərimə sisteminin də adını çəkir. Deyir ki, cərimə sistemi maarifləndirmə sistemi ilə əvəz olunsa, bu kimi halların qarşısı alınar. “Maarifləndirmə sistemində qayda pozan sürücülər maarifləndirilir, təkrar səhvə yol verdikləri zaman bir müddət sürücülükdən məhrum edilirlər. Cərimə sistemində isə pulu olan sürücülər cəriməni ödəyir və yenə qanunu pozurlar. Bununla da qəzaların sayı artır”.
ÇİNARƏ MURADOVA