Ermənistan vandalizmdən əl çəkməməkdə israrçıdır

Bölmə: Hadisə › ,
Tarix: 22:32 12.09.2023

Cəsarəti olmayan qeyri-qanuni silahlı dəstələr Azərbaycan xalqına qarşı hər cür terror vasitəsinə əl atır. Sentyabrın 11-də itin üzərinə uzaqdan idarə olunan partlayıcı qurğu bağlayaraq, mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur edən ermənilərlə bağlı heyvanları müdafiə edən beynəlxalq təşkilatlar səslərini çıxarmır. Elə 30 il müddətində ekoloji terrorlara susduqları kimi... 



Qanunsuz erməni silahlı dəstələri ağlasığmayan bütün əməlləri törətməklə beynəlxalq hüququn sənədlərinə məhəl qoymadığını açıq-aşkar göstərməkdədir. Sentyabrın 11-i ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə edərək terror aktı törətməyə cəhd göstərməsi də bunun əyani sübutudur. Bu hərəkət 2018-ci ildə qəbul edilən heyvanların hüquqları və sağlamlıqlarının qorunmasına dair BMT konvensiyasına ziddir.

Ekoloq Amin Məmmədov deyir ki, beynəlxalq platformada bu sahə üzrə ixtisaslaşmış beynəlxalq təşkilatlar qarşısında bu məsələni qaldıracağıq: “Xüsusən də Vəhşi Təbiəti Qorumaq Fondu və digər heyvanların müdafiəsi ilə məşğul olan təşkilatlara bu məlumatı təqdim etməyimiz Ermənistan nümayəndələrinin bu təşkilatların təşkil etdiyi tədbirlərdə qınaq obyektinə çevrilməsi üçün əhəmiyyətli bir addım olacaq”.

Torpaqlarımızın 30 ilə yaxın işğal altında qalması, şəhər və kəndlərin dağıdılması, dinc əhalinin genosidi, o cümlədən bitki və heyvanlar aləminin məhv edilməsi ilə nəticələnib. Tapdaq altında saxladıqları 43 min hektar sahəsi olan xüsusi mühafizə olunan təbiət ərazilərində Qırmızı Kitabımıza daxil edilən 24 fauna və 69 flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilib.


Milli Qeyri-Hökumət Təşkilatları Forumu idarə heyətininin üzvü Umud Mirzəyev məsələyə mövqeyini belə bildirir: “30 il Qarabağda nələr baş vermədi? Evlərimiz dağıdıldı. Burada 15 min evdən söhbət gedir. Məbədgahlarımız dağıdıldı. 100 illik,1000 illik ağaclarımız kökündən kəsildi. Torpaqlarımız vandalcasına minalardan çirkləndirildi. Əkin-biçin sahələrimizə divan tutuldu. Təbii resurslarımız dağıdıldı. Bunlar heç zaman beynəlxalq bir camiədə səs-küyə səbəb olmadı”.

Yeri gəlmişkən bu, Ermənistanın məkrli niyyətini həyata keçirmək üçün istifadə etdiyi ilk üsul deyil. Onlar 2011-ci ildə Tovuz çayı vasitəsilə Tovuzun Əlibəyli kəndinə mina tələsi yerləşdirdikləri uşaq oyuncağı göndərmişdilər. Çayın qırağından tələni oyuncaq sanıb evə gətirən 13 yaşlı Aygün Şahmalıyeva qurğunun partlaması nəticəsində həlak olmuşdu.