Zurabişvili hökumətdən icazəsiz Avropa turnesinə çıxıb
Tarix: 13:46 27.09.2023
Gürcüstan prezidenti Salome Zurabişvili oktyabrın 3-də vəzifədən uzaqlaşdırıla bilər. Səbəb gürcü Prezidentinin sentyabrın əvvəlində hökumətin razılığı olmadan Avropa turnesinə çıxmasıdır. Gürcüstan konstitusiyasına görə, prezident xarici və ya daxili siyasətlə bağlı həlledici səlahiyyətə malik deyil. Ancaq hökumət qaydalarını pozan və impiçment təhlükəsində olan Salome Zurabişvili Avropaya səfərlərini hələ də davam etdirir. Onun sentyabrın 25-də Latviya, Litva və Estoniyaya yeni səfərləri məlum olub. Prezident deyir ki, Avropaya məhz Gürcüstanın Aİ-yə namizəd statusu almasına razı salmaq üçün gedib.
Hökumətin Avropa ölkələrinə səfərinə qadağa qoymasına baxmayaraq, gürcü prezident bu dəfə Balkan ölkələrinə yollanıb. Zurabişvilinin estoniyalı həmkarı Alar Karislə görüşdüyü ortaya çıxıb. O daha sonra Latviyada Prezident Edqars Rinkeviç, Litvada isə həmkarı Qatanas Nauseda ilə görüşəcək. Estoniya prezidenti görüş zamanı Gürcüstanın Aİ-yə namizəd statusuna gedən yolu dəstəklədiyini və qarşıdakı həftələrin vacib olduğunu deyib. Zurabişvili daha əvvəl də sentyabrın 1-də hökumətdən xəbərsiz Berlinə səfər edib, burada Almaniya prezidenti Frank-Volter Ştaynmayerlə görüşüb, həmçinin Avropa Şurasının rəhbəri Şarl Mişel ilə görüşmək üçün Brüsselə gedib. Məsələ ondadır ki, Gürcüstan konstitusiyasına görə, ölkədə sistem Unitar parlament respublikasıdır. Xüsusən xarici siyasət məsələlərində Prezident baş nazirlə koordinasiyalı işləməlidir. Yəni prezident xaricə səfərlərini yalnız hökumətin razılığı ilə həyata keçirə bilər. Qaydaları yox sayan Salome Zurabişvili indi oktyabrın 3-də baş tutacaq impiçment təhlükəsi ilə üz-üzədir.
Bəzi gürcü ekspertlər bildirirlər ki, prezidentə qarşı impiçment prosesi siyasi qütbləşməni artıra bilər. Aydındır ki, illərdir ərazi bütövlüyü problemi yaşayan ölkə təhlükəsizliyini gücləndirmək məqsədilə NATO ilə inteqrasiya prosesini və Qərblə fəaliyyətini davam etdirir. İlin sonuna doğru isə ona Aİ-yə “namizəd ölkə” statusunun veriləcəyi gözlənilir. Bu səbəbdən prezidentə qarşı impiçment prosesi ölkənin Aİ-yə inteqrasiyası üçün “siyasi” risk kimi qiymətləndirilir. Üstəlik, müxalifət ölkədə sabitliyin pozulması üçün bütün imkanlardan istifadə edə bilər. Bu isə Gürcüstanın Aİ-yə namizəd statusu almasına “zərər” verə bilər. Lakin məsələnin digər tərəfindən baxdıqda, prezident konstitusiyanı pozsa da, hökumətin əlində olan resurslar əslində impiçment prosesini başa çatdırmaq üçün yetərli deyil. Konstitusiyaya görə, ölkə prezidentinə qarşı impiçment prosesini başa çatdırmaq üçün parlamentin 100 üzvünün dəstəyi tələb olunur. Lakin hakim “Gürcü arzusu” partiyası parlamentdə cəmi 84 mandata sahibdir. 66 yer isə müxalifətə məxsusdur. Belə olan halda hakim partiyanın prezidenti vəzifədən uzaqlaşdırmaq üçün müxalifətdən dəstək alması lazım gələcək. Bu isə qeyri-mümkün görünür. Zurabişvili ona qarşı impiçment prosesinin başlanması üçün hərəkətə keçən hökumətə reaksiya verərək heç yerə getmədiyini deyib. "Düşünürəm ki, hamı mənim istefa verməyimlə bağlı arzusunu unutmalıdır" deyən gürcü prezidenti Konstitusiyanın 78-ci maddəsinə istinad edərək, bildirib ki, Gürcüstanın Avropa və Avroatlantik strukturlara tam inteqrasiyasını təmin etməyə borcludur.
VÜSALƏ