Dünyada hər 13 insandan 3-də silah var
Tarix: 16:36 27.09.2023
Almaniyanın xarici işlər naziri Annalena Berbok CNN telekanalına müsahibəsində bildirib ki, Almaniyanın Ukraynaya verdiyi silahların bəziləri ya köhnəlib, ya da işləməyib. Digər tərəfdən Polşa da Ukraynaya köhnə silahlarını göndərib. Hətta bu səbəbdən ABŞ Polşaya silahlı qüvvələrini modernizasiya etməsi üçün 2 milyard dollar borc təklif edib. Bundan başqa, Vaşinqtonun Xüsusi ilə Avropa ölkələrinə silah satışı da artıb. Bu isə ABŞ-nin silah bazarı kimi Ukraynadakı müharibədən istifadə etdiyini gündəmə gətirib.
Polşa və ABŞ Varşavanın müdafiəsinin modernləşdirilməsini dəstəkləmək üçün 2 milyard dollarlıq birbaşa kreditin verilməsi haqqında saziş imzalayıb. Dövlət Departamentinin bəyanatında bildirilib ki, Polşa Ukraynaya yardımda mərkəzi rolundan əlavə, müdafiə sahəsinə böyük sərmayə qoyaraq regional təhlükəsizliyi gücləndirib. Varşavanın təhlükəsizliyi NATO-nun şərq cinahının kollektiv müdafiəsi üçün həyati əhəmiyyət kəsb edir. Bu səbəbdən Polşaya lazımı silah-sursat göndəriləcək. Digər tərəfdən Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlinin Ukraynaya verdiyi silahların köhnə olduğunu və ya işləmədiyini bildirib.
Maraqlıdır ki, daha əvvəl Ukraynaya göndərilən silahların işləmədiyi və ya çox köhnə olduğu ilə bağlı hər hansı məlumat verilməyib. Birləşmiş Ştatlar və Ukrayna daxil bir çox dövlət dəfələrlə göndərilən texnikaların müharibə üçün çox vacib olduğunu qeyd ediblər. Almaniyanın belə bir etiraf etməsi müharibənin arxa planında gedən hadisələrin iç üzünü açdı. Birləşmiş Ştatlar Qərbin əli və Ukraynadakı müharibə vasitəsilə uzun müddət davam edəcək silah ticarətinin təməlini atıb. Belə ki, Vaşinqton ilk başda müttəfiqlərinə Ukraynaya öz köhnə təchizatlarını vermək barədə müəyyən təzyiqlər göstərərək, Avropa dövlətlərinin hərbi sahədə müəyyən mənada zəifləməsinə səbəb olub. Bundan sonra isə sözügedən ölkələrin silah təchizatını yeniləmək barədə müqavilə imzalayaraq, küllü miqdarda gəlir əldə edir. Siyasi şərhçi Yeganə Hacıyeva deyir ki, Polşa və Birləşmiş Ştatlar arasında imzalanan son saziş buna ən böyük sübutdur. Üstəlik, sazişin qısa müddətli olması nəzərdə tutulan savaşın uzun müddətdir davam etməsinin ən böyük səbəbi də məhz elə silah ticarətidir. "Müharibələrin məhz silah sendikatları üçün gəlir mənbəyi olması heç kimə sir deyil. O da sir deyil ki, hər yeni tarixdə məhz elə müharibələri bu silah sendikatları yeni bazarlar əldə etmək üçün başlayırlar və Rusiya-Ukrayna müharibəsi də bundan biridir. Ümumiyyətlə son izləmələr onu göstərdi ki, Ukrayna-Rusiya müharibəsində Ukraynanın sürəti aşağı bilərəkdən və məqsədli şəkildə aşağı endirildi. Və bu sürətin aşağı düşməsinin bir neçə səbəbləri oldu. Bunlardan da biri, istər Polşanın olsun, istər Almaniyanın olsun özlərinin svalkalara atdığı silahların məhz silah adı altında Ukraynaya verməsi oldu".
Digər tərəfdən Birləşmiş Ştatlar təkcə müttəfiqlərinə silah satmır, eyni zamanda Ukraynaya göndərdiyi təchizatdan da gəlir əldə edir. Belə ki, Vaşinqtonun Kiyevə verdiyi silahların böyük bir qismi lend-liz vasitəsilə həyata keçirilir. Yəni Ukrayna hazırda göndərilən texnikaların ödənişini gələcəkdə, qazanc əldə etdiyi zaman qaytarmalıdır. Təbii ki, prosesin uzanması müəyyən faizlərin də tətbiq olunmasına gətirib çıxaracaq. Üstəlik Birləşmiş Ştatlar lend-liz qanunu ilk dəfədir istifadə etmir. Hələ ikinci dünya müharibəsi zamanı qəbul etmiş bu qanun sayəsində, Ağ Ev sözügedən müharibədən ən qazanclı ölkə olaraq ayrılıb. Davamında soyuq müharibə və digər savaş ocaqları yaradaraq bu taktikanın istifadəsini genişləndirib. Hətta bu gün aparılan savaşlardan ən çox Birləşmiş Ştatların qazanclı çıxdığını desək yanılmarıq.
Qeyd edək ki, bu gün dünyada hər 13 insandan 3-də silah olduğu düşünülür. Dünyanın bir yerində savaş bitəndə, digər bölgəsində yenisi başlayır. Birləşmiş Ştatlar isə prosesdə katalizator rolunu oynayır.
CAVİD