YENİYETMƏ VALİDEYNLƏRİ BUNLARI BİLMƏLİDİR

Bölmə: Sosial › ,
Tarix: 21:06 28.09.2023

"Yeniyetməlik tək görünən yaş və davranış nüansı deyil, eyni zamanda kölgə fonunda hormonal dəyişikliklər və psixoloji travmaları olan bir insan davranışının göstəricisidir".

 

Bu sözləri informator.az-a açıqlamasında ailə və uşaq psixoloqu Aynur İsmayılova deyib. Onun sözlərinə görə, 11 yaş artıq yeniyetməliyə keçid, 12-24 yaş arası isə tam yeniyetməlik yaşı sayılır. Ən qızğın dövrü 22 yaşa qədərdir, 23-24 yaşlar digər yaşlara nisbətən sakit keçir. Keçid dövründən başlayaraq, artıq bu yeniyetməlik bütün uşaqlarda aktual olaraq özünü göstərməyə başlayır.

 

"Valideynlər çox vaxt yeniyetmə yaşda olan övladlarını balaca uşaq kimi qəbul edib, hələ çox şey başa düşmür nüansı ilə yanaşıb, yeniyetmələrin fikirlərini qəbul etmirlər. Nəzərə alsaq ki, bu dövrdə bir sıra hormonlar yüksəlir, aqressivlik pik həddə olur və onlar valideynlərindən anlayışsızlıq gördüyündən nəticədə bu, onlar arasında toqquşmaya səbəb olur. Valideyn artıq övladının yeniyetmə yaşında olduğunu qəbul etməlidir və bu sosial sfera nəzərə alınmalıdır".

 

Aynur İsmayılova yeniyetmələrin bir sıra problemlərindən də danışıb: "Özgüvənsiz yeniyetmələr özlərini çirkin hesab edir və sosial dəblə uyğunlaşmağa çalışaraq paltarlarında və s. dəyişiklik etmək istəyirlər. Valideynlər onların fikrini nəzərə almır nəticədə anlaşılmazlıq yaranır. İntrovert tipli yeniyetmələr tənqid olunmaqdan qorxaraq özlərinə qapanırlar, özlərinə zərər verməyə başlayırlar və bu intihara gətirib çıxara bilir".

 

Son olaraq ailə və uşaq psixoloqu valideynlərə məsləhət verib: "Valideynlər nəzərə almalıdır ki, yeniyetmələr hələ bu yaşı yeni yaşayırlar, onlar isə bu yaşlardan artıq çoxdan keçib. Ona görə də valideynlər bilməlidir ki, bu keçici bir haldır və yeniyetməyə dəstək olmaq lazımdır. Əgər valideyn övladı ilə hər hansı bir ünsiyyət qura bilmirsə, çətinlik çəkirsə, mütləq psixoloqdan dəstək almalıdır".

 

NİGAR XƏLİLZADƏ