JURNALİSTLƏRİN ÇƏTİN GÜNÜ
Bölmə: Hadisə › ,Tarix: 22:03 28.09.2023
Jurnalistlərin Qənirəsi..
Xəbər verdiyimiz kimi, tanınmış jurnalist, Türk dünyasının mərd qızı Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Xatırladaq ki, o, səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun jurnalist həmkarları, yaxınları, iş yoldaşları, onu sevənlər öz kədərlərini sosial şəbəkə vasitəsi ilə ifadə etməyə çalışıblar.
Mirşahin Ağayev: Bir neçə gün əvvəl qarşıma çıxmışdı… Həmkarlarım paylaşmışdı. Sağalacağına inanaraq yaymışdılar. Qəribə paylaşım idi. Yenə də təsadüfən gördüm… Bizim dünyayla vidalaşırdı sanki! Çox rahatdı burda. Taleyi onu Ana Vətən olmağa qoymadı! Bacı Vətən, Var Ol! Behiştə Yaxşı Yol, Qənirə!
Qulu Məhərrəmli: “Vəfat etdi”, “dünyasını dəyişdi” deməyə adamın dili gəlmir… Allahın ona verdiyi ömür payı bitdi…
Qənirə xanım onu tanıyanların qəlbində həqiqi bir vətənpərvər, parlaq bir işıq, nəcib, xeyirxah, mərhəmətli bir insan kimi qalacaq…RUHU ŞAD OLSUN!!
Aynur Nəsirova: Gəncliyimin, reportyorluğumun silahdaşı, yerin behişt olsun! Nə deyim, necə deyim, bilmirəm.. Nitqimizi qurutdun..
Ləman Ələşrəfqızı: Söz tapa bilmirəm. Bu gün xəstəxanada bacısı Kəmalə ilə xeyli dərdləşdik. Ümidsiz deyildi, qətiyyən. Hər kəs möcüzə gözləyirdi. Heç kim inanmırdı ki, ölümə məğlub olar. O mübariz idi, çalışqan idi, əməksevərdi. O bu mərtəbəyə zəhmətsevərliyi ilə gəlmişdi. Bir dəqiqə dayanmırdı. Xəstə olsun, yorğun olsun-fərq etməz. Bu gün Kəmaləyə dedim ki, bəlkə həkimlərə deyin qulağına "Xankəndi azaddır" pıçıldasın. Ağlına batdı. Dedi, mütləq deyəcəm. İnandıq ki, bəlkə onu bu xəbər ayağa qaldırar. Hayıf səndən, Qənirə. Azərbaycanımın qənirsiz gözəli. "Bajıııı" deyib məni köksünə sıxman üçün çox darıxacam..
Allah rəhmət eləsin!
HƏCƏR ƏMİRASLANLI