Marketinqlikdən fotoqraflığa gedən yol-Gənc fotoqrafla müsahibə

Bölmə: Sosial › , Mədəniyyət › ,
Tarix: 22:23 13.11.2023

İnformator.az-ın budəfəki qonağı gənc həvəskar fotoqraf Rafiq Həsənovdur. O, yeni başladığı fotoqrafiya sahəsi, bu sahədə yaşadığı çətinliklər və ümumilikdə sənət yolu barəsində həmsöhbətimizdir. 

 

Rafiq Həsənov deyir ki, o, 2023-cü ilin 25 iyul tarixindən etibarən fotoqrafiyaya ilkin addımlar atıb. Avqust ayından ümumi çəkilişlərə, sentyabr ayından isə müxtəlif universitetlərə, məkanlara gedərək çəkilişlər etməyə başlayıb. 

 

Müsahibimiz, ilkin olaraq, fotoqrafiyanın onun üçün nədən ibarət olduğuna aydınlıq gətirir:

"Fotoqrafiya mənim üçün incəsənətdir. Və incəsənətlə məşğul olmaq da mənim ruhumu oxşayır. Fotoqrafiya ilə məşğul olmağı daxilən sevirəm və xüsusən insanların sevincli, xoşbəxt anlarını çəkib əbədiləşdirərək onların özlərinə hədiyyə edib savab iş görmüş oluram. Və düşünürəm ki, bununla da hər şeyin puldan ibarət olmadığını sübut edə bilirəm".

 

Daha sonra ixtisası ilə hazırda məşğul olduğu sahənin bir-birinə nə dərəcə bağlı olmasını açıqlayır:

"Marketinq ixtisasını bitirsəm də, hazırda fotoqrafiya sahəsi ilə məşğulam. Təxminən 13-14 yaşlarımdan bəri fotoqrafiya sahəsinə sevgim var idi. Nəticə etibarı ilə bu sevgi məni təhsil aldığım ixtisasdan tamamilə fərqli yerə apardı"

 

Rafiq Həsənov bu sahədə qarşılaşdığı məqamlardan danışır:

"İlk vaxtlarda insanların şəkillərini xəbərləri olmadan çəkdiyim üçün dəfələrlə aqressiyalarla qarşılaşdım. Həmin günlərdən etibarən artıq insanlara uyğun şəkildə, onların icazəsi ilə şəkillərini çəkib onlara hədiyyə edirəm və bundan zövq alıram". 

 

Gənc fotoqraf fəaliyyəti zamanı cəmiyyətlə münasibətinə daha yaxşı aydınlıq gətirir:

"Bəzi insanlar sağ olsunlar ki, mənim məqsədimi anlayışla qarşılayırlar. Lakin bir qisim insanlar da var ki, onlara yaxınlaşanda sözümü və məqsədimi dinləmədən yan keçirlər. Lakin düşünürəm ki, ən azından qarşındakı insanı tam dinlədikdən sonra "hə" ya da "yox" cavabı vermək daha məqsədəuyğun olar". 

 

Rafiq Həsənov fotoqrafiya sahəsinin vacib məqamlarına və bu sahənin əsas prioritetinə də toxunur:

"Bu sahəyə yeni başlayanda xarici fotoqrafların təcrübələrindən faydalanmaq daha doğrudur. Fotoqrafiya sahəsinin ən vacib prinsipi kreativ baxış bucağıdır. Burada mühüm məqam odur ki, öz baxış bucağınla yanaşı, kənar insanların da baxış prizmalarını nəzərə alasan". 

 

Müsahibimiz hesab edir ki, çəkdiyi fotolar bəzilərinə görə professionaldır, bəzilərinə görə isə yox:

"Kadrlarımın professional olub-olmamağı insanların düşüncələrinə görə dəyişir. Amma mən hər bir halda çalışıram ki, bu sahədə professionallığa doğru irəliləyim. İnanıram ki, gələcəkdə daha professional kadrlarım olacaq və bundan cəmiyyət, xüsusilə də tələbə kütləsi xəbərdar olacaqlar". 

 

Məryəm Abdullazadə