25 yaşlı gəncin meyiti yandırılıb-Tovuzda qətl

Bölmə: Hadisə › ,
Tarix: 20:18 20.11.2023

Tovuzda 25 yaşlı oğlan öldürülüb, sonra isə meyitinin olduğu tikili yandırılıb.

 

İnformator.az xəbər verir ki, hadisəni törədən çoban artıq saxlanılıb.

 

Hadisə gecə saatlarında Aşağı Öysüzlü kəndində baş verib. Ağ dağ deyilən ərazidəki fermaların birində yanğın olması barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis və digər qurumların əməkdaşları yanğın söndürüldükdən sonra içəridə yanan meyit aşkar ediblər. Həmin şəxsin Aşağı Öysüzlü kənd sakini, 1998-ci il təvəllüdlü Nicat Məmmədov olduğu müəyyən edilib.

 

Mərhumun qohumu Nuraddin Məsiyev açıqlamasında deyir ki, hadisə günü həmin fermaya gələndə yığıncaq olduğunu görüb.

 

“Mən özüm başqa fermada yaşayan adamam.Burdan keçəndə gördüm yığıncaq var. Fermaya yaxınlaşanda mənə dedilər ki, burda yaşayan Nicat adlı oğlan yandırılaraq ölüb”.

 

Onu şəxsi münasibətlər zəminində, həmin fermada çoban işləyən Eldar İbrahimovun küt alətlə qətlə yetirdiyi, izi itirmək üçün binanı yandırdığı məlum olub. Sonradan o, diqqət çəkməmək üçün yanğınsöndürənləri hadisə yerinə çağırıb.

 

DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov isə deyir ki, Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1988-ci il təvəllüdlü Eldar İbrahimov saxlanılıb, istintaqa təhvil verilib.

 

“Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırmalar davam etdirilir”.

 

Mərhumun fermanın sahibinin oğlu olduğu bildirilir. Ailənin çobanla əvvəldən hər hansı ədavətinin olmadığı, şübhəlinin hadisə vaxtı sərxoş vəziyyətdə olduğu qeyd edilir.

 

Xəyalə Mürsəl