"ARB 24" TV -ƏSL XƏBƏRİN ÜNVANI

Bölmə: MEDİA › ,
Tarix: 18:23 27.11.2023

Bu gün "ARB 24" TV-nin ümumrespublika yayımına başlamasından 5 il ötür.

 

İnformator.az xəbər verir ki, ölkənin ilk biznes yönümlü informasiya telekanalı olan “ARB 24” mütəmadi olaraq bir çox dövlət və özəl qurumlarla da sıx əməkdaşlıq edir.

 

Bakı Dövlət Universitetinin Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli İnformator.az-a açıqlamasında telekanalla bağlı öz təəssüratlarını bölüşüb. 

 

“Bu gün dünyada televiziya sahəsində ən mühüm trendlərdən biri də ixtisaslaşmış telekanallar məsələsidir. Azərbaycanda da bu problem tədricən, addım-addım həll olunur. Məsələn, hazırda bizdə İdman, Mədəniyyət kimi xəbər sahələri üzrə ixtisaslaşmış kanallar fəaliyyət göstərir. Bu kanalların fəaliyyəti cəmiyyətin, eyni zamanda isə ictimai rəyin formalaşmasında kifayət qədər müsbət tendensiyaya malikdir”.

 

Qulu Məhərrəmlinin sözlərinə görə, "ARB 24" TV digər kanallardan özünəməxsus keyfiyyətlərinə görə fərqlənir.

 

“ "ARB 24" TV Azərbaycanın işgüzar həyatını əks etdirən, cəmiyyətdə mövcud olan iqtisadi, sosial, siyasi, informasiya tələbatı, o cümlədən də, həyatımızın bütün sahələrində baş verən, davamlı məlumatları ictimaiyyətin diqqətinə çatıran bir kanal kimi ixtisaslaşıb. "ARB 24"-ün yaxşı cəhətlərindən biri də, onun dizaynından tutmuş, materiallarının təqdimatına qədər ciddi, peşəkar, düşünülmüş bir siyasət yürütməsidir. Eyni zamanda kanalın əməkdaşları da kifayət qədər peşəkar, öz işinin öhdəsindən gəlməyi bacaran, tamaşaçı ilə yaxşı kommunikasiya mədəniyyətinə malik kadrlardır".

 

Professor eyni zamanda, bu media orqanının gələcək jurnalist tələbələr, telereportyorlar üçün bir təcrübə bazası olmasından da söz açıb.

 

“Fakültəmizin tələbələri də sözügedən kanaldan çox uyğun şəkildə istifadə edir, efir etikasını qavrayır, ən əsası da müəyyən təcrübə əldə edirlər”.

 

Qulu Məhərrəmli düşünür ki, "ARB 24" gələcək günlərdə də öz peşəkarlıq səviyyəsini daha da artırmalı, auditoriyasını genişləndirməlidir.

 

“Bu telekanal getdikcə cilalanmalı, daha böyük auditoriya qazanmalı, o cümlədən də Azərbaycan ailələrinin ən sevimli kanallarından birinə çevrilməlidir. Bu yolda dəyərli həmkarlarıma uğurlar arzu edirəm”, - deyə professor əlavə edib.

 

Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aynur Nəsirova da telekanalla bağlı öz təəssüratlarını dilə gətirib.

 

“"ARB 24" televiziyası bu gün 5 ildir ki, yeni formatda fəaliyyətə başlayıb. "ARB 24" TV xəbər məktəbidir. Qəlbi xəbərlə döyünənlər bu məktəbdən ayrı qala bilmirlər".

"ARB 24"-ün onun üçün ikiqat doğma olduğunu deyən Aynur Nəsirova bu televiziyanın təməlini qoyanlardan biri olduğu ilə fəxr etdiyini bildirir.

 

"Kanal fəaliyyətə başladığı ilk illərdən BDU Jurnalistika fakültəsinin tələbələrinə qapıları açıqdır. Artıq 2 ildir ki, bu, rəsmi şəkildə həyata keçirilir. "ARB 24" TV ilə BDU arasında imzalanan müqaviləyə əsasən jurnaalistika fakültəsinin tələbələri hər il "NyusLab" təlim kursuna cəlb edilir, yekunda isə işlə təmin olunurlar". 

 

Sonda Aynur Nəsirova onu da əlavə edib ki, "ARB 24" televiziyası Azərbaycana elit xəbərçiliyi gətirib.  

 

Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Xatirə Hüseynova isə İnformator.az-a açıqlamasında bildirib ki, "ARB 24" telekanalı bu gün auditoriyanın xəbərə olan tələbatını ən mükəmməl şəkildə ödəyə bilən media orqanlarındandır.

 

“İnsanın yeməyə, suya olduğu kimi informasiyaya, ünsiyyətə, yeniliyə olan ehtiyacı da təməl ehtiyaclardandır. Bu da bir həqiqətdir ki, çağdaş dönəmdə texnologiya xəbərə çatımı nə qədər asanlaşdırsa da, doğru, obyektiv, güvəniləcək məlumat qıtlığını aradan qaldıra bilmədi”.

 

Xatirə Hüseynova "ARB 24" TV-nin peşəkarlıq baxımdan düzgün seçim olmasından bəhs edib.

 

“İzləməyə davam! 5 ildə böyük yol keçən kanalı ürəkdən təbrik edir, informasiya uğrunda bitmək bilməyən mücadilədə uğurlar arzulayıram”. 

 

Həcər Əmiraslanlı