"Vaxtımız dəyərlidir"- "ARB 24" TV-nin ümumrespublika yayımına başlamasından 5 il ötür

Bölmə: MEDİA › ,
Tarix: 17:54 27.11.2023

“5 il öncə “ARB 24” telekanalı yeni formatda yayıma başladı. İlkin dönəmlərdə daha çox iqtisadi xəbərlər əsas götürülsə də, xüsusilə də 44 günlük Vətən müharibəsi dövrü və ondan sonrakı mərhələdə siyasi gündəmin ən çox müzakirə olunduğu kanala çevrilməyə başladı”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında aparıcı, “ARB 24” telekanalının departament rəhbəri Çinarə Nurməmmədova söyləyib. Aparıcının sözlərinə görə, hazırda ARB 24-də istər siyasi, istər iqtisadi, istər sosial istiqamətlərdə xəbərlər yayımlanır.

 

“Əsas hədəfimiz gündəmi daim diqqətdə saxlamaq, proseslərə anında reaksiya vermək və ekspertlərlə müzakirə aparmaqdır. Hadisə baş verdikdə dərhal əraziyə reportyorlar ezam olunur və onlar tez-tez canlı yayımlara çıxaraq son xəbərləri çatdırırlar”.

 

Çinarə Nurməmmədovanın sözlərinə görə, operativlik önəmli olduğu qədər xəbərin dəqiq olması da onlar üçün əsas faktorlardandır.

 

“Həmçinin, təkcə, hədəf xəbəri zamanında çatdırmaq deyil, həm də hadisələrə analitik yöndən yanaşıb nəyin necə baş verdiyini ekspertlərlə təhlil etməkdir. Düşünürəm ki, əsas fərqimiz də elə bundadır. İstənilən yeni məlumatı studiyadakı qonaq və ya bağlantı vasitəsilə hər kəsin asanlıqla başa düşəcəyi sadə dillə izah etməyə çalışırıq".

 

ARB 24 telekanalında Strateji inkişaf departamentinin rəhbəri və aparıcı kimi çalışan Çinarə Nurməmmədovanın aparıcısı olduğu “İşgüzar səhər” verilişi həftəiçi hər gün 4 saat yayımda olur. Verilişdə gündəmin əsas mövzuları diqqətdə saxlanılır. Aparıcı düşünür ki, “ARB 24” əməkdaşlarını bir araya gətirən və komanda edən əsas dəyər burada çalışan hər kəsin içində böyük bir xəbər sevgisinin olmasıdır.

 

“Hər zaman deyirəm ki, xəbər sevgisi olmayan insan televiziya sahəsində uzunmüddətli çalışa bilməz. Hadisələrə operativ reaksiya vermək, bayramlarda, xüsusi günlərdə böyük həvəslə çalışmaq üçün içində o sevgini tapmalısan, əks halda televiziya yorucu bir yerə çevrilə bilər, çünki həmişə gərgin xəbərlərin içində olduğun bir mühitdir”.

 

Çinarə Nurməmmədova sonda qeyd edir ki, ümumrespublika yayımında olduqları 5 il ərzində operativ xəbərlər çatdırmağa, məlumatların detallarını şərhçilərin köməyi ilə təqdim etməyə çalışıblar.

 

"Bundan sonra da bu məsuliyyətli missiyanı davam etdirəcəyik. Bu illər ərzində bizi izlədikləri və etibar etdikləri üçün "ARB 24"ün izləyicilərinə xüsusi təşəkkürümüzü bildiririk”.

 

ARB 24-ün Efir-Studiya xidmətinin rəhbəri Orxan Quliyev isə deyir ki, “ARB 24" telekanalının studiyası Cənubi Qafqazda ən orijinal studiyalardan biri hesab olunur.

 

"Bu çəkiliş meydançası vasitəsilə biz 6 kamera ilə müxtəlif rakurslardan izləyicilərə 3 fərqli istiqamətdə verilişləri təqdim edirik”.

 

Orxan Quliyevin sözlərinə görə, 24 saat xəbər və xəbərdəntörəmə buraxılışlar yayımlayan "ARB 24" telekanalı uzunmüddətli canlı yayımları yüksək peşəkarlıqla tamaşaçılarına çatdırır.

 

“Verilişlərimizdən “İşgüzar Səhər”, “Nə deyirlər?”, “Nə baş verir?, "Peşəkar mübahisə” tamaşaçılarda böyük maraq doğurur. Hər gün fərqli ideyalar ortaya qoymaqla yanaşı, Efir-Studiya xidmətinin rəhbəri kimi həm idarəetmədə təmsil olunub, həm də bu istiqamətdə bacarıqlarımı təkmilləşdirirəm. 40-a yaxın studiya heyəti ilə, 12 saatdan artıq canlı efiri tamaşaçılarımızın diqqətinə çatdırırıq. Gün ərzində müxtəlif xarici ölkələrdən dünyada baş verən proseslərlə bağlı canlı bağlantılar edirik”.

 

Orxan Quliyev "ARB 24"-ün dünyanın müxtəlif televiziya kanalları, media agentlikləri ilə olan tərəfdaşlıqlarına da toxunur. 

 

“2019-cu ildən əməkdaşlıq etdiyimiz "Deutsche Welle" kanalına Azərbaycan tamaşaçısı böyük maraq göstərdiyi üçün efirimizin önəmli hissəsini məhz bu telekanalın filmləri tutur. "ARB 24" DW-nin ən yaxın tərəfdaşlarından biri olmaqla onlara məxsus maraqlı sənədli filmlərin, eləcə də verilişlərin tərcümə və dublyajını özü həyata keçirir və yayımlayır. Yeni, 2024-cü ildən də tamaşaçılarımıza dünyada baş verən proseslərlə bağlı yeni verilişlər təqdim etmək üçün böyük səylə çalışırıq”.

 

"ARB 24" TV-nin Vizual tərtibat xidmətinin rəhbəri Hümmət Qasımzadə isə telekanalın təməlinin qoyulduğu zamandan bu kollektivlə birgə olduğunu deyir. 

"Bu gün artıq 5 ildir ki, ARB 24 qərəzsiz və düzgün xəbərləri, məlumatları izləyicilərə ümumrespublika efirindən və fərqli formatda çatdırır. Bundan sonra da çatdırmağa davam edəcək. Mənim üçün də çox xoşdur bu telekanalın təməlinin qoyulduğu zamandan bəri əməkdaşı olmaq, xidmət etmək. 5 ildir ki, vaxtımız dəyərlidir”.

 

Həcər Əmiraslanlı