Bu gün Azərbaycan televiziyasını "ARB 24" olmadan təsəvvür etmək çox çətindir-Sabir Məmmədli

Bölmə: MEDİA › ,
Tarix: 21:00 29.11.2023

“"ARB 24" televiziya kanalı informasiya sahəsində yeni bir mərhələ olaraq qiymətləndirilir. Bu kanal bir çox xüsusiyyətlərinə görə digərlərindən fərqlənir”.

 

Bu fikirləri İnformator.az-a açıqlamasında BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru, "ARB 24" telekanalının siyasi şərhçisi Sabir Məmmədli söyləyib. Ekspertin sözlərinə görə, "ARB 24" televiziya kanalının əsas məqsədi informasiya xarakterli verilişlər təşkil edərək, kanal funksiyasını yerinə yetirməkdir.

 

“Bu mənada əvvəllər də, Azərbaycan televiziya məkanında informasiya xarakterli kanal olmaq iddiasını ortaya qoyan bir sıra kanallar da gündəmə gəlib. Bu kanallar sırasında ANS televiziyası və bir sıra telekanalların da adları qeyd olunur. Amma bu kanallar "ARB 24"-ə nəinki çatmaq, heç ona yaxınlaşmaq imkanına da malik deyillər”.

 

Sabir Məmmədli düşünür ki, "ARB 24"-ün materiallarının, verilişlərinin formatı tamamilə fərqlidir.

 

“Biz diqqət yetirsək, burada gözəçarpan cəhət ondan ibarətdir ki, birincisi bu verilişlərin adları kifayət qədər cəlbedicidir. Televiziya məkanında auditoriya, dinləyicilər, tamaşaçılar ilk növbədə verilişlərin adlarına köklənirlər. Eyni zamanda, bu verilişlərin məzmununda da çox böyük irəliləyiş var”.

 

Professorun sözlərinə görə, "ARB 24"-də bir fakt, yaxud məsələ üzrə görürsən ki, çoxsaylı ekspertlərin fikirləri səsləndirilir, mövqeyi açıqlanır, rəyləri bildirilir.

 

“Bu olduqca təqdirəlayiqdir. Fikir müxtəlifliyi cəmiyyətdə ən ali dəyərlərdən biri hesab olunur. Ekranlarda müxtəlif fikirlərin səsləndirilməsi, təkliflərin ortaya qoyulması Azərbaycan televiziya məkanı üçün olduqca əlverişli və sayılıb-seçilən bir yanaşmadır. "ARB 24" kanalının bir cəhəti də ondan ibarətdir ki, telekanalın bütün kollektivi olduqca işgüzar, çevik və operativdir. Digər kanallarda isə bu halları müşahidə etmək olmur”.

 

Sabir Məmmədli "ARB 24" telekanalının, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kollektivi ilə olduqca yaxın və doğma olmasından da söz açıb.

 

“Bunun səbəblərindən biri də, fakültənin aparıcı mütəxəssisləri və şəxslərinin bu kanalla əməkdaşlıq etmələridir. Məsələn, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri - Aynur Nəsirova da daim çalışır ki, bizim tələbələrimiz davamlı olaraq "ARB 24"-lə əlaqə yaratsınlar, gələcəkdə bu əməkdaşlıq artaraq, işə götürülmə prosesinə qədər irəliləyir”.

 

Ekspert deyir ki, kanalın bir yaxşı cəhəti də odur ki, burada məhz peşəkar jurnalistlər toplaşıb.

 

“Kanalın rəhbəri Radik İsmayılov da daxil olmaqla gözəl, yığcam, operativ jurnalist komandası burada fəaliyyət göstərir. "ARB 24" komandası jurnalistikanın sirrlərini, incəliklərini elə gözəl mənimsəyiblər ki, onlar fakültədə əldə etdikləri nəzəri bilikləri, praktikada, təcrübədə reallaşdırmaq imkanına malikdirlər. Bunu da qeyd edim ki, idarəçilik sistemində şəxslərin keyfiyyət və bacarıqları ön plana çəkilir. Başda Aynur Nəsirova, Radik İsmayılov olmaqla, digər həmkarlarımızın hər biri televiziyanın bütün xüsusiyyətlərinə əsaslanaraq, həm jurnalist kollektivi vasitəsilə, həm də Tv xüsusiyyətlərini, jurnalistikanın sirrlərini yaxşı bildiklərinə görə, cəmiyyət üçün əlverişli bir kanal formalaşdırılıb”.

 

Professor düşünür ki, bu gün Azərbaycan televiziyasını "ARB 24" kanalı olmadan təsəvvür etmək çox çətindir.

 

“Eyni zamanda, "ARB 24" televiziya kanalı BDU-nun Jurnalistika fakültəsinin məzunları ilə qarşılıqlı komplektləşdirilib. Kanal əməkdaşlarının əksəriyyəti bizim keçmiş məzunlarımız, tələbələrimiz, hətta indiki magistr tələbələrimizdir. Bu onu göstərir ki, jurnalistlər öz həmkarlarının əməyini qiymətləndirməyi bacarırlar. Bu mənada da bizim tələbələrimiz ilkin mərhələdə orada həm təcrübə keçir, həm də işlə təmin olunurlar”.

 

Sabir Məmmədli, eyni zamanda "ARB 24" və BDU arasında əməkdaşlıq müqaviləsinin imzalanmasından da söz açıb.

 

“Bu istiqamətdən informasiya dəstəyi ilə həm BDU çox qazanacaq, çünki geniş informasiyaların cəmiyyətə çatdırılması çox vacibdir, həm də "ARB 24"-də yararlanacaq. Belə ki, bizim tələbələrimiz orada təcrübə keçdikcə, özlərini göstərəcək, bacarıqlarını ortaya qoyacaqlar. Azərbaycan cəmiyyətini maraqlandıran bütün məsələlər "ARB 24"-də öz əksini tapır”.

 

Ekspertin sözlərinə görə, "ARB 24" kanalı Azərbaycanın ən köklü problemlərini, xalqımızı düşündürən məsələləri işıqlandırmağa çalışır.

 

“Məsələn, 44 günlük müharibə dövründə "ARB 24"-ün kollektivi ruh yüksəkliyi ilə Azərbaycan cəmiyyətinin səfərbər olmasında, Azərbaycanın informasiya sahəsində qarşısında duran vəzifələrin reallaşdırılmasında böyük işlər gördülər. "ARB 24" telekanalı, istər operativ informasiyaların çatdırılması məsələsində, yəni cəbhə xəttində baş verən prosesləri Azərbaycan xalqına çatdırmaq məsələsində, istərsə də ölkədə informasiya təxribatının qarşısının alınması məsələsində çox böyük uğurlar əldə etdi”.

 

Sabir Məmmədli deyir ki, İnformasiya savaşında müasir yanaşma ondan ibarətdir ki, cəmiyyət nə qədər çox obyektiv informasiya əldə etsə, bir o qədər də düşmən informasiyasının təsiri altına düşmək ehtimalı azalır.

 

“Düşünürəm ki, "ARB" Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Prezident Administrasiyasının rəsmi informasiyasını cəmiyyətə operativ çatdırmaqla çox böyük addım atdı, cəmiyyətin düzgün istiqamətləndirilməsində mühüm rol oynadı. Eyni zamanda, "ARB 24" telekanalı sonrakı dövrlərdə də, informasiya savaşında bu prosesi uğurla davam etdirdi. Məsələn, istər 2022-ci ildə, istərsə də 2023-cü ildə ekofəalların aksiyasının həyata keçirilməsi və onun işıqlandırılması, eyni zamanda əlaqədar olaraq aksiya iştirakçılarının ruh yüksəkliyinə nail olunması məsələsi gündəmə gəlirdi”.

 

Şərhçi deyir ki, bu tədbirlərlə Azərbaycan öz torpağına sahib olduğunu bir daha dünyaya nümayiş etdirdi.

 

“Ekofəalların aksiyası müasir dövrdə sivil bir dünya tərəfindən qəbul olunan aksiya idi. Düşünürəm ki, heç düşmən ölkə və onun havadarları belə bu aksiyanın reallaşmasını gözləmirdilər. Ən böyük uğurlardan biri də, sentyabr ayında Qarabağ ərazisində antiterror tədbirlərinin həyata keçirilməsi gününə təsadüf edir. İstər bundan öncə, istərsə də sonra, onun əhəmiyyəti "ARB 24" telekanalı vasitəsilə Azərbaycanın dinləyicilərinə çatdırıldı”.

 

Sabir Məmmədli deyir ki, gələcəkdə "ARB 24" kanalının fəaliyyəti ilə bağlı elmi araşdırmalar aparılacaq, fikirlər səsləndiriləcək.

 

“Bunlar hamısı onu göstərir ki, "ARB 24" həm televiziyasında aparıcıların bacarığı, iş qurma keyfiyyəti, rəhbərliyin işi təşkil baxımdan uğurları, verilişlərin formatı, aparıcıların, işçilərin məsuliyyəti, operativliyi təqdirəlayiqdir və böyük zəhmət tələb edir. Televiziya sistemində istər prodüserlərin, istərsə də aparıcıların verilişlərin təşkilində onların çox böyük rolu və əməyi hiss olunur. Verilişlərin təşkilində, onların formatlarının müəyyənləşdirilməsində, informasiya axarının müəyyən edilməsində redaktorlardan istər Gülnar xanım, istər Nəzrin xanım, istərsə də digər redaktorların fəaliyyətləri keyfiyyət baxımdan çox yaxşıdır”.

 

S. Məmmədli sonda əlavə edir ki;

 

“Düşünürəm ki, bizim həmkarlarımızın öz peşələrinə yüksək səviyyədə sahib olmaları bu kanalın qüdrətini daha da artdıracaq, auditoriya kütləsini genişləndirəcək”, - deyə ekspert yekunlaşdırıb.

 

Həcər Əmiraslanlı