YALÇIN MÜƏLLİMİN "YAŞIL İŞIĞI"- Jurnalistlər müəllimləri ilə vidalaşırlar

Bölmə: MEDİA › ,
Tarix: 11:19 03.12.2023

 

    Yalçın Əlizadə... Bu ad və soyad məni 29 il əvvələ aparır məni. 1994-cü il, 1-ci kurs, 2-ci semestr, ixtisaslara seçim üçün müsahibə mərhələsi. Qrupumuzda çoxları Televiziya və radio jurnalistikası kafedrasına düşmək üçün can atırdı. Kafedra müdiri Yalçın Əlizadənin zəhmi hamımızı qorxutsa da, televiziya və  radioya olan həvəs bu qorxuya qalib gəlirdi. Aydın məsələ idi ki, istəyənlərin hamısı arzusuna çatmayacaq. Başqa ixtisaslara düşənlər də olacaq. Ancaq yenə də heç kim özünü şanslıların qrupunda görmək həvəsindən əl çəkmirdi. Mən şanslılardan oldum.

   Məhz həmin həvəsin nəticəsidir ki, 29 ildir zəhmindən qorxduğum insanın - Yalçın müəllimin göstərdiyi yol və bu yolda yandırdığı yaşıl işıq sayəsində Jurnalistika fakültəsinin bir parçasıyam. Bakalavriat, magistratura, dissertantura...

   Hər üç pillədə elmi rəhbər kimi məhz Yalçın müəllimin məsləhətlərindən yararlanmışam. “Hər kim 100 il yaşamasa...” (Mirzə Babayev və Nəsibə Zeynalova ilə müsahibə) başlıqılı diplom işi işləmək istəyimə qarşı çıxmasa da, siyahıda diplom rəhbəri kimi Yalçın müəllimin adını oxuyanda - “bu müddət çox çətin olacaq”,- fikirləşmişdim. Düşündüyüm kimi də oldu. Korifeylərə ünvanlayacağım suallara görə üç ay ayaq döydüm dekanlığa. Üstəlik həmin dövrdə hər iki xalq artistinin səhhəti o qədər də yaxşı deyildi. Narahatlığım öz işimlə yanaşı, həm də onların səhhəti ilə bağlı idi. Bunların üzərinə Yalçın müəllimin tələbkarlığını da əlavə edəndə, situasiya daha da dramatikləşirdi gözümdə. Amma geriyə yol da yox idi. Hesabatı Yalçın Əlizadəyə veriləcək işdən nəinki yayınmaq, heç bu barədə düşünmək də ağlasığmaz məsələ idi. Tələbə-jurnalist kimi işin məsuliyyəti məni çox qorxutsa da, bütün çətinliklərə baxmayaraq nəhayət veriliş Yalçın müəllimin imtina etməyəcəyi səviyyədə hazır oldu və Azərbaycan radiosunun “Musiqili görüşlər” proqramında efirə verildi...  

  Magistraturanı bitirdikdən sonra Yalçın müəllim mənə dissertant olmaqla yanaşı fakültədə işləməyi təklif etdi. Hələ ki jurnalist fəaliyyətimi davam etdirmək istəyində olduğumu bildirdim. Etiraz eləmədi Yalçın müəllim...

Elmi rəhbərimlə razılaşdıq – qısa müddət ərzində elmi fəaliyyətimi də davam etdirəcəkdim. Bu qısa müddət ərzində bir sıra çap və elektron mediada - televiziyada çalışdım. 2002-ci ildə fakültəyə Jurnalistika fakültəsinin Tədris Televiziya Studiyasının müdiri kimi qayıtdım. Dissertant olaraq dəyişməz elmi rəhbərimlə mövzu üzərində məsləhətləşmələrə də elə o vaxtdan başladıq.  

  Artıq Yalçın Əlizadə Jurnalistika fakültəsinin dekanı, mən isə müəllim idim. Onu tanıyanlar nə qədər tələbkar olduğunu çox gözəl bilirlər. Heç yadımdan çıxmaz, sənədlərimlə bağlı rektorluğa getdiyim üçün dərsə 5 dəqiqə gecikdim. Fikirləşirdim, dərsə gecikməyim problem olmaz. Amma dəhlizdə məni gözləyən dekanı görəndə yanıldığımı və möhkəm danlanacağımı anladım. Düşündüyüm kimi də oldu, auditoriyaya göz yaşlarımı silərək daxil oldum. Dərs bitdi, dəhlizə çıxdım, yenə qarşımda Yalçın müəllimi gördüm, amma tamam fərqli əhvalda. Otağına çağırdı, sanki bir saat əvvəlki adam deyildi. Dörd ildən artıq idi müəllim kimi hər gün auditoriyaya girsəm də, ancaq o zaman anladım bu peşənin gerçək məsuliyyətini.

  Müəllimimin növbəti etimadını BDU-da vəzifədə olanların dərs yükünün azaldılması ilə bağlı qərar çıxarkən gördüm. Məzuniyyətdə olarkən fakültədən zəng edib, “təcili Yalçın müəllimin  yanına gəl”, dedilər. Düzü, elmi işimlə bağlı problem olduğunu düşündüm. Lakin yanılmışdım. Yalçın müəllim Televiziya və radio kafedrasının iki əsas fənnindən birini, illərdir özünün tədris etdiyi “Radio jurnalistikasının əsasları” fənninin yeni tədris ilindən mənə verildiyini dedi. Əlavə etdi ki, bir aya yeni mühazirələrlə səni gözləyirəm. Heç gözləmədiyim təklif olduğu üçün imtina etdim. Nə qədər “hazır deyiləm”, “çox az vaxt qalıb” və digər bu kimi bəhanələr gətirsəm də, dərsə gecikdiyim zaman gördüyüm ciddiyyətlə məni susdurdu...

  Xəstəliyi ilə əlaqədar fakültədən uzaqlaşdığı zamanlarda belə, dəstəyini əsirgəmədi Yalçın müəllim öz tələbələrindən. Magistratura səviyyəsində dərslərə girmək üçün elmi dərəcəm olmasa da, Yalçın müəllim yenə də yaşıl işığını yandırdı. Səhhəti ilə əlaqədar dərslərdən imtina edərkən, "magistraturadakı dərslərimi Aynura verin" dedi... 

   Sonuncu uğurumu – Beynəlxalq Jurnalistika və informasiya siyasəti kafderasının müdiri vəzifəsinə sənədlərimi verməzdən əvvəl Yalçın müəllimə zəng vurub, “müəllim, proqnozlarınız həmişə olduğu kimi yenə də özünü doğruldur, deyəsən” deyəndə bir dəqiqəlik sükutunda hiss elədim bir daha Ustadın böyüklüyünü.

  Yalçın müəllim heç vaxt dəyişmədi. Öz müəllim qüdrətini, böyüklük keyfiyyətini, bir insan kimi müsbət tarazlığını həmişə qoruyub saxlaya bildi. Əslində Yalçın Əlizadə bu keyfiyyətləri özündə sonradan, süni şəkildə yaradıb formalaşdırmamışdı. O elə əvvəldən belə idi. Dürüst, tələbkar və qayğıkeş. Elə bu cür olduğuna görə də istər dekan olduğu dövrdə, istərsə də indi ƏSL MÜƏLLİM olaraq xatırlanacaq insanlardandır Yalçın Əlizadə.

  Mənim üçün açdığı bu yolda addımlayarkən düşünürəm ki, YALÇIN ƏLİZADƏ özündən sonrakı illərin Jurnalistika fakültəsini də formalaşdırdı. Bu gün tək mənə yox, fakültənin bir çox kadrına yaşıl işıq yandıran USTADla vidalaşırıq.... Məkanın cənnət olsun, USTAD!!! Nəsir Əhmədli kimi sizinlə də cismən vidalaşarıq...

 

 

Aynur Nəsirova

BDU, Jurnalistika fakültəsi,

Beynəlxalq junalistika və

informasiya siyasəti kafedrasının müdiri