Media dünyasına ağır itki-Yalçın Əlizadə vəfat etdi

Bölmə: MEDİA › ,
Tarix: 12:23 03.12.2023

BDU-nun professoru Yalçın Əlizadə vəfat edib.

 

İnformator.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin professoru, filologiya üzrə fəlsəfə doktoru Yalçın Mustafa oğlu Əlizadə 83 yaşında vəfat edib.

 

Mərhumun jurnalist həmkarları hadisə ilə bağlı sosial media hesablarında paylaşım ediblər.

 

BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının baş müəllimi Əli Hacıyev:

 

Yalçın müəllim peşəkar jurnalist, gözəl pedaqoq, prinsipial və mərd insan kimi yaddaşımızda qalacaq. Onu tanıdığım 40 ildən artıq bir dövr ərzindəki müşahidələrim bunları deməyimə əsas verir. Xüsusilə də, onun Jurnalistika fakültəsinin dekanı olduğu müddətdə öz işinə necə ciddi yanaşdığının, müəllim həmkarlarından da işlərinə məsuliyyətli yanaşma tələb etdiyinin, bacarıqlı təşkilatçı olduğunun şahidi olmuşdum. Heç təsadüfi deyil ki, o, dekan olduğu dövrlər Jurnalistika fakültəsi Bakı Dövlət Universitetində dəfələrlə ilin fakültəsi adına layiq görülmüşdü.

 

Jurnalistika fakültəsi respublikamızda ilk çoxballı sistemə və Bolonya prosesinə qoşulan fakültə olub. Təbii ki, bu seçim də təsadüfi deyildi. Universitet rəhbərliyi Yalçın müəllimin necə təşkilatçı və prinsipial olduğunu bildiyindən bu etimadı məhz fakültə kollektivinə göstərmişdi. O, gözəl ziyalı olmaqla yanaşı, həm də bacarıqlı tədqiqatçı alim idi. Allah rəhmət eləsin!

 

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu:

 

Acı xəbər aldıq...Dəyərli müəllimimiz, ustadımız, 13 il fakültəmizə rəhbərlik etmiş dekanımız, professor Yalçın Əlizadəni itirdik...Ondan hər birimiz nəsə öyrəndik, hər zaman məsləhətləri ilə yanımızda oldu, dəstəyini hiss etdik... Allah rəhmət etsin!

 

Tanınmış jurnalistin vəfatı ilə əlaqədar “Medianın İnkişaf Agentliyi”-də sosial media hesabında paylaşım edib.

 

 

 

Həcər Əmiraslanlı