Jurnalistlərin çətin günü-BDU-nun professoru dünyasını dəyişdi

Bölmə: MEDİA › ,
Tarix: 13:02 03.12.2023

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Yalçın Mustafa oğlu Əlizadə dünyasını dəyişib.

 

Bu barədə fakültənin müəllimi Əli Hacıyev bildirib. O, qeyd edib ki, Y.Əlizadə bu gün 83 yaşında vəfat edib.

 

Xatırladaq ki, Y.Əlizadə uzun illər Jurnalistika fakültəsinin dekanı işləyib.

 

Mərhumun jurnalist həmkarları, yaxınları hadisə ilə bağlı sosial media hesablarında öz xatirələrini dilə gətiriblər.

 

AzTV-nin Televiziya və Radio Akademiyasının prorektoru, Media və İnformasiya Savadlılığı Mərkəzinin rəhbəri Almaz Mahmud:

 

İllər əvvəl eks-dekan, professor Yalçın Əlizadə, kafedra müdiri kimi növbəti seçkidə də olmadı, yaşına görə. Müəllimlər otağında yeni seçilən kafedra müdirini təbrik etdi və soruşdu: Qızım, mən harda əyləşəcəm, zəhmət olmasa yerimi göstərin". Vəzifənin də, kürsünün də nə olduğunu bilən bu böyük insan, sadə və zəngin yanaşması ilə hər zaman bizə örnək oldu. Allah sizə rəhmət etsin! Bu gün sizinlə vidalaşırıq, əbədi olaraq…

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparııcı məsləhətçisi Billurə Aslanqızı:

 

1996-cı ildən (1-ci kursa qəbul olunandan) son günlərə qədər əlaqəm kəsilmədi Yalçın müəllimlə...Kafedra müdirim, dekanım,bakalavrda diplom rəhbərim,aspiranturada elmi rəhbərim,məni Azərbaycan Televiziyasına ilk yönləndirən, məsləhətini əsirgəməyən, hər zaman dəstəyini hiss etdiyim ustadım - Yalçın Əlizadə! Məni auditoriyaya ilk dəfə müəllim kimi təqdim edən, qiymətimi verən, hər dəfə zəngləşəndə kafedradaki işlərimlə doğma bir insan kimi maraqlanan, əziz müəllimim! Ruhun şad olsun, yerin cənnət olsun!!!

 

Fakültə müəllimi, yeni media üzrə mütəxəssis Səbinə İzzətli:

 

Zəhmli idi, ancaq bir o qədər də bağışlayan idi! Yalçın Əlizadə bizim həm müəllimimiz, həm də dekanımız olub! Dəhlizdə onu görəndə bilmirdik hansı səmtə yol alaq, çəkinirdik, amma sayğımızdan. Az öncə eşitdim ki, dünyasını dəyişib. Allah rəhmət eləsin, professora. Radio jurnalistikamızın ilk tədqiqatçılarından idi, olduqca sadə idi!

 

 

 

Həcər Əmiraslanlı