“Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda” kitabı təqdim edildi

Bölmə: MEDİA › ,
Tarix: 11:15 12.12.2023

      AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Sevil Həsənovanın “Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda” kitabının təqdimat mərasimi baş tutub. Tədbiri akademik Teymur Kərimli açaraq monoqrafiya haqqında fikirlərini bildirib: "Hörmətli tədbir iştirakçıları! Bildiyimiz kimi H.Cavid yaradıcılığı uzun illər tədqiqata cəlb edilib və bu gün də edilməkdədir. Ədibin fəlsəfi və pedaqoji görüşləri, dramaturguiyası, poeziyası haqqında çoxsaylı məqalələr, elmi, bədii əsərlər, monoqrafiyalar, dissertasiyalar yazılıb, elmi ictimaiyyətin ixtiyarına verilib. Lakin bədii-publisistik yaradıcılığı geniş şəkildə tədqiq edilməmişdir. Hörmətli alimlərimizdən Kamran Məmmədov, Qulam Məmmədli, İzzət Rüstəmov, Mənzər İbrahimova ədibin publisistik yaradıcılığı haqqında maraqlı və dəyərli fikirlər söyləsələr də geniş şəkildə tədqiqata cəlb etməmişlər. Məhz bu monoqrafiyada H.Cavid əsasən dövrünün istedadlı bir publisisti kimi təqdim edilir. Sevil xanım ədibin 1903-cü ildən 1937-ci ilin may ayına kimi dövrü mətbuatda çap olunan bədii-publisistik məqalələrini, resenziyalarını, çıxışlarını bütövlüklə tədqiqata cəlb edib. Təhlillər aparıb, maraqlı fikirlər söyləyib". Ardınca çıxış üçün söz AMEA Folklor İnstitutunun direktoru akademik Muxtar İmanova verilib. O, monoqrafiya haqqında müfəssəl çıxış edib: "Monoqrafiyanı gözdən keçirərkən bəlli olur ki, Sevil xanım təkcə H.Cavidin publisistikasını tədqiqata cəlb etməklə kifayətlənməyib. Kitab müəllifi həm də dövrü mətbuatın, elmi ictimaiyyətin H.Cavid yaradıcılığına, şəxsiyyətinə münasibətini də əsərində əks etdirib. Ümumiyyətlə Sevil xanım H.Cavid yaradıcılığı ilə 20 ildən çoxdur ki, məşğuldur. Onun namizədlik mövzusu da H.Cavid yaradıcılığına həsr edilib. Bu mövzuda çoxsaylı elmi, bədii məqalələri, üç monoqrafiyası, bir dərsliyin, bir dərs vəsaitinin və s. əsərləri var. Bu əsərlər, xüsusən də bu gün təqdimatına yığışdığımız “H.Cavidin ədəbi-bədii irsi mətbuatda” adlı monoqrafiya cavidşünaslıq elminə verilən dəyərli töhfələrdən biridir". Sonra monoqrafiya haqqında Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli, filologiya elmləri doktoru, professor Allahverdi Məmmədli, filologiya elmləri doktoru, professor Abid Tahirli, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, tarix elmləri doktoru, professor Nəsiman Yaqublu, İravan Dövlət Dram teatrının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev, "Kaspi" qəzetinin baş redaktoru, əməkdar jurnalist İlham Quliyev və başqaları maraqlı və dəyərli fikirlər söyləyiblər. Tədbirdə H.Cavidin böyük qardaşı Şeyx Məhəmməd Rasizadənin nəticəsi BDU-nun Jurnalistika fakültəsinin tələbəsi Aysel Babayeva da iştirak edərək ürək sözlərini söyləyib. Sonda S.Həsənova qonaqlara təşəkkür edib, xatirə şəkilləri çəkilib.