Bakı Dövlət Universiteti Üsküdar Universiteti ilə əməkdaşlığa başlayır

Bölmə: MEDİA › ,
Tarix: 09:30 14.12.2023

  BDU və Üsküdar Universitetinin birgə təşkilatçılığı ilə Beynəlxalq elmi konfrans keçirilib.

 

Bakı Dövlət Universiteti (BDU) və Üsküdar Universitetinin birgə təşkilatçılığı ilə “Müasir türk dünyası jurnalistikası: problemlər və çağırışlar” mövzusunda onlayn Beynəlxalq elmi konfrans keçirilib.

 

Konfransı giriş sözü ilə açan BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev 2023-cü ilin Azərbaycan və Türkiyə üçün əlamətdar olduğunu bildirib: “Bu il Azərbaycanın və türk dünyasının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini böyük sevgi və ehtiramla qeyd edirik. Bu il Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz tərəfindən suverenliyimiz tam bərpa olundu. Bu il eyni zamanda qardaş Türkiyə Cümhuriyyəti qurulmasının 100-cü ildönümünü qeyd edir. Ortaq tariximiz, maraqlarımız türkdilli dövlətlərin media sahəsində əməkdaşlığında da yeni çağırışlar ortaya qoyur. Beynəlxalq arenada rast gəlinən dezinformasiyalara qarşı birgə mübarizə aparılması, dünya ictimaiyyətinin düzgün məlumatlandırılması, müxtəlif media təmsilçiləri ilə tərəfdaşlığın qurulması artıq günün tələbinə çevrilib”.

Əliş Ağamirzəyev bildirib ki, artıq BDU-nun Jurnalistika fakültəsi və Üsküdar Universitetinin Kommunikasiya fakültəsinin arasında ikili diplom məsələsi ilə bağlı danışıqlar son mərhələdədir.

 

Üsküdar Universitetinin Kommunikasiya fakültəsinin dekanı Süleyman İrvan, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev də çıxışlarında belə tədbirlərin önəmini vurğulayıb, qarşılıqlı əməkdaşlığın hər iki universitetə fayda verəcəyini bildiriblər.

 

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid isə Vətən müharibəsinin türk dünyası mediasının həmrəyliyi baxımından müstəsna əhəmiyyət daşıdığını deyib. O, müharibə günlərində Azərbaycan və Türkiyə mediasının erməni mediasının, lobbi və diaspor təşkilatlarının yalanlarına, dezinformasiyalarına qarşı müştərək fəaliyyətini uğurlu qiymətləndirib. Eləcə də digər türkdilli xalqların media orqanları və birlikləri Azərbaycanın haqq işinə dəstək göstəriblər. Qarabağ zəfərinin əldə edilməsində informasiya müharibəsindəki bu uğurun da öz payı var. Rəşad Məcid türk dünyasının media orqanları arasında əməkdaşlığın daha da güclənəcəyinə əminliyini bildirib.

 

Konfrans bölmə iclasları ilə davam edib. Qeyd edək ki, çıxışçılar arasında BDU və Üsküdar Universitetinin professor və müəllim heyəti ilə yanaşı, Azərbaycan, Türkiyə və türkdilli ölkələrin ali təhsil müəssisələrinin nümayəndələri də var.