Bir var şəxsiyyət, bir var sənətkar...
Bölmə: Hadisə › ,Tarix: 12:58 14.12.2023
Azərbaycan teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli Xalq artisti Ramiz Məlik (Ramiz Ağarza oğlu Məlikov) vəfat edib. Ramiz Məlik uzun müddət idi ki, onkoloji xəstəlikdən müalicə olunurdu.
"Biri var ki, şəxsiyyət, biri var sənətkar... Ramiz Məlik məhz həm şəxsiyyət, həm də sənətkar idi. Onun həm şəxsiyyəti, həm də sənətkarlığı dəmir yolu relsləri kimi paralel gedirdi". Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı informator.az-a açıqlamasında xatirələrini bölüşüb. Aktrisa bu xəbəri alarkən Bakı Dövlət Universitetində (BDU) dərsdə olduğunu və çox üzüldüyünü vurğulayıb.
"Xəstə olduğunu bilirdik, amma hər zaman Allahdan ona şəfa diləyirdik".
Zülfiyyə Eldarqızı Ramiz Məliklə bağlı xatirələrindən bəhs edib, bildirib ki, çox insanların, aktyorların haqqını qoruyurdu.
" Hətta mən öz taleyimdə də bunu hiss etmişəm. Bizm teatrda problemlərimiz var idi, direktor bizi incidirdi, amma Ramiz Məlik buna biganə qala bilmirdi. Bəzən görürük ki, bəzi sənət adamları öz sənətindən olan insanlar haqqında nəsə olanda bu məsələyə laqeyd qalır, amma Ramiz Məlik belə deyildi. O, əgər hansısa bir haqsızlıq olurdusa, mütləq şəkildə buna münasibətini bildirirdi, haqqın tərəfində olurdu. Ramiz Məlik bizi həmişə müdafiə edirdi".
Aktrisa mərhumun əvəzolunmaz olduğunu düşünür.
"Elə insan, şəxsiyyət, sənətkardır ki, bəzən deyirlər ki, əvəzolunmaz insan yoxdur, Ramiz Məlik məhz əvəzolunmaz biri idi. Onun yeri həmişə görünəcək".
Zülfiyyə Eldarqızı çox kədərli olduğunu deyir və qeyd edir ki, onun oynadığı rollar-istər filmdə, istər teatr tamaşalarında həmişə bizim qəlbimizdə olacaq.
"Nə qədər ki, Azərbaycan teatrı və kinosu var, Ramiz Məlik yaşayacaq".
Aktrisa sonda sənətkarımızın məkanı cənnət, yeri behişt olsun deyərək fikrini tamamlayıb.
Allah rəhmət etsin!
Aynur Babayeva