Jurnalistika peşəsi həmişə təhlükəli peşə hesab olunub-Vüqar Zifəroğlu

Bölmə: MEDİA › ,
Tarix: 21:21 14.12.2023

Fələstin-İsrail münaqişəsi nəticəsində Qəzza zolağında 86 jurnalist həlak olub. Bu barədə Fələstin anklavı hökumətinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, ölənlərin üçü qadındır.

 

BDU-nun Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu bu barədə fikirlərini informator.az saytı ilə bölüşüb.

 

O qeyd edir ki, jurnalistika peşəsi həmişə təhlükəli peşə hesab olunub. Hətta, ən təhlükəli peşələr sırasında ilk üçlüyə daxildir.

 

"Qaynar nöqtələrdə, İsrail-Fələstin müharibəsində, Rusiya-Ukrayna müharibəsində dəfələrlə buna şahid olmuşuq. Jurnalistlərin həyatının təhlükə altında olması və hətta onların bu döyüşlər zamanı qətlə yetirilmələrini görməkdəyik. Jurnalistlərin təhlükəsizliyi və onların təhlükəsiz şəkildə öz peşə borclarını yerinə yetirməsi çox vacib bir məqamdır".

 

Vüqar Zifəroğlu təəssüf hissi ilə bildirir ki, jurnalistlərin qaynar nöqtələrdə öz işlərini təhlükəsiz şəraitdə həyata keçirmələri üçün bu və ya başqa şəraitdə konflikt zonalarda diqqət ayrılmır.

 

"Başqa bir məqam isə, ümumiyyətlə, jurnalistlərin konflikt vəziyyətlərdə, məkanlarda və yerlərdə fəaliyyətlərini necə həyata keçirmələri ilə bağlı müxtəlif qaydalar var. Bir çox hallarda konflikti aparan tərəflər bu qaydalara əməl etmir. Bu da jurnalistlərin həyatını risk altına salır. Nəticədə, biz bu gün İsrail-Fələstin münaqişəsində təqribən 90-a yaxın jurnalistin qətlə yetirilməsinin şahidi olmaqdayıq".

 

Jurnalist qeyd edir ki, beynəlxalq jurnalist təşkilatları hesabatlarda, sənədlərdə bu rəqəmləri qeyd etsələr də, bununla bağlı müəyyən bəyanatlar, açıqlamalar versələr də, biz bir işlək mexanizmin ortaya qoyulmasını görməliyik. 

 

"Bu mexanizm, jurnalistlərin bu cür konflikt zonalarda peşə fəaliyyətlərini yerinə yetirmələri üçün, sərbəst və eyni zamanda təhlükəsiz format yaratmalıdır".

 

Vüqar Zifəroğlu sonda onu da qeyd edir ki, bütün bunların nəticəsidir ki, biz həmkarlarımızın öz peşə borclarını yerinə yetirərkən həyatlarını itirməklərini izləməli oluruq.

 

Gülay Qəribova