Bu gün Akif Rüstəmovun doğum günüdür

Bölmə: MEDİA › ,
Tarix: 12:17 19.12.2023

Dekabrın 19-u Bakı Dövlət Universitetinin filologiya üzrə fəlsəfə doktoru, professor Akif Rüstəmovun 84 yaşı tamam olur. Böyük və mənalı ömrünün 50 ildən çoxunu jurnalistika fakültəsinə həsr edən Akif Rüstəmov öz elminin ustadı olmaqla yanaşı, həyatı boyu bütün insani keyfiyyətləri ilə seçilib. Özünün də dediyi kimi; Vəzifə müvəqqətidir, gərək elə işləyəsən ki, vəzifədən gedəndən sonra da sənə salam verənlərin sayı azalmasın", -Akif Rüstəmov məhz bu cür insanlardandır.

 

Tərəddüd etmədən demək olar ki, bu gün təkcə onun üçün yox, BDU-nun tələbə və müəllim kollektivi üçün əlamətdar gündür. Axı “Məndə olan yaxşı nə varsa, universitet kollektivinə, xüsusilə də jurnalistika fakültəsinin əməkdaşlarına borcluyam”- deyən Akif Rüstəmov kimin sevimlisinə çevrilməz ki?!

 

Elə BDU-nun jurnalistika fakültəsi Yeni media və kommunikasiya kafedrasının müdiri  Xatirə Hüseynovanın dediyi kimi- Akif Rüstəmov Azərbaycanda jurnalistikanın tədrisi sahəsində öz sözünü demiş alim, ziyalıdır. 

 

"Böyük jurnalist ordusunun - BDU-nun jurnalistika fakültəsini 1970-ci illərdən bu yana bitirənlərin ilk müəllimidir. Pedaqoji sahədə addım-addım irəliləyib, yəni sıravi laborantlıqdan dekanlığa qədər".

 

Xatirə müəllimin tələbəliyi məhz Akif müəllimin dekanlığı dövrünə təsadüf edib.

 

 "Hər birimizə böyük diqqət və qayğı göstərirdi. Çətinliyə düşən kimi otağının qapısında idik. Biz tələbələri axıra kimi dinləyər, çox vaxt da dərhal problemlərimizi həll edərdi".

 

O qeyd edir ki, Akif müəllim 10 illik dekanlığı dönəmində professor Nəsir İmanquliyevin, Nurəddin Babayevin, Şirməmməd Hüseynovun qoyduğu ənənələri uğurla davam etdirdi.

 

 "Fakültəmiz təkcə Bakı Dövlət Universitetində deyil, bütün ölkədə saflıq, təmizlik, ədalət simvoluna çevrildi. Hərdən qonşu fakültələrin tələbələri bizə qısqanclıqla yanaşırdılar".

 

 

Xatirə Hüseynova əlavə edir ki, tale elə gətirib ki, indi də Akif müəllimlə eyni kafedrada çalışıram. 

 

"Ustadımız yenə eyni həvəs və sevgi ilə bizdən məsləhətlərini əsirgəmir. Onunla söhbət Azərbaycan jurnalistikasının böyük bir dövrünə işıq salır. Hər dəfə bir-birindən maraqlı xatirələrini, elmi-nəzəri, praktik tövsiyələrini dinlədikcə biz də zənginləşirik".

 

 

Müsahibimiz sonda öz müəlliminə ürək sozlərini bildirib: 

 

"Sizə sağlamlıq arzulayıram, əziz müəllimim! Tələbə sevgisi Sizi tərk etməsin"!

 

Jurnalistika fakültəsində işə başlayanda ilk ünsiyyət yaratdığı adamın Akif müəllim olduğunu deyən Multimedia və elektron kommunikasiya kafedrasının baş müəllimi Əli Hacıyev Akif Rüstəmovla bağlı təəssüratlarından söz açıb.

 

"Sadəlik, xeyirxahlıq və dürüstlük Akif müəllimin qayəsidir. Qədim çin mütəfəkkiri Konfutsi deyirdi ki, ən yaxşı insan fərq qoymadan hamıya yaxşılıq edəndir. Akif müəllim də yaxşılıq etdiyi insanların fərqinə varmır. Eyni zamanda təbiətcə sakit olan Akif müəllim bir xeyirxah insan kimi elədiyi yaxşılığı heç vaxt üzə vurmur".

 

Əli Hacıyev deyir ki, Akif müəllimin otağının qapısı hamının, xüsusilə də tələbələrin üzünə daima açıqdır. 

 

"Onun tələbələrə münasibəti təkcə müəllim-tələbə münasibətilə bitmir. Bu həm də, əgər belə demək mümkündürsə, övlada münasibətidir. O, həmişə tələbələri təmkinlə dinləyib, qərarını verir. O, bu illər ərzində neçə-neçə tələbəni universitetdən xaric olunmaqdan xilas etmiş, haqsızlığa yol verməmişdir. Fakültəni bitirən tələbələr çox yaxşı bilir ki, Akif müəllim öz yaxşılığını əməlində sübuta yetirir".

 

Əli müəllimin sözlərinə görə, Akif Rüstəmov dekan vəzifəsindən getsə də, bizim üçün həmişə mənəvi dekandır və dekan olaraq da qalacaq.

 

Əziz və dəyərli professorumuzu doğum günü münasibətilə təbrik edir, ona sağlam və uzun ömür yolu arzu edirik! 

 

Aynur Babayeva