"Media savadlılığı" konfransı keçirilib

Bölmə: MEDİA › ,
Tarix: 17:55 21.12.2023

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Media Savadlılığı” həftəsi çərçivəsində 500 gəncin iştirakı ilə “Media Savadlılığı” konfransı keçirilib.

‘’Media savadlılığı’’ konfransı və konfransın gedişatı haqqında Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Hüseynova informator.az saytına verdiyi açıqlamada bildirib ki, media savadlılığı cəmiyyətin saxta xəbərlərdən qorunmasında güclü qalxan rolunu oynayır. 

 

"Media savadlılığı fərdə alınan bilgi, yayımlanan informasiyalar arasında dəyərləndirmə aparmağı öyrədərək "bilgi kirliliyi"nin qarşısını almağa kömək edir".

 

Xatirə Hüseynova düşünür ki, media savadlılığı topluma informasiyanı süzgəcdən keçirmək, çevik dəyərləndirmək, doğru qərar vermək, dəqiq kontent hazırlamaq qabiliyyətini qazandırır.

 

"Bu baxımdan Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən sayca 2-ci "Media savadlılığı" konfransı faydalı olmaqla yanaşı, media sahəsində maarifləndirmə istiqamətində atılmış ən uğurlu addımlardandır".

 

Müsahib qeyd edir ki, texnoloji inkişafın belə sürətlə baş verməsi, informasiyaya çatımın bu qədər asan olması fonunda gənclərin iştirakı ilə belə bir konfransın keçirilməsini dezinformasiyaya qarşı mübarizəyə töhfə kimi dəyərləndirmək olar.

 

"Çünki media savadlılığının artması dezinformasiyanın yayılması risklərini azaldır, gənclərin kibercinayətkarlığın qurbanına çevrilməsini əngəlləyir".

 

 Xatirə xanım eyni zamanda qeyd edir ki, Medianın İnkişafı Agentliyi "Media savadlılığı" həftəsi çərçivəsində "medialiteracy.media.gov.az" portalını da təqdim etdi.

 

"Belə bir platformanın gənclərin istifadəsinə verilməsi Azərbaycanda media savadlılığı istiqamətində görülmüş təqdirəlayiq işlərdəndir".

 

Konfransla bağlı Bakı Dövlət Universitetinin müəllimi, yazar, jurnalist Kənan Novruzov informator.az-a verdiyi açıqlamada bildirib ki, konfrans xüsusi əhəmiyyətə malik idi.

 

"Təkcə ‘’media savadlılığı’’ konteksində yox, ümumiyyətlə jurnalistikaya böyük bir töhfə idi. Konfrans çox təqdirəlayiq idi, davamlı olmalıdır".

 

Müsahibin sözlərinə görə həmin konfransa jurnalistika fakültəsinin tələbələrinin də cəlb olunması müsbət qiymətləndirilməlidir.

 

Kənan Novruzov deyir ki, mövzu və istiqamət özü də xüsusi seçilmişdir.

 

"Media savadlılığı bu gün yalnız jurnalistlər üçün yox, əsasən də qeyri-jurnalistlər üçün lazımdır. Jurnalist onsuzda bunu az-çox bilir, eyni zamanda bunu sürücü də, psixoloq da, şagird və tələbə də bilməlidir. Çünki, media savadlılığı fenomeni insanların şüurunun idarə olunmasına imkan vermir".

 

Müsahib əlavə edir ki, Türkiyə prezident administrasiyasının kommunkasiya idarəsinin rəhbəri Fəxrəddin bu gün dünyada informasiya yox, dezinformasiya müharibəsi getdiyini deyir. Və belə olduğu təqdirdə dezinformasiyanın insanların şüuruna təsir imkanı kifayət qədər çoxdur.

 

Kənan Novruzov sonda vurğulayıb ki, biz də özümüzü dezinformasiyalardan qorumaq üçün, media savadlılığı ilə tanış olmalıyıq. Konfranslar bu əhəmiyyətə malik olduğu üçün, çox faydalı idi.

 

SEVİNC YARMƏMMƏDOVA