Günün mübarək, Azərbaycan Televiziyası!-Xatirə Hüseynova

Bölmə: MEDİA › ,
Tarix: 18:42 14.02.2024

Bu gün Az TV-nin yaranmasından 68 il ötür. Bakı Televiziya Mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanılıb. Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində - Mehdi Hüseyn, 1 ünvanında seçilib.

 

Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verilib. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanıb.

 

Bu barədə informator.az-a BDU-nun (Bakı Dövlət Universiteti) jurnalistika fakültəsi Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova açıqlamasında bildirib ki, Bakı televiziya studiyası 1956-cı il fevralın 14-də fəaliyyət göstərməyə başlayıb.

 

"İlk yayım günü ekranda görünən gənc aktrisa Nəcibə Məlikova “Göstərir Bakı!” kəlməsi ilə böyük tarixə başlanğıc verib".

 

Müsahib qeyd edib ki, həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş olunub. O gün bu gündür, milyonlar bu mavi ekranın cazibəsindədir.

 

"Mərkəzi yayımı nəzərə almasaq, Azərbaycan televiziyası uzun illər ölkədə auditoriyanın maariflənməsi, informasiyalanması ilə təkbaşına məşğul olan audiovuzual media olub. Sonradan onun şinelindən çıxan telekanallar bu yükü paylaşmağa çalışsalar da ana televiziyanın yeri həmişə başqa olub".

 

Xatirə Hüseynova əlavə edib ki, AzTV bu gün proqram müxtəlifliyi, format çeşidləri ilə tamaşaçısını sevindirir.

"Xüsusilə xəbər buraxılışlarında operativliyin artmasını, xəbərin çatdırılma üsullarının müxtəlifliyinin qorunmasını, faktla işləmək qabiliyyətin cilalanmasını, peşəkar aparıcı və reportyor işini yüksək qiymətləndirmək olar.

Əslində bu gün bütövlükdə Azərbaycan teleməkanında fəaliyyət göstərən bütün kanalların bayramıdır. Çünki onların hər birində AzTV məktəbindən bir damla da olsa var". 

Vüqar Alışov