Bu günü ehtiramla xatırlayırıq və televiziya tariximizin çox parlaq səhifəsi hesab edirik-Qulu Məhərrəmli

Bölmə: MEDİA › ,
Tarix: 22:00 14.02.2024

"Azərbaycanda televiziyanın kütləvi yayıma başlaması çox ciddi ictimai-mədəni hadisədir və həmin dövrdən başlayaraq ölkəmizdə geniş şəbəkəli televiziya yayımının əsası qoyuldu.1956-cı il fevralın ayının 14-də Bakı studiyası təxminən 2 saat yarımlıq proqramla efirdə oldu".

 

Bu sözləri Az TV-nin yaranmasından 68 il ötməsi münasibəti ilə İnformator.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli söyləyib. Professor qeyd edib ki, Az TV-nin ilk yayımının birinci hissəsində Azərbaycanın tanınmış ziyalıları çıxış etdilər və televiziyanın mahiyyəti haqda danışdılar.

 

"O cümlədən verilişdə o dövr üçün görkəmli söz adamı, xalq şairi Süleyman Rüstəm,Teymur Elçin və başqaları efirdə çıxış etdilər. İkinci hissədə isə görkəmli sənətkar Rübabə Muradovanın iştirakı ilə efirdə konsert verildi".

 

Müsahib qeyd edib ki, bununla da televiziyada kütləvi yayıma erası başlandı.

 

"Televiziya təbii ki, birinci növbədə ideoloji silah idi. O dövr üçün təbliğat silahı idi. Amma bununla yanaşı olaraq Azərbaycan televiziyası, Azərbaycan mədəniyyətinin təbliğində, xüsusən musiqi mədəniyyətinin formalaşmasında və təbliğində, ədəbiyyatın təbliğində, Azərbaycan ədəbi dilinin normalarının yayılmasında çox böyük rol oynadı. Bir növ teatr, radiodan sonra möhtəşəm nitq mədəniyyəti tribunasına çevirildi. Ona görə biz bugünü ehtiramla xatırlayırıq, bunu televiziya tariximizin çox parlaq səhifəsi hesab edirik".

 

Qulu Məhərrəmli əlavə edib ki, əlbəttə ki, bu gün Azərbaycanda mövcud olan çox şəbəkəli televiziya sisteminin inkişafı və eyni zamanda problemləri haqqında düşünürük.

 

"Tamaşaçıların bu televiziyalardan umacaqları, eləcə də göstərdikləri nöqsanları necə düzəltmək haqqında düşünürük. Ona görə ki, televiziya bugün internetin mövcudluğu şəraitində fəaliyyət göstərir. Böyük auditoriyasını tədricən itirir. İnternet şəbəkəsi, sosial şəbəkələr bunlar hamısı bugün televiziya ilə çox ciddi şəkildə rəqabət aparır. Ona görə də, bizim televiziya əməkdaşları, televiziya jurnalistləri, televiziya ustaları bu rəqabətə davam gətirmək və öz nüfuzunu, mövqeyini qoruyub saxlamaq üçün maraqlı verlişlər hazırlamalıdır və öz peşəkarlığını gündən-günə artırmalıdır".

 

Vüqar Alışov