"Valideynlər bilməlidir ki..."-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 20:45 27.02.2024

Yaponlar utancaqlığı pis tərbiyənin nəticəsi sayırlar. Azərbaycanda isə hələ kiçik yaşlardan uşaqlara utancaqlığı yaxşı əlamət kimi göstərib bu cür tərbiyə edirlər. 

Bəs əslində utancaqlıq gərəklidirmi?

 

Mövzu ilə bağlı "informator.az"a psixoloq Gülnar Orucova açıqlama verib. Psixoloq deyir ki, bəzi ailələr olur ki, uşaqlarına xüsusi disipilin tətbiq etmək, yanlız onların istədikləri olmasını istəyirlər:

 

"Avtoritar, hədsiz qoruyucu, liberal, əsassız və mükəməlliyətçi ailə tipləri var. Avtoritar ailədə ata, ana avtoritar olur və yanlız onların dedikləri olur. Bəzi ailələr isə istəyirlər ki, övladı mükəmməl olsun heç bir qüsuru olmasın. Bu zaman uşağı robotlaşdırıq. Valdeyinlər bilməlidir ki, onların yaşadığı dövr dəyişib artıq hər şey inkişaf edir və bununla ayaqlaşmağı bacarmalıdırlar. Bəzən ana, ata özü yaşaya bilmədiyi uşaqlığı övladında formalışdırmaq istəyir. Amma başa düşmür ki, özü istədiyi kimi formalaşdırsa, uşaq zamandan geri qalacaq, çünki ilbəil hər şey dəyişir. Bəzi valideynlər qonaq getməmişdən əvvəl uşağı tənbeh edir: "Bax orada özünü yaxşı aparırsan, əlini heç nəyə uzatmırsan, sənə görməmiş deyərlər. Mən qarşına yemək qoymasam, sən yemirsən. Böyüklərə cavab qaytarmırsan. Özündən kiçik səni vurduqda heç bir şey etmirsən". Bütün bunları etdikdə uşaqda artıq utancaqlığı hissini formalaşdırmış oluruq. Nəticədə, valideyn olmayan məkanda uşaq sıxılmağa,çəkinməyə başlayır. Fikirləşir ki, onu idarə edən yoxdur. Ona görə də çalışmalıyıq ki, öz övladımıza dost olaq, dəstək olaq, yanında olaq. Amma çalışaq ki, utancaqlığ yaradan vəziyyətləri yaratmayaq.

 

Psixoloqun sözlərinə görə, utancaqlıq müəyyən müddət davam etdikdə uşağın özgüvəni aşağı düşür:

 

"Özünü qiymətləndirməsi aşağı olur, söhbətə ilk başlayan tərəf olmur, öz fikirlərini ifadə etməkdə çətinlik çəkir. Hər zaman başqalarının fikri onun üçün çox önəmli olur, yəni öz fikirlərini, arzularını reallaşdırmaqda çətinlik çəkirlər. Ona görə də çalışmalıyıq ki, övladımızı düzgün tərbiyə edək, onu robotlaşdırmayaq və yaxud onları kiçik görməyək. Bəzən övladımızı davamlı olaraq tənqid edirik, bu da onda mən bacarıqsızam, dəyərsizəm kimi fikirlər və utancaqlığı yaradır".

 

Psixoloq əlavə edir ki, utanc hissini aradan qaldırmaq üçün ilk olaraq övladlarımıza özgüvən hissi verməliyik:

 

"Bəzən bunu üçün psixoloqa müraciət edirlər amma özgüvən hissi ailədən verilir. Övladlarımızın səhvlərini hər zaman üzünə vurub cəzalandırmamalıyıq. Onun səhvləri onun üçün bir təcrübə olmalıdır. Səhv edirsə, bu səhvin səbəbini, nəticəsini ona izah etməliyik ki, gələcəkdə öz səhvini özü düzəldə bilsin, problemlərini aradan qaldıra bilsin. Hər bir hiss insanda qədərində olmalıdır, utancaqlığ da buna aiddir. Belə bir söz var "övladını hər kəsin yanında təriflə, evdə tənqid et". Amma biz nə edirik? Hər kəsin yanında tənqid edirik, gəlib evdə tərifləyirik. Bu doğru addım deyil".

 

İlhamə Nurəhmədova