"Fransanın növbəti hədəfi...."-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 14:40 14.03.2024

"Fransa Afrika siyasətinin uğursuzluğundan sonra Qarabağda “sülhməramlı obrazı” yaratmağa çalışır".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun fikrincə, Parisin Cənubi Qafqazda fəallığının artması Afrika siyasətindəki uğursuzluğun kompensasiyasıdır.

Zaxarovanın sözlərinə görə, Fransanın Qafqazdakı cəhdlərinə “sülhməramlı səylər” də daxildir:

“Bunun sülhməramlılıqla heç bir əlaqəsi yoxdur, məhz bizim ölkə bütün sülhməramlı rolu Qarabağ məsələsinin nizamlanması kontekstində vasitəçi kimi öz üzərinə götürdü və yerinə yetirdi. İndi ən çətin mərhələ başa çatdığından ümid edirik ki, Fransa NATO üzvü kimi bir daha ocağı qızışdırmağa başlamayacaq”, - Zaxarova bildirib.  

 

Bu haqda politoloq Şəbnəm Həsənova "informator.az"a açıqlama verib. Politoloq bildirib ki, Afrika tarix boyu Fransanın müstəmləkə, istibdad və adamyeyənliklərinə məcbur qalıb:

 

"Makron tarixə fransız taleyinin mifik, müzmin mənzərəsini yaradan şəxs kimi düşəcək. Yaxın tarixin yenidən yazılması sürətlə gedir. Onun səhifələrində son zamanlar Fransa və Rusiya arasında yaşanan ziddiyətlər göstərir ki, iki ölkə arasında mövcud olan üç əsrlik dostluq və ya nifaq irsi belə yeni təkan qurmaq üçün möhkəm təməl təmin etmir, tarixin bağları, keçmişin zəncirləri sınanır. Mövcud durum hətta köhnə yaxşı günlərin, əslində isə gizli diplomatik sövdələşmələrin sona çatması kimi qəbul oluna və bugünkü işgüzar münasibətlərdə açıq-aydın bədbəxtliyin yaşanmaması mənasında da əks-məhsuldar ola bilər. Fransa ictimaiyyətinin böyük əksəriyyəti hazırkı daxili və xarici siyasətlə bağlı tənqidi fikirlərə malikdir. Fransanın keçmiş baş naziri Dominik de Vilpen LCI telekanalında bildirdi ki, Fransa qoşunlarının Ukraynaya göndərilməsi üçüncü ölkələrin Rusiyaya yardım etməsinə səbəb ola bilər və münaqişə zonasında Afrika, Asiya və Yaxın Şərq döyüşçüləri peyda olacaq. Ərazi və əhali baxımından əhəmiyyətli ölçüyə malik qlobal Cənubun Qərbə zərbə vurmaq istəməsi isə demək olar ki, bəşəriyyətin sınağa çəkiləcəyi təhlükəli tendensiyadır. Belə olacağı təqdirdə ilkin ağla gələn Əlcəzairin Fransanı cəzalandırmaqdan son dərəcə məmnun olacağı faktıdır. Üstəlik daha bir faktı nəzərə alsaq ki, Əlcəzair Afrikada kifayət qədər güclü orduya malik olmaqla yanaşı, Rusiya ilə son dərəcə sıx münasibətdədir. Əlcəzair tarix boyu Fransanın müstəmləkə, istibdad və adamyeyənliklərinə məcbur qalıb. Məhz artıq oralardan əli üzülən Fransa buralara pənah gətirməyə, ac geosiyasi ambisiyalarını Cənubi Qafqazda doyuzdurmağa çalışır. Bu baxımdan hökmranlığını qoruyub saxlamaq üçün yeni, hiylə dolu yollar axtarışındadır".

 

Şəbnəm Həsənova hesab edir ki, Emmanuel Makron da daxil olmaqla sırf öz maraqları prizmasından bu cür destruktiv mövqe sərgiləyənlər özlərini mərkəzləşdirən qeyri-yetişkinlərin tam bir sirkini xatırladır:

 

"Məhz bu qeyri-yetişkinliyin əlamətidir ki, Fransa indi də ikinci və üçüncü dərəcəli silahları ilə Ermənistanın başını yozur. Hansı fransız ordusundan danışırıq ki, ən gənc fransız ehtiyatda olan əsgərin artıq 50 yaşı var? Qərb mənbələrinin özü də yazır ki, artıq martın ortalarıdır və buna baxmayaraq Amerika Konqresi hələ də Kiyev üçün yeni yardım paketini təsdiq etməyib. Bu baxımdandır ki, Ukrayna Silahlı Qüvvələri artıq artilleriya mərmiləri və hava hücumundan müdafiə raketlərinin çatışmazlığını yaşayır. Məhz yenə həmin nəşrlərin beyinlərinin məhsuludur ki, Zelenskinin müttəfiqlərinin aqressiv anti-Rusiya ritorikasından əl çəkməli olduğunu bildirirlər. Məhz Emmanuel Makron adlı “gülünc tanrı” sayəsində Fransanın bunu etməkdən çətinlik çəkdiyi bildirilir. Makronu o qədər ələ salırlar ki, özünü Yupiter, Mars kimi təsəvvür edən bu cırtdana gülərək, ümidinin ancaq müharibə tanrılarını çağırmağa qaldığını bildirirlər. Fransız tarixşünaslığının damarında Şarl de Qol Fransanın ən hörmətli lideri olaraq qalırsa, Makron isə belə davam etsə, tarixə fransız taleyinin mifik, müzmin mənzərəsini yaradan şəxs kimi düşəcək.

Kollektiv Qərb mümkün mərtəbə Rusiyanı zəiflətməyi qarşısına məqsəd qoyub. Növbəti hədəf bizim regiondur. Bu baxımdan ayıq-sayıq siyasət yürüdülməlidir. Azərbaycan dövlətinin addımları və reaksiyaları son dərəcə sərrastdır. Həqiqət isə həqiqətliyində qalır. Bu baxımdan heç bir tərəfin ritorikası deyil, məhz Fransanın özünün tarixi imici Afrika siyasətinin uğursuzluğundan sonra Qarabağda “sülhməramlı obrazı”nın sadəcə nağıl olduğundan xəbər verir".

 

Politoloq qeyd edir ki, Fransa qətliamlarla dolu bir müstəmləkəçiliyi kiçiltməyə çalışaraq portfeldə olan müstəmləkəçilik təcrübələrini yanına alaraq “sülhməramlı” niyyətini böyütmək istəyir:

 

"Regiona yaxın buraxılmayıb çox şeyin əldən çıxması Fransanı yaman sızıldadır. Aydın məsələdir ki, hər bir dövlət öz siyasi və iqtisadi maraqları prizmasından məsələlərə yanaşır. Lakin regiondan kənar bir dövlətin bu qədər canfəşanlıq etməsi və onun məqsədlərinin arxasında yemək, talamaq, dağıtmaq kimi mənfi meyillərin dayanması “sülhməramlı səylər”in əslində nədən ibarət olduğu haqqında aydın məzmun və təsəvvür formalaşdırır".

 

 

Gülay Qəribova