Data jurnalistikası, gələcəyi, Azərbaycanda vəziyyəti

Bölmə: MEDİA › ,
Tarix: 10:34 04.04.2024

Rəqəmsallaşmanın sürətlə inkişaf etməsi bir çox sahələrə öz təsirini göstərdi. Bu sahələrdən biri də jurnalistikadır. Rəqəmsallaşmanın artması nəticəsində son illərdə data jurnalistikası ön plana çıxıb.

 

Bakı dövlət universtitetində bu fənni tədris edən, Yeni media üzrə tədqiqatçı  Səbinə İzzətli data jurnalistikası anlayışı, onun gələcəyi və bu sahədə manipulyasiyalar barədə fikirlərini bizimlə bölüşdü:

 

 

 

“Data jurnalistikası yeni anlayış deyil, sadəcə son illər texnoloji inkişafla bərabər populyarlaşmağa başlayıb. Data jurnalistikası çərçivəsində hazırlanan jurnalist materiallarında qrafika, infoqrafika, xəritə, statistik vizual elementlər yer alır və bu görüntülər vasitəsilə xəbərin anlaşılması asanlaşır, oxucu uzun xəbər mətnlərini oxumaq məcburiyyətində qalmır.”

Səbinə İzzətli bildirir ki, data jurnalistikasının gələcəyinə dair adətən müsbət proqnozlar verilir, getdikcə hökumətlər ictimai datanı açıq, şəffaf və əlçatan edir. Bu da jurnalistlərin işini yüngülləşdirir. Misal, İsveç kimi bir ölkə açıq dataya əlçatanlığa görə ideal örnəkdir. Nə yazıq ki, hələ də bəzi ölkələrdə bu şəffaflıq təmin olunmur, önəmli data setləri əldə etmək müşkülə çevrilir.

Bundan əlavə bu sahədə manipulyasiyalar barədə də qeyd etdi ki, süni intellektdən istifadənin genişlənməsi data ilə iş prosesi zamanı müəyyən manipulyasiyaların edilməsinə də şərait yaratmış olur. Bəzi qurumlar datanı bilərəkdən saxtalaşdırır, bu mənada jurnalistlər data ilə işləyərkən daha diqqətli olmalı və təhlil etmə bacarıqlarını inkişaf etdirməlidirlər.

 

Bakı Dövlət Universtitetində Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərova isə Azərbaycanda Data jurnalistkasının vəziyyəti barədə danışdı:

 

 

 

“Azərbaycanda Data jurnalistikasının vəziyyətini nəzərə alsaq, gələcəyini təhlükəli görürəm. Çünki bu sahədə çalışan, ixtisaslaşan jurnalistlərin sayı azdır. Bir sözlə, kadr azlığı mövcuddur. Bu sahənin kadrları həm informasiya texnologiyaları biliklərinə, həm də yaradıcılıq qabiliyyətinə malik olmalıdırlar.

Eyni zamanda müasir insanlar operativ informasiyalara meyilli olduqlarına görə data təqdimatlarını anlamırlar".

 

Nigar İmanova