İsrailin Netzah Yehuda batalyonu nədir və niyə gündəmdədir?

Bölmə: Dünya › ,
Tarix: 20:58 23.04.2024

İsrail hökuməti ABŞ-ın İsrail ordusundakı Netzach Yehuda batalyonuna hərbi yardımı kəsəcəyi ilə bağlı hələlik təsdiqlənməmiş xəbərə reaksiya verib.

 

ABŞ mərkəzli Axios xəbər saytı bazar günü dərc etdiyi hesabatda Netzah Yehudanın işğal altındakı İordan çayının qərb sahilində İsrail tərəfindən insan haqlarını pozduğuna görə hədəf alındığını bildirib.

 

İsrailin əsas müttəfiqi Vaşinqton indiyədək heç vaxt İsrail ordusu birliyinə yardımı kəsməyib.

 

Bu addımla iki ölkə arasında onilliklər davam edən tərəfdaşlıqda ilk dəfə ABŞ administrasiyası İsrail ordusuna qarşı Leahi qanununu tətbiq edəcək.

 

İsrail ordusu bazar günü verdiyi açıqlamada Netzah Yehudaya qarşı ABŞ-ın hər hansı sanksiyasından xəbərsiz olduğunu və batalyonun beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərdiyini iddia edib.

 

Ordu rəsmiləri "bu istiqamətdə qərar verilərsə, qərara yenidən baxılacaq" deyən "hər hansı qeyri-adi hadisənin praktiki və hüquqi şəkildə araşdırılması üçün səylərin davam etdiriləcəyini" qeyd ediblər.

 

ABŞ mənbələrinin bildirdiyinə görə, Netzah Yehuda-ya qarşı sanksiyaların tətbiqinə qərar verilərsə, bölmənin ABŞ-dan hərbi yardım və ya təlim alması qadağan ediləcək.

 

İsrail İctimai Yayım Korporasiyasının İsrail rəsmilərinə istinadən yaydığı hesabata görə, Vaşinqton bir neçə dəfə İsraildən Netzah Yehudanın fələstinlilərə qarşı hücumları ilə bağlı araşdırmaların nəticələri barədə məlumat istəyib.

 

İsrailin mümkün sanksiyalara reaksiyası necə oldu?

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın mümkün sanksiyalarını “absurdluğun zirvəsi və mənəvi eniş” adlandırıb.

 

İsrailin müharibə kabinetinin üzvü Benny Gantz, ABŞ-ın İsrail ordusunun bir bölməsinə qarşı sanksiyalarının "təhlükəli presedent" olduğunu söylədi.

 

ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında Gantz Vaşinqtonu qərarı yenidən nəzərdən keçirməyə çağırıb.

 

Gantz bildirib ki, Netzah Yehuda batalyonuna sanksiya tətbiq edilməsi müharibə zamanı "İsrailin legitimliyinə xələl gətirəcək".

 

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Vaşinqtonun təklif etdiyi sanksiyalara cavab olaraq İsrail vasitəsilə Fələstin Muxtariyyətinə köçürülən bütün vəsaitlərin ələ keçirilməsinə çağırıb.

 

Ben-Qvir “Fələstin banklarına qarşı bir sıra sanksiyaların” tətbiqini tələb edib. Ben-Qvir fevral ayında Sərhəd Mühafizəsində Haredi batalyonu yaratmağı planlaşdırdığını və ultra-pravoslav gəncləri orduya cəlb etmək istədiyini də bildirib.

 

İsrailin maliyyə naziri Bezalel Smotrich bu addımı “tam dəlilik və Fələstin dövlətini tətbiq etmək cəhdi” adlandırıb.

 

Müxalifət lideri Yair Lapid “hökumətin qeyri-qanuni siyasətindən və siyasi uğursuzluğundan ilk olaraq İsrail ordusu təsirləndi” şərhini verib və Netzah Yehudaya qarşı sanksiyaların “səhv” olduğunu vurğulayıb.

 

Digər tərəfdən, İsrail İşçi Partiyasının lideri Merav Michaeli Netzah Yehuda-nın ləğv edilməsinə çağıraraq, batalyonun "zorakılıq və korrupsioner davranışının illərdir bilindiyini" deyib.

 

Netzach Yehuda batalyonu kimdir?

 

Baş ravvin Yitzhak Yosefin sözlərinə görə, Haredi yəhudilərinin çoxu vaxtlarını Tövratı öyrənməyə və dini kitabları şərh etməyə həsr etdikləri üçün orduya qoşulmaqdan imtina edirlər.

 

Amma Haredi gənclərinin heç də hamısı dini məktəblərə getmir, ona görə də bəziləri dini təhsil almaq üçün xüsusi şərtlərlə orduya yazılır.

 

1999-cu ildə Nahal Haredi adlı qeyri-kommersiya təşkilatı yaradıldı və Haredi ravvinləri üzv oldular.

 

Nahal Haredi dini məktəblərdə təhsil almamış gənc Haredimi orduya cəlb etmək üçün Müdafiə Nazirliyi və İsrail ordusu ilə əməkdaşlıq edib.

 

Bu əməkdaşlıq minlərlə Haredi əsgərindən ibarət Netzah Yehuda batalyonunun yaradılmasına səbəb oldu.

 

Nahal Haredi deyir ki, “Haredi kişiləri həyat tərzindən ödün vermədən İsrail ordusunda nüfuzlu vəzifələrdə xidmət etməyə imkan verən prinsiplərə və məhdudiyyətlərə riayət edirlər”.

 

30 Haredi əsgərindən ibarət ilk birlik 1999-cu ildə yaradılıb.

 

Bölmə Nahal Haredidən ilhamlanaraq "Nahal Haredi", "Netzah Yehuda" və ya "97-ci Batalyon" adlandırıldı.

 

İsrail ordusunun yaratdığı ilk Haredi döyüş batalyonu Ramallah və Cenin şəhərlərində fəaliyyətə başlayıb.

 

Yedioth Ahronoth qəzeti 2019-cu ildə İsrail ordusunun Netzah Yehuda batalyonunu Ramallahdan Ceninə köçürmək qərarına gəldiyini bildirib.

 

2022-ci ilin dekabrında İsrail Netzach Yehuda-nı İordan çayının qərb sahilindən tamamilə köçürüb.

 

Lakin ordu rəsmiləri bu dəyişikliyin əsgərlərin davranışı səbəbindən edildiyi barədə iddiaları rədd edib.

 

O vaxtdan bəri batalyon şimalda fəaliyyət göstərir.

 

İsrailin “Jerusalem Post” qəzetində yer alan xəbərə görə, bölmə 2024-cü ilin əvvəlində Qəzzada döyüşlərə başlayıb.

 

İsrail ordusunun keçmiş komandanı Aviv Koçavi bildirib ki, Netzah Yehuda batalyonunun daxil olduğu Kfir briqadası Livan, Suriya və Qəzzada döyüşə bilər.

 

Hazırda Netzax Yehudada minə yaxın əsgər var.

 

Əsgərlər ümumilikdə 2 il 8 ay İsrail ordusunda xidmət edirlər.

 

“Times of Israel” qəzetinin yazdığına görə, kişi əsgərlər qadın əsgərlərlə o qədər də əlaqə saxlamırlar və onlara dua etmək və

dini təhsillərini tamamlamaq üçün əlavə vaxt verilir.

 

Aynur Babayeva