Şirkətin xalis mənfəəti iki dəfə azalsa da, Tesla səhmləri 10 faiz artıb

Bölmə: Dünya › ,
Tarix: 21:16 24.04.2024

Şirkət bu il satışların artacağını və 2025-ci ilin əvvəlində daha qənaətcil modellərin bazara təqdim ediləcəyini elan etdikdən sonra Tesla səhmləri 10 faiz bahalaşıb.

 

"İnformator.az" xəbər verir ki, ABŞ-da yerləşən elektrikli avtomobil istehsalçısı Tesla, bu ilin ilk rübü üçün balans hesabatında dünən açıqladığı xalis mənfəətinin keçən ilin eyni dövrü ilə müqayisədə 55 faiz azaldığını açıqladı.

 

Bunun səbəbi kimi qlobal satışların azalması və qiymət endirimlərinin təsiri göstərilib.

 

Şirkətin gəlirləri bu ilin birinci rübündə ötən illə müqayisədə 9 faiz azalaraq 21,3 milyard dollara düşüb.

 

Rəqabətin artması və elektromobillərə tələbatın azalması səbəbindən bu rəqəm bazar gözləntilərindən aşağı olub.

 

Tesla vurğuladı ki, bir çox avtomobil istehsalçıları hibrid avtomobilləri elektrik avtomobilləri ilə müqayisədə üstünlük təşkil etdiyinə görə, elektrik avtomobil satışları dünya miqyasında təzyiq altında qalmaqdadır.

 

Ancaq şirkətin satışların artacağı və daha qənaətcil modellərin bazara çıxacağı xəbəri pis nəticələrə hazırlaşan investorlara ümid verdi.

 

Londonda yerləşən investisiya bankı Jefferies, Reuters xəbər agentliyi ilə paylaşdığı bazar qeydində, "Bizim ilk təəssüratımız budur ki, CEO Elon Musk yeni məhsullar çıxararaq bazarı sakitləşdirməyə çalışır".

 

Bununla belə, şirkətin səhmləri rəqabətin artması və satışların azalması səbəbindən bu il ümumilikdə 42 faiz ucuzlaşıb.

 

Reuters-ə danışan Morgan Stanley analitiki Adam Jonas, üzərində çalışılan bahalı modellərin əvəzinə daha ucuz modellərin istehsalını gözlədiklərini vurğuladı.

 

Musk investorlarla görüşündə daha ucuz modellərə diqqət yetirmək əvəzinə, süni intellektə malik avtonom avtomobillər üçün üzərində çalışdıqları proqram və aparatlardan danışıb.

 

Aynur Babayeva