Artan Vətəndaş nikahları: Qarşısı necə alınmalıdır?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 19:13 25.04.2024

Son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.

 

Vətəndaş nikahlarının qarşısını almaq məqsədilə hansı addımlar atılmalıdır?

 

Məsələ ilə bağlı Sosioloq Lalə Mehralı "informator.az"a açıqlama verib. Onun sözlərinə görə, əslində bu, erkən nikahların qarşısının alınması ilə birbaşa bağlı olan məsələdir:

 

"Erkən nikahların qarşısı alındıqca vətəndaş nikahından doğulan uşaqların sayın azalmasında da nəticə əldə etmiş olacağıq. Yetkinlik yaşı çatmayan, nikaha yaşı düşməyən uşaqların evləndirilməsi vətəndaş nikahından doğulan uşaqların sayının artmasına gətirib-çıxarır. 

Bildiyimiz kimi, nikah yaşı 18 olduğu üçün bu cür evliliklərdə dövlət ailəni ailə kimi qəbul etmir. Ailənin mövcudluğunu təsdiq edən sənəd rəsmi formada verilmiş nikah haqqında şəhadətnamədir və bu şəhadətnamə olmadan ailə qurulduğu iddia edilirsə bu, təbii ki, vətəndaş nikahıdır. Bu cür nikahlardan dünyaya gələn uşaqlarda birmənalı olaraq vətəndaş nikahından dünya gəlmiş uşaqların statistikasını yüksəldir".

 

Sosioloq bildirir ki, bəzən dini nikahların kəsilməsi ilə bağlı yanlışlıqlara yol verilir:

 

"Dini nikah kəsdirilən zaman mütləqdir ki, din xadimləri cütlüyün rəsmi nikahının olub-olmamasına diqqət etməlidir. Rəsmi nikahı olmayan cütlüklərə dinni nikah kəsilməməlidir, çünki bu hallarda da vətəndaş nikahın dəstəkləmiş oluruq. Doğrudur, uşaqlar bağçaya və məktəbə gedənədək ailənin yadına nikah bağlamaq düşmür, lakin bu müəssisələr uşağın sənədini tələb edəndə yada düşür ki, rəsmi nikah yoxdur və bu halda nikah bağlanılır. 

Belə hadisələrin qarşısını almaq üçün mütləq qaydada erkən nikahlara qarşı mübarizə aparılmalı, birmənalı olaraq cəmiyyət özünü məsul bilməlidir".

 

Mayıl Soltanov