Hökumət əleyhinə etirazlara dəstək verən iranlı reper üçün ölüm hökmü

Bölmə: Dünya › ,
Tarix: 20:39 25.04.2024

İranda hökumət əleyhinə etirazlara dəstək verdiyi üçün həbs edilən iranlı reperin vəkili müvəkkilinin ölüm cəzasına məhkum edildiyini bildirib.

 

Toomaj Salehi 2022-ci ildə "çadrasını düzgün taxmadığı üçün" əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra polis nəzarətində dünyasını dəyişən Məhsa Əmininin ölümü ilə başlayan nümayişləri mahnıları ilə dəstəkləyib.

 

Salehinin vəkillərindən olan Amir Raesian müğənninin ölüm hökmündən apellyasiya şikayəti verəcəyini bildirib.

 

İran rəsmiləri hələlik şərh verməyib.

 

Salehi ilk dəfə 2022-ci ilin oktyabrında etirazları dəstəkləyən açıq bəyanatlarından sonra saxlanılıb və bir neçə cinayətdə ittiham olunub.

 

Salehi 2023-cü ilin iyulunda Ali Məhkəmənin qərarı ilə ölüm cəzasından qurtulub və 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Lakin bildirilib ki, yanvar ayında İsfahan İnqilab Məhkəməsi ona əvvəllər bəraət qazandırdığı ittihamlara əlavə olaraq yeni ittihamlar irəli sürüb.

 

Vəkil Raesian bildirib ki, inqilab məhkəməsi Ali Məhkəmənin amnistiya qərarını tanımayıb və yeni ittihamlar irəli sürüb və “ən ağır cəzanı verib”.

 

2022-ci ildəki etirazlardan əvvəl Salehi müxalifətçi idi və ona konsert vermək qadağan edilib. Əvəzində mahnılarını sosial şəbəkədə paylaşırdı.

 

Sarkıcı keçən il 6 il həbs cəzasına məhkum edildikdən sonra noyabr ayında girov müqabilində sərbəst buraxılsa da, bir neçə gün sonra "dəlilsiz yalan iddialar paylaşmaq" ittihamı ilə yenidən həbs edilib. Onun Kəşfiyyat Nazirliyinin agentləri tərəfindən “işgəncələrə məruz qaldığını” və təzyiqlərə məruz qaldığını dediyi videonu nəzərdə tutduğu güman edilir.

 

Aynur Babayeva