"Sənətdə qırmızı" adlı sərgi: "Alleqoriya"nın əsas məqsədi..."-AÇIQLAMA

Bölmə: Mədəniyyət › ,
Tarix: 13:07 27.04.2024

Bir ildən çoxdur fəaliyyət göstərən “Alleqoriya” incəsənət platforması tələbələri incəsənətlə görüşdürüb. 

 

Gənc rəssamlara dəstək olmaq, gənclərin incəsənətə marağını artırmaq üçün yola çıxan “Alleqoriya” aprel ayının 26-da Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyi ilə Bakı Dövlət Universitetində ilk rəsm sərgisini keçib. 19 rəssamın 28 əsərinin nümayiş olunduğu sərgi bir gün davam edib. “Sənətdə qırmızı” adlı sərgidə, əsasən, qırmızı rəngin üstünlük təşkil etdiyi əsərlər sənətsevərlərə təqdim olunub. 

 

“Alleqoriya” İncəsənət platformasının sahibi Mədinə İlham "İnformator.az"a açıqlamasında bildirib ki, “Alleqoriya”nın əsas məqsədi sənətin birləşdirici gücündən istifadə edərək təhsilə və sosial dəyişikliyə töhfə verməkdir:

 

"İlk məqsədimiz olan rəsm sərgisini təşkil etmək sadəcə kiçik bir addım idi, yəni başlanğıcıdır. Böyük hədəflərimiz var. Texnologiyanın bizə verdiyi imkanlardan istifadə edib incəsənətin daha böyük kütlələrə çatmasını istəyirik. Cəmiyyətin inkişafı üçün əlimizdə çox az imkanlar var və onlardan biri də incəsənətdir. Uşaqların, yeniyetmələrin incəsənətə marağının artması üçün çalışmaq niyyətindəyik. Ən əsası incəsənəti bir qazanc mənbəyi kimi düşünüb övladlarının incəsənətə yönlənməsinə qarşı çıxan valideynlər arasında maarifləndirmə işləri aparmaq istəyirik. Bunun üçün bəzi layihələrimiz var və onların üzərində işləyirik. 

Təbii ki, bu yolda incəsənət adamları da bizə dəstək olurlar. Onların dəstəyini “Sənətdə qırmızı” sərgisində də yaxından hiss etdik. Bundan sonra da yanımızda olacaqlarına şübhəmiz yoxdur".

 

Müsahibin sözlərinə görə, ilk sərgi üçün “Sənətdə qırmızı” mövzusunun seçilməsinin bir neçə səbəbi var:

 

"Qırmızı şövqün, cəsarətin rəngidir. İncəsənət və dəyişiklik də şövq və cəsarət tələb edir. Gördüyümüz işə şövqlə yanaşmasaq, heç bir məqsədimizə nail ola bilmərik. Bilirsiniz, müasir dövrdə, yeni media vasitəsilə məşhurlaşmaq çox asandır. Ancaq məsələ burasındadır ki, bu məşhurluq necə olacaq... Hansısa bir addımı atanda bunun cəmiyyət üçün zərərli olub-olmadığını təyin etmək lazımdır. Bir sərgi keçirdik və sərgidən əvvəl dostlarımızla yığışıb özümüzə sual verdik ki, biz bu sərgi ilə nəyə nail olmaq istəyirik. Biz bu sərgi ilə incəsənəti tələbələrə yaxınlaşdırdıq. Sərginin universitetdə keçirilməsi buna görə çox yerinə düşdü. Biz tələbələrə “gəlin rəssam olun” demirik, biz tələbələrə “hansı işlə məşğul olursunuzsa olun, faydalı olun və ən yaxşısı olmağa çalışın” deyirik. Bunun üçün də şövq, cəsarət, bir sözlə “qırmızı” lazımdır".

 

Mədinə İlham sərgidə gənc rəssamları seçim kriteriyalarından söz açdı:

 

"Diqqət etdiyimiz əsas kriteriya yaradıcılıq, özünəməxsusluq və təbii ki, qırmızı rəngin çalarlarının istifadə olunduğu tablolara üstünlük verdik. Biz rəssamlara yazdıq, onlar da sağ olsunlar səmimiyyətlə təklifimizi qəbul etdilər, bizim yanımızda olduqlarını dedilər".

 

“Alleqoriya” İncəsənət platforması inanır ki, incəsənət cəmiyyətə çoxşaxəli və dərin təsir göstərir:

 

"İncəsənət şüur formalaşdırır, insanları düşündürür, sadəcə düşündürməklə qalmır, hərəkətə keçirir. İncəsənət informasiya ötürür. Məsələn, biz incəsənətlə iç-içə olduqca duyğuları daha yaxşı anlamağa başlayırıq, empatiya qura bilirik. İncəsənət fərqli perspektivlər təklif edərək insanların bir-birini başa düşməsinə, bir-birinə hörmətlə yanaşmasına kömək edir ki, məncə, hazırda ən çox ehtiyacımız olan şeylərdən biri də budur. 

İncəsənət mədəni irsi ötürür, dəyərlər formalaşdırır, dəyərləri gələcək nəsillərə daşıyır. İncəsənət şüurlu və səmərəli şəkildə istifadə edildikdə tolerant, ədalətli və gözəl bir dünya yaratmağa kömək edə bilər".

 

Eyni zamanda sərgi rəssamların öz əsərlərini təqdim etməsi ilə yanaşı, incəsənətin cəmiyyətdəki təsirini artırmaq, mədəni istirahəti təşviq etmək və gənc rəssamları həvəsləndirmək məqsədi daşıyır. Rəssamlara dəstək olmaq, onlara ilham vermək üçün təşkil olunan bu sərgi sənətsevərlərə də möhtəşəm duyğular bəxş edib. 

 

İncəsənətin inkişafı, gənc rəssamlara dəstək üçün media nümayəndələri də sərgiyə dəvət edilib.

 

Aynur Babayeva