Azərbaycan ilə İtaliya arasında diaspor sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub-RƏYLƏR

Bölmə: Siyasət › ,
Tarix: 22:15 30.04.2024

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İtaliyaya səfəri çərçivəsində Xaricdəki İtaliya Vətəndaşlarının İşləri və Miqrasiya Siyasətləri üzrə Baş İdarənin Baş direktoru Luici Mariya Vinyali ilə görüşüb.

 

Görüş hər iki ölkə üçün nə kimi töhfələr verəcək? 

 

Bu barədə “informator.az”a açıqlamasında politoloq İlyas Hüseynov bildirir ki, Azərbaycan və İtaliya arasında möhkəm strateji münasibətlər var:

 

“İtaliya Azərbaycanın ərazi bütövlüyünü bütün müstəvilərdə dəstəkləyir. Münasibətlərdə önəmli sahəni əhatə edən neft və enerji sektorudur. Eyni zamanda, Azərbaycanın xarici ticarət dövriyyəsində İtaliya uzun illərdir ki, birinci yerdə dayanır. Bu isə çox böyük göstəricidir. Həyata keçirilən qaz əməliyyatları, TAP (Trans-Adriatik Boru Kəməri) lahiyəsindən sonra münasibətlər keyfiyyətcə yeni müstəviyə qalxıb. Siyasi, mədəni, humanitar sahələrdə də əməkdaşlıq genişlənməkdədir. Məhz Diaspor amili nöqteyi nəzərdən də münasibətlərə baxmaq mümkündür. İtaliyada Azərbaycan Diasporu fəaliyyət göstərir. Onların uğur qazanması Azərbaycanın marağındadır. Bu səfər ikitərəfli münasibətləri yaxınlaşdırmağa və İtaliyada yaşayan azərbaycanlıların fəaliyyətinin daha da genişlənməsinə səbəb olacaq".

 

Məsələ ilə bağlı deputat Kamilə Əliyeva da məsələyə münasibət bildirib. Onun sözlərinə görə, belə bir görüşün keçirilməsi təqdirə layiqdir:

 

“Ümumiliyyətlə, Diasporla İş üzrə Dövlət Komitəsinin istər vətən müharibəsi dövründə, istər də müharibədən sonrakı illərində fəallıq müşahidə olunmaqdadır. Vətən müharibəsi dövründə xaricdə yaşayan azərbaycanlıların Qarabağ həqiqətlərinin çatdırılmasında, plakatlarla nümayiş etdirilməsində Diasporla İş üzrə Dövlət Komitəsinin böyük rolu oldu. Ona görə də, Fuad Muradovun İtaliyaya səfəri həm İtaliyada yaşayan azərbaycanlılar, həm də təşkilatın nüfuzunun güclənməsi üçün mühüm əhəmiyyətli nəticəsini verəcək".

 

Gülnisə Əfkari