Paşinyanın Bakıya dəvət olunması yoxsa dövlət maraqlarımızın qorunması?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 20:28 07.05.2024

"Paşinyanı Bakıya dəvət etmək olar. Siyasi düşmənlərimizin və sanksiyaçıların Azərbaycana yolu birdəfəlik bağlanmalıdır". - Bu sözləri İnsan hüquqları komitəsinin sədri Zahid Oruc mayın 7-də Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib. O qeyd edib ki, Azərbaycan dövlətinin sanksiyalara cavabı Böyük Qayıdışı gücləndirməsi, delimitasiyanı addım-addım irəliyə aparması, regionda sülhü qazanması olmalıdır.

 

Zahid Orucun fikirlərini "informator.az"a şərh edən politoloq Əhəd Məmmədli Paşinyanın Bakıya dəvət edilməsi fikri ilə razılaşdığını bildirib:

 

"Lakin Baş nazirin Bakıya dəvət olunması bizim onunla Ermənistanın istədiyi xəritələrə uyğun sülh müqaviləsi imzalamağa hazır olduğumuzu göstərəcək. Ermənistan 1991- ci il Alma- Ata bəyannaməsində göstərilən xəritələrə uyğun sülh müqaviləsini imzalamaq istəyir. O müqavilədə də Qərbi Zəngəzur tam olaraq Ermənistanın ərazisi kimi göstərilir.

Bu bizim maraqlarımıza cavab verirmi?

Əbəttə ki, ümumi bir gedişat olaraq Paşinyan Bakıya gələ bilər. Amma o, Bakıya elə-belə gəlməyəcək, onun şərtləri olacaq. Çünki Paşinyan Ermənistan daxilində də rol oynamalıdır. Bakıya gələcək və istədiyi sülh müqaviləsi ilə çıxmayacaqsa, bu, onun Ermənistanda problem yaşamasına səbəb olacaq.

 

Paşinyan özünü də, öz iqtidarını da düşünür. Necə ki, biz özümüzü, öz dövlət maraqlarımızı düşünürük. Ona görə də biz öz dövlət maraqlarımızın aspektindən bu məsələyə baxmalıyıq. Və ilk addımlıq bir göstəriş üçün öz dövlət maraqlarımızı qurban verməməliyik".

 

Banuçiçək Kalbalıyeva