Ağdamda iki kəndin ərazisi sel suları altında qaldı
Bölmə: Hadisə › ,Tarix: 11:53 17.05.2024
Son günlər müşahidə olunan yağıntılı hava şəraiti çaylarda suyun səviyyəsinin artmasına səbəb olub. Xüsusi ilə dağ və dağətəyi rayonlarda havanın yağışlı keçməsi çayların məcrasını dəyişməsinə səbəb olub. Qarqar çayının məcrasını dəyişməsi isə Ağdamın iki kəndinin ərazisinin su altında qalması ilə nəticələnib.
Mənbəyini Laçın dağlarından götürən Qarqar çayıdan son illərin ən çox sel suyu keçib. Çayın Ağdam ərazisindən keçən hissəsində daşqınlar yaradıb. Belə ki, rayonun Əfətli və Hacıməmmədli kəndlərinin əraziləri sel suları altında qalıb.
Sel suları təsərrüfatlar arası su ötürücü borularını sıradan çıxartması əkin sahələri ilə kəndləri birləşdirən yolları keçilməz edib. Selin daha ciddi fəlakətlərə yol açmasının qarşısını almaq məqsədi ilə əraziyə Ağdam mexaniki suvarma idarəsinin texnika və işçi qüvvəsi cəlb olunub.
Daşqınların vurduğu ziyanla bağlı dəqiq rəqəmlər məlum olmasa da, burada əsasən ən ciddi ziyan soğan, pambıq və yonca sahələrinə dəyib.