Tələbələr, əslində, imtahanla bağlı nə istəyirlər?-SORĞU

Bölmə: Sosial › ,
Tarix: 19:38 23.05.2024

Bakı Dövlət Universitetinin tələbələri semestr imtahanları ilə bağlı narazılıqlarını "İnformator.az"-a bildiriblər.

 

 

Arzu İbrahimova imtahanlar ərzində nəzarət edən nəzarətçilərdən şikayət edir. Əlavə olaraq da imtahan ərzində tələbəyə kömək üçün verilən proqramın ləğvindən söz açır:

 

 

"İmtahanlarda bəzi nəzarətçilərin əsəbiləşib səslərini yüksəltməsi düzgün hal deyil. Həmçinin, "kağızları tez verin", "tez yazın bitirin" deyib tələbələri tələsdirməsi xoşagəlməz haldır. Nəzarətçilərin anlayışlı olmasını, tələbələri stresə salmaq əvəzinə onları həycanlandırmamağı tövsiyə edirəm. Biz tələbəyik.Yetkin fərdlərin üstünə səs qaldırmaq yaxşı hal deyil.
Həmçinin, proqramın ləğv edilməsini istəmirəm. Bir tələbə olaraq bəzən vaxt çatışmazlığına görə bütün mövzuları nəzərdən keçirə bilmirəm. Proqrama baxdıqda yadıma salıram. Əgər ləğv edilərsə düşünürəm ki, tələbələr üçün bu sərf etməz".

 

 

Praktiki fənlərlə bağlı keçirilən imtahanlardan narazı olduğunu bildirən Çingiz Əmrahov deyir ki:

 

"Semestr imtahanlarının ildə iki dəfə keçirilməsinə baxmayaraq, narazı qaldığım məqamlar çoxdur. Ancaq onların bir qismini deyə bilərəm. Praktiki fənlərin imtahanlarından narazıyam. Məsələn, bizə "Televiziyada praktik iş" fənni tədris olunur. Onun imtahanında sırf nəzəri suallara cavab yazırıq. Əslində, bu doğru deyil. Sessiya ərzində bu fənn üzrə əldə etdiyimiz qabiliyyətimizi və gördüyümüz işlərimizi müəllim kollektivi qarşısında təqdim etməliyik. İkinci narazı qaldığım məqam isə çox vaxt bizə tədris olunmayan mövzulardan olan sualların biletlərdə olmasıdır. Biz həmin mövzuları semestr ərzində dərk etmədən, bir iki günə necə mənimsəyək? Əzbər edib yola veririk, bununla da iş bitmir. Əlavə olaraq istərdim ki, xüsusilə də, Jurnalistika fakültəsində bəzi fənlər şifahi, bəziləri isə yazılı olsun. Biz ancaq yazılı şəkildə cavab verməklə yekunlaşmamalıyıq. Şifahi imtahanda bir növ bizim danışıq qabiliyyətimizin olub-olmadığını və həyəcanımızı idarə edə bilib-bilmədiyimizi aşkara çıxarmış olarıq."

 

 

Nigar Xəlilzadə isə imtahanların yazılı keçirilməsinə qarşı olduğunu söyləyir:

 

"İmtahanların yazılı keçirilməsinə qarşıyam. İstərdim ki, imtahanlar test üsulu ilə olsun. Test üsulu elədir ki, konkret cavab var. Yazılıda isə əzbərçilik və xeyli yazmaq lazımdır. Elə müəllimlər var ki, tələbənin yazısında sırf kitabdakı kimi elmi cümlələr yoxdur deyə balı aşağı yazır.
Daha sonra bir tələbə ,məsələn 16 balla kəsilibsə, ona 1 bal güzəştə gedilsə, yaxşı olar. Lakin belə müraciətlərə heç əhəmiyyət belə vermirlər".

 

 

Rafiq Yusifov belə deyir:

 

"İmtahanlarla bağlı kəskin bir şikayətim yoxdur. Dəyişiklik deyəndə isə bu il edilən bir dəyişikliklə razı deyiləm. İmtahanlarda məlum məsələdir ki, fənn proqramı olur. Orada sualla bağlı müəyyən açar sözlər qeyd olunur. Bir növ yaddaş üçündür. Mən bu sualda nələri qeyd etməliyəm. Bəzən yazırıq. Düşünürük ki, görəsən, yazmadığım nəsə qaldı? Proqrama baxırıq ki, filan şey də var imiş. Birbaşa orada yazılanları köçürən tələbələrə görə, həqiqətən yaddaş üçün istifadə edənlərin də qarşısını kəsdilər. Belə bir qayda var imiş ki, hər tələbə ən çox 5 dəfə baxa bilər proqrama. Bu dəyişiklikdənsə, hazır qaydanı tətbiq etmək üzərində işləyə bilərdilər. Biz onsuz da stresli, həyəcanlı oluruq. Bu imtahan həyəcanıdır. Mükəmməl hazırlaşsaq da, olur. Üzərimdə heç bir şparqalka olmasa belə, yoxlama gələndə, özümdən şübhə edirəm ki, üzərimdə nəsə yoxdur, görəsən?! Yoxlayanların gəlişi belə stress yaradır. Sanki tələbəyə hər cür çətinlik şəraitini yaradırlar. İmtahanlarla bağlı gündəmimdə olan son məsələ bu idi".

 

 

Aytac Bakıxanova imtahanların variant formasında keçirilməsini tələb edir:

 

"İmtahanların yazılı surətdə deyil, variant formasında olmasını tələb edirəm. Bu hal həm müəllimlərə, həm də tələbələrə çətinlik yaradır. Vaxt məsələsini də nəzərə alsaq, bu zaman itkisinə belə yol verir".

 


Fidan İbrahimli isə bildirir ki:

 


"Əslində, konkret narazı olduğum mövzu yoxdur. Arzuolunandir ki, sualların sayı az olsun".

 

 

Çinarə Muradova