00:00:00
Yazar
Admin User
01.09.2025 13:33 189 2 dəq oxuma
İqtisadiyyat

“0,83%-lik artım ildə 100 milyon dollardan çox əlavə gəlir gətirə bilər”

“0,83%-lik artım ildə 100 milyon dollardan çox əlavə gəlir gətirə bilər”

Ötən həftə (25-31 avqust) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 69,49 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,574 dollar və ya 0,83% çoxdur. Həftə ərzində ən yüksək göstərici (V gün) – 69,74 dollar təşkil edib, ən minimal göstərici (II gün) isə 69,3 dollar səviyyəsində olub.

 

Mövzu ilə bağlı Coğrafiya üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Famil Niftiyev “İnformator.az”a açıqlamasında bildirib ki, 25–31 avqust aralığında “Azeri Light” (CIF) orta qiyməti 69,49 ABŞ dolları olub:

 

“Bu, öncəki həftəyə nisbətən 0,574 ABŞ dollar (+0,83%) artım deməkdir. Azərbaycanın gündəlik xam neft ixracı təxminən 0,5–0,6 milyon barel diapazonunda götürüldükdə, bu artım gündəlik 287–344 min dollar, həftəlik isə 2–2,4 milyon dollar əlavə bruto gəlir yaradır. İllik trayektoriya davam etsə, təxminən 105–126 milyon dollar əlavə gəlir əldə edilə bilər. Praktik müstəvidə bu, Dövlət Neft Fondunun aktivlərinin artmasına, büdcə transferlərinin möhkəmlənməsinə, borclanma ehtiyacının azalmasına və investisiya xərclərinin seçmə qaydada genişlənməsinə şərait yaradır. Eyni zamanda, əlavə valyuta daxilolmaları Mərkəzi Bankın ehtiyatlarını gücləndirə, 1,70 AZN/USD məzənnə sabitliyi fonunda valyuta bazarında tarazlığı asanlaşdıra bilər. Həftəlik 69,30–69,74 ABŞ dollar diapazonunda olan qiymət dəyişməsi kiçik görünsə də, həm risk, həm də imkanlar yaradır. Risk tərəfdən, hasilatın təbii tənəzzülü və volatillik (qiymət və gəlirlərin zaman üzrə dəyişməsi) fiskal qaydanın icrasını çətinləşdirə, büdcə gəlirlərini oynaq edə bilər. Bu, idxal malları vasitəsilə inflyasiya gözləntilərinə də təsir göstərə bilər. Uzunmüddətli layihələrin maliyyələşməsi üçün “əsas qiymətin” düzgün müəyyən olunması vacibdir. Digər tərəfdən, imkan baxımından qiymətin yuxarı trayektoriyası hasilatın sabit saxlanması, texniki tədbirlərin (su yeridilməsi, qazlift və s.) maliyyələşdirilməsi və yeni CAPEX (kapital xərclər) layihələrinin əsaslandırılması üçün əlverişli şərait yaradır. Bundan əlavə, bərpa olunan enerji layihələrinin xüsusilə külək və günəş enerjisi ilə bağlı ixrac marşrutları Dövlət Neft Fondu dəstəyi ilə maliyyələşdirilməsinə imkan açır. Bu səbəbdən də dövlətin siyasəti konservativ büdcə qiyməti, fiskal intizam, gəlirlərin hedcinq mexanizmləri və Mərkəzi Bank– Dövlət Neft Fondunun koordinasiyasına əsaslanmalıdır”.

 

Ekspert qeyd edib ki,69,3–69,74 ABŞ dollar aralığında olan qiymət sabitliyi OPEC+ üçün kəskin kurs dəyişikliyi siqnalı deyil:

 

“Həftəlik artım cəmi 0,83% olduğundan, bu daha çox mövcud kəsinti siyasətinin davamı üçün arqumentlər yaradır. Qiymətlərin 70 ABŞ dollar ətrafında saxlanılması OPEC+ ölkələrinin fiskal ehtiyaclarını qarşılamaqla yanaşı, qlobal tələbə də mənfi təsir göstərmir. Əgər bu sabitlik bir neçə həftə davam etsə, bəzi ölkələr könüllü kəsintilərin yumşaldılmasını gündəmə gətirə bilər. Əks halda, qiymət 60 dolların ortalarına sürüşərsə, kvotalara daha sərt riayət tələbi və koordinasiya siqnalları arta bilər. Azərbaycan isə OPEC+ çərçivəsində qeyri-OPEC tərəfdaş kimi, hasilat planlamasını sabit saxlamaqla əlavə gəliri daha çox fiskal dayanıqlığın gücləndirilməsinə yönəltməlidir”.

 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər