1 milyard dollarlıq fond: Azərbaycan və Çin investisiya əməkdaşlığını genişləndirir
Azərbaycan və Çin arasında ümumi kapitalı 1 milyard dollar olan Birgə İnvestisiya Fondu yaradılır. Fond Azərbaycanda və “Bir kəmər, bir yol” təşəbbüsünə daxil olan ölkələrdə logistika, nəqliyyat, enerji, sənaye və rəqəmsal texnologiyalar üzrə layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən iqtisad üzrə fəlsəfə doktoru Xalid Kərimli bildirib ki, fondun yaradılması Azərbaycan və Çin arasında investisiya əməkdaşlığının genişləndirilməsi baxımından mühüm addımdır:
"Bu, iki ölkə arasında əməkdaşlıq baxımından mühüm addımdır. Burada əsas məsələ fondun məbləğindən daha çox, vəsaitlərin hansı layihələrə, hansı şərtlərlə və real olaraq nə zaman yönəldiləcəyidir. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə investisiyalar yatırılarsa, əhəmiyyətli nəticələr əldə oluna bilər. Xüsusilə sahibkarların əsas problemlərindən biri olan uzunmüddətli kapitala çıxış imkanlarının məhdudluğu baxımından bu fond mühüm rol oynaya bilər".
Ekspert bildirib ki, investisiyaların logistika, bərpa olunan enerji, sənaye və rəqəmsal texnologiyalar kimi sahələrə yönəldilməsi Azərbaycan üçün yeni imkanlar yarada bilər:
"Azərbaycan və Çinin maraqlarının uyğunlaşdığı bir sıra istiqamətlərdə imkanlar yarana bilər. Bunlara logistika və nəqliyyat, xüsusilə Orta Dəhliz, bərpa olunan enerji, sənaye istehsalı, enerji infrastrukturu və rəqəmsal texnologiyalar daxildir. Çin şirkətlərinin Azərbaycanda Qafqaz bazarına yönələn istehsal müəssisələri yaratması da mümkün istiqamətlərdən biridir. Bundan əlavə, telekommunikasiya, data mərkəzləri və süni intellekt infrastrukturu kimi sahələrdə əməkdaşlıq imkanları mövcuddur. Fond yalnız Azərbaycandakı deyil, “Bir kəmər, bir yol” və Orta Dəhliz üzərində yerləşən digər ölkələrdə qarşılıqlı maraq doğuran layihələrin maliyyələşdirilməsinə də imkan yarada bilər".
Ekspert sonda onu qeyd edib ki, fondun yaradılması müsbət addımdır, lakin onun real faydası və iqtisadi nəticələri vəsaitlərin hansı layihələrə yönəldilməsindən asılı olacaq:
"Bu, birdəfəlik layihələrdən daha uzunmüddətli və institusional əməkdaşlığa keçid baxımından əhəmiyyətlidir və Azərbaycan-Çin əlaqələrinin inkişafına müsbət təsir göstərə bilər. Lakin burada əsas məsələ fondun 1 milyard dollarlıq həcmi deyil, həmin vəsaitlərin necə istifadə olunacağıdır. Xüsusilə investisiyaların qeyri-neft sektorunun inkişafına, ixracın artırılmasına və yeni istehsal sahələrinin yaradılmasına yönəldilməsi vacibdir. Eyni zamanda, Çin şirkətlərinin Azərbaycana yeni texnologiya, bilik və idarəetmə təcrübəsi gətirib-gətirməyəcəyi də fondun real nəticələrini müəyyən edən əsas amillərdən olacaq. Bu baxımdan fondun yaradılması müsbət addım olsa da, onun konkret iqtisadi nəticələri gələcəkdə həyata keçiriləcək layihələrdən asılı olacaq".
Fatimə İbrahimova