10 dəqiqə gecikdi deyə əsəbiləşirik… bəs o nə yaşayır?
Gündəlik həyatımızda demək olar ki, hər gün kuryer xidmətlərindən istifadə edirik. Yemək sifariş edirik, paket gözləyirik və hər şeyin tez çatmasını istəyirik. Amma heç düşündükmü, o sifarişi bizə çatdıran insan hansı şəraitdə işləyir? Yağışda, soyuqda, bəzən isə təhlükəli şəraitdə çalışan kuryerlər həm zamanla yarışır, həm də müştəri narazılığı ilə üzləşir. Bəs bu, sadəcə xidmət sahəsidir, yoxsa görünməyən bir istismar forması?
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında vəkil Zibeydə Sadıqova bildirib ki, kuryer (işçi) hüquqlarının qorunması ilə bağlı ciddi problemlərimiz mövcuddur:
“Ən böyük problem odur ki, Həmkarlar İttifaqı yoxdur və ya varsa, o, işçilərin maraqlarını qorumur. Əslində, işçilər qruplaşmalıdırlar. Bu qruplaşma Həmkarlar İttifaqında olur. Bütün dünyada da yanaşma belədir. Zaman-zaman mediadan görürük ki, Kanada da avia şirkət işçiləri tətillər edir və ya Fransada fermerlər tətil edir. Bu tətilləri təşkil edən, işçilərin narazılığını hökumətə çatdıran məhz işçi qrupları, yəni həmkarlar ittifaqıdır. Bizim kuryerlərin və digər işçilərin (satıcı, fəhlə, sürücü və s.) əsas problemi burdan qaynaqlanır. Kuryerlərin hüquqları Əmək Məcəlləsi ilə tənzimlənməlidir. Onlarla əmək müqaviləsi bağlanmalıdır. Belə olan halda, onların məvacibi, təhlükəsizliyi, məzuniyyət hüquq və s. qorunacaq. Əgər rəsmi müqavilələri olarsa, o zaman, rəsmi bonus, cərimlər və əməkhaqqı əvvəlcədən bilinəcək. İş saatları və şərtləri aydın qeyd ediləcək. Əlavə iş saatlarına görə, gecə iş saatlarına görə ədalətli və qanunla müəyyən eidlmiş həcmdə məvacib alacaqlar. Həmçinin, yol təhlükəsizliyi üçün müəyyən edilən qoruyucu vasitələr (helmet, dizlik, sərt paltar və s.), sığorta, riskli şəraitdə işləməmək kimi hüquqları təmin ediləcək. Onlara təhlükəsiz, ləyaqətli iş şəraiti və iş rejimi yaradılacaq. Üstəlik, şikayət etmək kimi imkanları olacaq. Lakin bizim kuryerlərin üzləşdiyi problemlərdən biri də iş saatının və ya sifarişin azaldığı təqdirdə gəlirlərin də azalmasıdır. Kuryerlərlə əmək müqaviləsi bağlanmayanda məzuniyyət hüququndan, sığorta və pensiya hüququndan məhrum olurlar. Həftəyə 40 saat işləyəndə günə 10 saatdan çox işləmək məcburiyyətində qala bilirlər. Nəticədə, yorğun, bəzən aqressiv olurlar və iş keyfiyyətləri aşağı düşür. Moped və ya motosiklet, velosipedlə işləyən kuryerlərin vəziyyəti daha acınacaqlıdır. Onlar pis hava şəraitində də işləmək məcburiyyətində olurlar. Nəticədə, tez-tez qəzalar baş verir. Bu problemlərin həlli yolu isə Əmək Məcəlləsində kuryer və işçi hüquqlarının qorunması üçün inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanaraq, yeni normalar salmaq və mövcud qanunları təkmilləşdirmək, işçi hüquqlarının müdafiəsi üçün birliklər yaratmaq, işçiləri qanunsuz işlədən, işəgötürənlər barədə sərt cərimələr və məsuliyyət müəyyən edilməlidir”.
Banuçiçək Məmmədova