00:00:00
Yazar
Səadət Əlizadə
10.11.2026 20:02 15 3 dəq oxuma
Siyasət

10 Noyabr Zəfəri: Tarixə yazılan qələbədən 6 il ötür

10 Noyabr Zəfəri: Tarixə yazılan qələbədən 6 il ötür

Bu gün 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli Bəyanatdan 6 il ötür. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Şuşa da daxil olmaqla bir sıra əraziləri işğaldan azad edib. Bəyanata əsasən, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarıb, hərbi əməliyyatlar dayandırılıb. 2023-cü il sentyabrın 20-də keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanın suverenliyi tam bərpa olunub. 2024-cü ilin iyununda isə Rusiya sülhməramlıları ölkə ərazisini tam tərk edib.



Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında deputat Azər Allahverənov bildirib ki, üçtərəfli Bəyanatın şərtlərinə əsasən Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması nəticə etibarilə bir güllə atılmadan ölkəmizin suverenliyinin bərpası kimi qiymətləndirilməlidir:

 


“Digər tərəfdən, bu hadisə ümumiyyətlə çox böyük hərbi itkilərin qarşısını alan mühüm addım kimi dəyərləndirilməlidir. Üçtərəfli Bəyanat məğlub olan Ermənistanın imzaladığı kapitulyasiya aktı olaraq bu ölkənin üzərinə böyük öhdəliklər qoyub. Kəlbəcər strateji cəhətdən mürəkkəb dağ-relyefinə malik ərazi idi və burada döyüşlərin aparılması çox çətin olmaqla yanaşı, böyük itkilərlə müşayiət olunardı. Eyni sözləri Laçın barədə də deyə bilərik. Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi zamanı həmin rayonlarda hər iki tərəf çox böyük itkilər verib. Ağdama gəldikdə isə, bu rayon Ermənistan silahlı qüvvələrinin yeddiqat müdafiə xətti və mürəkkəb istehkam qurğuları ilə təchiz olunub. Müharibədən dərhal sonra Ağdama  səfərimiz zamanı həmin dərinləşdirilən istehkam xəttlərini öz gözümüzlə gördük. Aydın idi ki, həmin istiqamətdə döyüşlər aparılsaydı, çox ağır və böyük itkilərlə nəticələnən döyüşlər olardı”.

 


Müsahib qeyd edib ki, Ermənistan nəzarətində saxladığı torpaqlardan könüllü çıxmaq istəmirdi:

 


“Azərbaycan Ordusu isə hər qarış uğrunda fədakarlıqla döyüşərək qəhrəmanlıq salnaməsi yazıb. Amma kapitulyasiya aktına imza atılmaqla Ermənistan öz əsgərlərinin həyatını məhv olmaqdan xilas edib. Həmin rayonların Azərbaycana qaytarılması ölkəmizin strateji üstünlüyünü möhkəmləndirib. Azərbaycan geniş ərazidə müşahidə imkanları qazanıb, Kəlbəcər və Laçın istiqamətində dövlət sərhədinə qədər konstitusiya rejimini bərqərar edib. Bu isə həm siyasi, həm hərbi, həm də psixoloji baxımdan böyük üstünlük qazandırıb”.

 

Deputat qeyd edib ki, 2023-cü il sentyabrın 19–20-də cəmi 23 saat ərzində həyata keçirilən antiterror tədbirləri erməni silahlı birləşmələrinin mülki vətəndaşlarımıza qarşı törətdiyi hərbi təxribatlara verilən qətiyyətli cavab olub:

 


“Bu əməliyyat 15 minlik erməni silahlı qüvvələrinin müqavimətini qısa müddətdə sındırıb. Nəticədə Ermənistan işğal altında saxladığı torpaqlardan tamamilə əl çəkməyə məcbur qalıb. Bu hadisə Qarabağ münaqişəsinin həllinin kulminasiya nöqtəsi olub və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə döyüş meydanında tam qələbə əldə edilib.
Bununla da Ermənistan-Azərbaycan münaqişəsi tarixə gömülübvə postmünaqişə dövrü başlayıb”.

 


Deputatın sözlərinə görə, bu dövrün əsas hadisələrindən biri Rusiyanın sülhməramlı qüvvələrinin 2024-cü ilin iyununda ölkə ərazisini tərk etməsidir, digəri isə, 1992-ci ildən mövcud olan ATƏT-in Minsk qrupunun 2025-ci il dekabrın 1-dən etibarən fəaliyyətini dayandırması olub:

 


“Nəticədə Cənubi Qafqazda münaqişə ocağına son qoyulub, erməni separatizmi kökündən məhv edilib və separatçı rejimin rəhbərləri Bakıda hərbi cinayətlər məhkəməsində törөtdikləri vəhşiliklərə görə mühakimə olunaraq cəzalarını çəkməkdədirlər.
Suverenliyin bütün ərazidə bərqərar olması Cənubi Qafqazda dayanıqlı iqtisadi inkişafı şərtləndirən yeni siyasi reallıq yaradıb. Bunun üçün sülhün dayanıqlı olması və təhlükəsizlik sisteminin qurulması zəruridir. Cənab Prezidentin də qeyd etdiyi kimi, sülh var, lakin kövrəkdir və onu gücləndirmək üçün sülh sazişi imzalanmalıdır. Bunun üçün Ermənistan öz konstitusiyasından Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ehtiva edən müddəaları çıxarmalıdır.
Kommunikasiyaların açılması da postmünaqişə dövrünün əsas xüsusiyyətlərindəndir”.

 


Nəticə olaraq ekspert qeyd edib ki, Üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtariyyəti arasında nəqliyyat əlaqəsini təmin etməlidir:

 


“Ermənistan bu istiqamətdə hələlik addım atmasa belə, alternativ Zəngəzur layihəsinin işə salınması bu tələbin yerinə yetirilməsinə xidmət edəcək. Bütün bunlar Cənubi Qafqazla yanaşı, Avrasiya qitəsində mühüm enerji, nəqliyyat və logistika layihələrinin reallaşdırılması üçün yeni imkanlar açır”.

 

 

Aysu Abbasova

#baki #ötür #zəfəri: #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər