İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
İlham Əliyev bəyan edib ki, Türkiyə dünya miqyasında böyük gücdür.
Mövzu ile bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, Azərbaycanla Türkiyə bir bədəndə iki candır:
“Bir millətin iki dövlətini təşkil edirik. Heç bir ayrılığımız ola bilməz. Heç kəs də bizim aramıza girə bilməz. Əlbəttə ki, Azərbaycan bir tərəfdə, Türkiyə isə digər tərəfdə olmaqla, bölgəmizdə, əslinə qalsa, nəhəng bir güc kimi təzahür edirik. O baxımdan düşünürəm ki, qüvvələr balansında Azərbaycanla Türkiyənin birliyi, eləcə də Azərbaycan və Türkiyənin daxil olduğu Türk Dövlətləri Təşkilatı yeni bir güc mərkəzidir. Bu güc mərkəzi ilə, sadəcə bölgə ölkələri deyil, qlobal səviyyədə dünyanın hər tərəfindəki ölkələr də hesablaşmalıdırlar. Təbii ki, söhbət burada hərbdən və zorakılıqdan getmir. Biz sadəcə olaraq dünyanın hər tərəfində ortaq maraqlarımızın diqqətə alınmasını nəzərdə tuturuq. Azərbaycanla Türkiyənin birliyi digər türk dövlətləri ilə birliyimiz üçün örnək təşkil edir. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, münasibətlərimiz dünyada analoqu olmayan ikitərəfli münasibətlərdir”.
Siyasi şərhçinin sözlərinə görə, bunların arasında, əlbəttə ki, ilk sırada müstəqil türk dövlətləri gəlir:
“Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti.İkinci sırada isə hələ də Rusiya və Çin kimi dövlətlərin nəzarəti altında olan türk xalqları və bölgələri gəlir. Bunlara Tatarıstan, Çuvaşıstan, Tuva, Saxa (Yakutiya), Altay, Xakasiya kimi bölgələri aid etmək olar. Eləcə də tam türk dövləti və ya türk respublikası olmasalar da, Dağıstan, Çeçenistan, İnquşetiya və digər xalqları da qeyd etmək lazımdır. Təbii ki, İrandakı Güney azərbaycanlılarını da unutmuruq. Eyni zamanda, Çinin nəzarəti altında olan Doğu Türküstanı, Şərqi Türküstanı da unutmuruq. Bundan əlavə, dünyanın müxtəlif coğrafiyalarında yaşayan digər türk xalqlarını da diqqətdən kənarda qoymuruq. Demək istədiyim odur ki, bizim birliyimiz onlar üçün də əlavə motivasiya mənbəyidir”.
Selcan Xudiyeva