00:00:00
Yazar
Zəhra Həsənova
10.11.2026 09:22 10 2 dəq oxuma
Siyasət

“Avropa üçlüyü” Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda iştirak edəcək

“Avropa üçlüyü” Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda iştirak edəcək

Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə keçirilməsi planlaşdırılan danışıqlara Avropa ölkələrinin də qoşulmaq istəyi diqqət çəkir. Böyük Britaniya, Fransa və Almaniyadan ibarət “Avropa üçlüyü”nün iştirakı isə Avropanın prosesdə söz sahibi olmaq niyyətini göstərir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Müşfiq Abdulla bildirib ki, Avropa İttifaqı və Böyük Britaniya Ukraynanın təhlükəsizliyinin Avropanın təhlükəsizliyi ilə birbaşa bağlı olduğunu əsas gətirərək sülh danışıqlarında iştirak etmək istəyirlər.

 

“Son vaxtlar Avropa ölkələri Ukrayna böhranının həllinə dair danışıqlarda iştirak etmək istəyini açıq şəkildə nümayiş etdirirlər. Bu, Avropa İttifaqı və Böyük Britaniyanın müharibənin yalnız ABŞ–Rusiya və ya ABŞ–Rusiya–Çin müstəvisində həll olunmasına qarşı olduğunu göstərir. Çünki Ukraynanın təhlükəsizliyi eyni zamanda Avropanın təhlükəsizliyi deməkdir. Bu baxımdan, Avropa ölkələrinin maraqlarının nəzərə alınmaması mümkün deyil”. 

 

Ekspert qeyd edib ki, hazırkı danışıqlar formatında qüvvələr nisbəti Ukraynanın xeyrinə deyil. Avropa prosesdən kənarlaşdırılıb, Tramp administrasiyası isə müəyyən mənada Rusiya ilə eyni mövqedən çıxış edərək Kiyevi təslimçi sazişə razı salmağa çalışır. Çin də özünü neytral göstərsə də, geosiyasi maraqları baxımından daha çox Rusiyanın mövqeyini müdafiə edir. Məhz buna görə Avropanın danışıqlar masasında təmsil olunması vacibdir. Əks halda, Avropa İttifaqı və Böyük Britaniya Ukraynanı silahlandırmaqda davam edəcək və müharibə illərlə uzana bilər.

 

Müşfiq Abdullanın sözlərinə görə, noyabrın 10–11-də Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında keçirilməsi gözlənilən danışıqlarda Avropa da iştirak etmək istəyir. Lakin Moskva bu təşəbbüsə qarşı çıxır və Ukraynanı təzyiq altında saxlayaraq ciddi güzəştlərə məcbur etməyə çalışır. Bununla belə, Əbu-Dabi görüşündən ciddi nəticə gözləmir. Hesab edir ki, Kiyevin danışıqlarda iştirakı ilk növbədə ABŞ-nin təzyiqlərini neytrallaşdırmağa və vaxt qazanmağa hesablanıb. Ukrayna həm özünün sülh tərəfdarı olduğunu nümayiş etdirmək, həm də ABŞ-dən hərbi yardım əldə etmək istəyir.

 

Siyasi şərhçi qeyd edir ki, Kiyev ABŞ Konqresində yeni tərkibin fəaliyyətə başlamasına qədər vaxt qazanmağa çalışır. Demokratların mövqelərinin güclənməsi Ukraynanın hərbi və maliyyə yardımları əldə etmək, eləcə də Rusiyaya qarşı əlavə sanksiyalara nail olmaq imkanlarını artıra bilər. Zelenskinin Türkiyəyə və Almaniyaya səfərləri də Ukraynanın Avropa İttifaqı və Böyük Britaniyanın iştirakı ilə alternativ danışıqlar formatı yaratmaq cəhdləri ilə əlaqələndirilə bilər. Bu baxımdan, gələcək müzakirələrin Türkiyədə keçirilməsi də mümkündür.

 

Ekspert hesab edir ki, Əbu-Dabi görüşü müvəqqəti addımdır və ciddi nəticə verməyəcək. Avropanın danışıqlardan kənarda saxlanılması münaqişənin uzanması ehtimalını artırır. ABŞ Konqresində yeni tərkibin fəaliyyətə başlamasından sonra Rusiyaya təzyiqlər arta, qüvvələr nisbəti dəyişə və Avropanın maraqları daha çox nəzərə alına bilər. Bu proses isə 2027-ci ildə danışıqların dayandırılmasına və ya ən azı dondurulmasına gətirib çıxara bilər.

Arzum Ağazadə

#danışıqlarda #baki #yeni #edəcək
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər