134 il sonra belə sirr olaraq qalan qətllər - Lizzie Bordenin hekayəsi
1893-cü ilin iyununda ABŞ-da Lizzie Borden atasını və ögey anasını öldürməkdə ittiham olunaraq məhkəmə qarşısına çıxarıldı. Lakin məhkəmə onu təqsirli hesab etmədi. Buna baxmayaraq, hadisə ABŞ cinayət tarixinin ən məşhur açılmamış sirlərindən birinə çevrildi.
Aradan 134 il keçməsinə baxmayaraq, Lizzie Bordenin adı hələ də həmin qətllərlə yanaşı çəkilir. Hadisə haqqında romanlar yazılıb, filmlər çəkilib, müxtəlif nəzəriyyələr irəli sürülüb. İndi isə məşhur “Monster” serialının yaradıcıları Rayan Mörfi və İan Brennan bu hekayəni ekranlaşdıraraq yenidən gündəmə gətiriblər.
“Monster” serialının əvvəlki mövsümlərində məşhur cinayətkarlar Cefri Damer, qardaşlar Layl və Erik Menendez, həmçinin Viskonsin ştatında qətllər törətməklə yanaşı məzarları qazdığı məlum olan Ed Gin kimi şəxslərin hekayələrindən bəhs edilib.
Serialın yaradıcılarının diqqət mərkəzində olan əsas sual isə dəyişməz qalır: “Canavarlar doğulur, yoxsa sonradan belə olurlar?”
Dördüncü mövsümdə bu sualın cavabı üçün seçilən şəxs Lizzie Bordendir.
Dəhşətli cinayət
1892-ci ilin avqustunda Massaçusets ştatının Fall River şəhərində baş verən hadisə ABŞ-ın ən məşhur cinayət işlərindən birinə çevrildi.
Hadisə o qədər məşhurlaşıb ki, illər ərzində ABŞ məktəblilərinin belə əzbər söylədiyi bir uşaq şeirində Lizzie Borden qətllərin əsas qəhrəmanı kimi təqdim olunub. Şeirdə onun balta ilə anasına 40, atasına isə 41 zərbə vurduğu deyilir.
Lakin bu məşhur misraların bir sıra detalları doğru deyil.
Əvvəla, qətldə istifadə edilən alət böyük balta deyil, bir əllə istifadə edilə bilən daha kiçik balta tipli alət – hatçet olub. Bundan başqa, zərbələrin sayı da şeirdə şişirdilib.
Hadisənin özü isə kifayət qədər dəhşətli idi.
64 yaşlı Abby Borden Andrew Bordenin ikinci həyat yoldaşı və onun iki subay qızının – 41 yaşlı Emma və 32 yaşlı Lizzie-nin ögey anası idi.
1892-ci ilin isti avqust səhərində naməlum şəxs əvvəlcə Abby Bordenə hücum edib. Bir saatdan çox sonra evə qayıdan Andrew Borden də öldürülüb.
Lizzie-nin çağırdığı polis atasını qonaq otağındakı divanda tapıb. O, başına endirilən 11 balta zərbəsi nəticəsində demək olar ki, tanınmaz hala düşmüşdü.
Şübhələr necə Lizzieyə yönəldi?
Cinayətin vəhşiliyi səbəbindən polis əvvəlcə Lizzie Bordendən şübhələnmirdi. O, sakit xarakterli qadın kimi tanınır, Fall River şəhərindəki Mərkəzi Konqreqasional kilsəsində müəllim işləyirdi.
Lakin istintaq zamanı onun həmin səhər harada olması ilə bağlı verdiyi ifadələr dəfələrlə dəyişdi.
Qətl baş verən zaman evdə yalnız Lizzie və ailənin irlandiyalı qulluqçusu Bridget Sullivan vardı. Lizzie-nin bacısı Emma həmin vaxt şəhərdən kənarda idi, evdə qalan digər şəxs isə evdən çıxmışdı.
Bundan başqa, ailədə problemlərin olduğu barədə qonşuların və ailə dostlarının da məlumatı vardı.
Andrew Borden kifayət qədər varlı olsa da, xəsisliyi ilə tanınırdı. Qızlarını şəhərin daha ucuz və baxımsız hissəsində yaşamağa məcbur edir, ev xərclərinə qənaət edirdi. Eyni zamanda ikinci həyat yoldaşının ailəsinə maddi yardım göstərirdi.
Bu vəziyyət ailə daxilində gərginliyin əsas səbəblərindən biri hesab olunurdu.
Zəhər iddiası və yandırılan paltar
İstintaqın gedişində Lizzie Bordenlə bağlı daha iki şübhəli məqam ortaya çıxdı.
Yerli əczaçı polislərə bildirdi ki, Lizzie qətllərdən bir gün əvvəl zəhərli pruss turşusu almağa cəhd edib.
Bundan sonra hakim onun həbsinə qərar verdi.
Dekabr ayında isə Lizzie-nin dostlarından biri böyük münsiflər heyətinə ifadə verərək onun qətllərdən bir neçə gün sonra bir paltarı sobada yandırdığını bildirdi. İddialara görə, yandırılan paltar Lizzie-nin özünə məxsus idi.
Nəticədə ona qarşı rəsmi qətl ittihamları irəli sürüldü və məhkəmə prosesi növbəti ilin iyun ayına təyin edildi.
Məhkəmədə Lizzie necə görünürdü?
Tarixçi və Fall River sakini Cozef Konforti “Lizzie Borden on Trial: Murder, Ethnicity and Gender” kitabında yazır ki, Lizzie atasından qalan pullardan istifadə edərək Bostonun tanınmış vəkilini öz müdafiəsinə cəlb etmişdi.
Həmin dövrdə münsiflər heyətində yalnız kişilər iştirak edə bilirdi.
Konfortinin təsvirinə görə, müdafiə tərəfi Lizzieyə məhkəməyə qara geyimdə gəlməyi tövsiyə etmişdi. O, məhkəmə zalında bədənini sıxan korsetlə, uzun və axıcı geyimdə, bir əlində gül buketi, digər əlində isə yelpiklə görünürdü.
Bu obraz məhkəmədə onun haqqında formalaşdırılacaq təsəvvür baxımından mühüm rol oynadı.
Lizzie Borden niyə bəraət aldı?
Qətl silahı heç vaxt tapılmadı. Lizzie-nin qətldən əvvəl zəhər almağa cəhd göstərməsi ilə bağlı iddia da məhkəmədə sübut kimi qəbul edilmədi.
Beləliklə, ittiham tərəfinin əlində əsasən dolayı sübutlar qaldı.
Münsiflər heyəti Lizzie Bordenin cinayətləri törətmək üçün kifayət qədər fiziki gücə və mənəvi qəddarlığa sahib olduğuna inanmadı.
Qərarın verilməsi uzun çəkmədi və Lizzie Borden hər iki qətldə təqsirli bilinməyərək bəraət aldı.
Lakin bu, hadisənin onun həyatından silinməsi demək deyildi.
Heç kim bu qətllərlə bağlı ikinci dəfə mühakimə olunmadı. Lizzie isə ömrünün sonuna qədər şübhə altında yaşadı. Doğma şəhərində bir çox insan ondan uzaq durdu.
Niyə 134 il sonra belə bu hadisə maraq doğurur?
Lizzie Borden işi illər ərzində yazıçıların, dramaturqların, şairlərin, hətta opera bəstəkarlarının və rok musiqiçilərinin diqqətini çəkib.
“Lizzie Borden” hekayəsinin bu qədər məşhur olmasının səbəblərindən biri isə işin heç vaxt tam həll edilməməsidir.
“Lizzie Borden məhkəməsi” kitabının müəllifi Kara Robertsonun sözlərinə görə, bəraət qərarı hadisəni açıq sual olaraq saxlayır.
Onun fikrincə, bu iş klassik detektiv hekayəsi üçün lazım olan bir çox elementə malikdir: şübhəlilərin sayı məhduddur, hadisənin gedişində vaxt və alibilər mühüm rol oynayır. Əgər Lizzie Bordenin qatil olduğunu qəbul etsək, o zaman qarşımızda sadəcə cinayət hekayəsi deyil, dərin psixoloji dram yaranır.
Hadisə kino və ədəbiyyatda
Yazıçılar onilliklər ərzində Lizzie Borden və onun ətrafındakı insanlardan bəhs edən çoxsaylı romanlar və hekayələr yazıblar.
1982-ci ildə Anjela Karter “The Fall River Axe Murders” adlı qısa hekayəsində qətldən əvvəlki saatları təsvir edib. Əsərdə hadisənin baş verdiyi evdəki boğucu atmosfer və ailədaxili gərginlik ön plana çıxarılıb.
Lizzie Bordenin hekayəsi ekran əsərlərində də müxtəlif formalarda təqdim olunub.
1975-ci ildə çəkilən “The Legend of Lizzie Borden” televiziya filmi ən çox diqqət çəkən ilk ekranlaşdırmalardan biri olub. Filmdə Lizzie obrazını “Bewitched” serialı ilə məşhurlaşan Elizabet Montqomeri canlandırıb. Aktrisa bu rola görə “Emmy” mükafatına namizəd göstərilib.
2014-cü ildə çəkilən “Lizzie Borden Took an Ax” televiziya filmində isə Lizzie rolunu Kristina Riçi canlandırıb. Bu versiyada o, daha hiyləgər və manipulyativ obraz kimi təqdim olunub. Ardınca “The Lizzie Borden Chronicles” adlı səkkiz seriyalı mini-serial da çəkilib.
2018-ci ildə ekranlaşdırılan “Lizzie” filmində isə hadisəyə daha fərqli yanaşma təqdim olunub. Xloya Sevinyinin canlandırdığı Lizzie patriarxal ailə mühitində sıxışdırılan və nəticədə qətlə sövq edilən qadın kimi təsvir olunub.
Filmdə Lizzie ilə ailənin qulluqçusu Bridget Sullivan arasında romantik münasibət də göstərilir. Bu xətt daha əvvəl Evan Hanterin 1984-cü ildə yazdığı “Lizzie” romanında da işlənib.
Netflix-in yeni Lizzie Bordeni
İndi isə hekayəyə Netflix-də yayımlanan “Monster: The Lizzie Borden Story” serialı yeni baxış gətirir.
Lizzie Borden obrazını Ella Beatty canlandırır. Uorren Bitti və Annet Beninqin qızı olan aktrisa serialın qadın qəzəbi və qadınların düşdükləri vəziyyətlərə reaksiyası kimi mövzuları araşdırdığını bildirib.
Serialın yaradıcılarından Rayan Mörfi də Borden işi üzərində işləməyin maraqlı olduğunu deyib. Onun fikrincə, hekayədə qadınlar və cəmiyyət arasındakı münasibətlərə dair mövzular var və bunlar bu gün də aktuallığını qoruyur.
Yeni ekranlaşdırmada Lizzie ilə Bridget Sullivan arasında yaxın münasibətin yenidən ön plana çıxarılacağı görünür.
Lakin tarixçi Kara Robertson bu yanaşmaya ehtiyatla yanaşır. O bildirir ki, uzun illər ərzində yazıçı və rejissorlar hekayədə olmayan kişi sevgili obrazı yaradıblar. Sonrakı dövrlərdə isə diqqət evdə olan qadına – qulluqçu Bridget Sullivan-a yönəlib.
Robertsonun fikrincə, Lizzie ilə Bridget arasında romantik münasibətin olub-olmadığını təsdiqləyən fakt yoxdur.
O, Lizzie-nin qulluqçusuna münasibətinin belə bu versiyanı müəyyən qədər şübhə altına aldığını qeyd edir. Belə ki, Lizzie Bridget Sullivanı əsl adı ilə çağırmır, əvvəlki qulluqçunun adı olan “Maggie” deyə müraciət edirdi.
Beləliklə, Lizzie Borden işi 134 il sonra da yekun cavabı olmayan bir cinayət sirri olaraq qalır. Onun günahkar olub-olmadığı heç vaxt tam sübuta yetirilməyib. Lakin məhz bu qeyri-müəyyənlik hadisənin ədəbiyyatda, kinoda və televiziyada dəfələrlə yenidən canlandırılmasına imkan verir.
Bəlkə də Lizzie Borden hekayəsinin ən böyük sirri elə budur: biz onun qatil olub-olmadığını heç vaxt dəqiq bilməyəcəyik, amma onun hekayəsi hər yeni nəsildə yenidən danışılacaq.
Elmira Ağayeva