Bir il xarab olmayan çörək: İtaliyanın əsrlik sirri
İtaliyanın cənubunda hazırlanan ənənəvi Friselle çörəyi uzun müddət saxlanılması ilə diqqət çəkir. Xüsusi hazırlanma üsulu sayəsində bu çörək hava keçirməyən qablaşdırmada, sərin, qaranlıq və quru yerdə saxlanıldıqda bir ilədək xarab olmur.
BBC-nin məlumatına görə, Friselle çörəyi iki dəfə sobada bişirilir. İlk bişirmədən sonra iki hissəyə ayrılan çörək yenidən sobaya qoyularaq təxminən bir saat yarım qurudulur. Bu üsul onun tərkibindəki nəmi demək olar ki, tamamilə aradan qaldırır və kif yaranmasının qarşısını alır.
Tarixçilərin fikrincə, Friselle çörəyinin hazırlanma ənənəsi təxminən iki min il əvvələ gedib çıxır. Vaxtilə dənizçilər uzun səfərlər zamanı, eləcə də səyyahlar və zəvvarlar bu çörəkdən ərzaq ehtiyatı kimi istifadə ediblər.
Hazırda çörək əsasən buğda və arpa unundan, həmçinin müxtəlif taxıl qarışıqlarından hazırlanır. Onu yemək üçün əvvəlcə suda yumşaldır, daha sonra üzərinə pomidor, zeytun yağı, göyərti və müxtəlif tərəvəzlər əlavə edirlər.
Bu gün Friselle İtaliyanın cənubunda həm gündəlik qida, həm də müxtəlif yeməklərin hazırlanmasında istifadə olunur. Sadə hazırlanma üsulu və uzun saxlanma müddəti bu ənənəvi çörəyi xüsusi edən əsas xüsusiyyətlərdəndir.
Aysu Abbasova