00:00:00
Yazar
Zəri Bayramlı
16.11.2026 23:49 32 3 dəq oxuma
Maraqlı

Hokusainin məşhur “Böyük dalğa” əsərində gizlənən mənalar – iki əsrə yaxındır sirrini qoruyan sənət əsəri

Hokusainin məşhur “Böyük dalğa” əsərində gizlənən mənalar – iki əsrə yaxındır sirrini qoruyan sənət əsəri

Dünya incəsənətinin ən tanınmış əsərlərindən biri hesab olunan “Böyük dalğa” tablosu ilk baxışdan sadəcə nəhəng dalğalarla mübarizə aparan qayıqları təsvir etsə də, onun arxasında daha dərin mənalar gizlənir. Yapon rəssam Katsuşika Hokusainin 1831-ci ildə yaratdığı bu əsər təxminən iki əsrdir sənətsevərlərin diqqətini cəlb edir.

 

“Kanagava sahillərində dalğanın altında” adı ilə tanınan əsər bu gün daha çox “Böyük dalğa” kimi məşhurdur. Tabloda nəhəng dalğanın qayıqları udmaq üzrə olduğu dramatik bir mənzərə təsvir edilib. Dalğanın köpüklü zirvəsi sanki iti caynaqları xatırladır. Məhz bu detal vaxtilə məşhur rəssam Vinsent van Qoqun da diqqətini çəkib. O, qardaşı Teoya yazdığı məktublarda dalğaların caynaqlara bənzədiyini və gəmiləri öz ağuşuna aldığını vurğulayıb.

 

Lakin əsərə diqqətlə baxdıqda maraqlı bir məqam üzə çıxır: dalğaların arasında yalnız bir deyil, üç qayıq var. Yaponiyada “oşio-kuri-bune” adlandırılan bu uzun və ensiz yük qayıqlarının təsviri əsərin əsas məqamlarından biridir. Onların içərisindəki insanların nəhəng dalğa qarşısında aciz vəziyyəti təbiətin gücü ilə insanın mübarizəsini daha aydın göstərir.

Əsərin ən diqqətçəkən elementlərindən biri isə uzaqda, dalğaların arxasında görünən Fuci dağıdır. Yaponiyada uzunömürlülük və ölümsüzlüklə əlaqələndirilən bu dağ, dalğanın yaratdığı təhlükəli mənzərənin fonunda sakit və dəyişməz görünür. Bu qarşılaşdırma əsərin mənası ilə bağlı müxtəlif yozumlara yol açır. Bəziləri onu təbiətin insan üzərindəki üstünlüyünün təsviri, digərləri isə insanın təhlükə qarşısında dözümlülüyünün simvolu kimi qiymətləndirir.

 

Hokusainin digər əsərləri də “Böyük dalğa”nın gizli mənalarını anlamağa kömək edir. Rəssamın “Fuci dağının 36 mənzərəsi” adlı silsiləsinə daxil olan əsərlər dağın müxtəlif tərəflərdən təsvirini təqdim edir. Bu silsilədə rəssamın təbiət, insan həyatı və zamanın keçiciliyi ilə bağlı düşüncələri öz əksini tapır.

 

Məsələn, “Kay əyalətində Kajikazava” adlı əsərdə fırtınalı çayın sahilində balıq tutan bir insan təsvir olunub. Kiçik insan fiquru ilə arxa plandakı əzəmətli Fuci dağı arasındakı kontrast insanın təbiət qarşısındakı mövqeyini xatırladır. Digər bir əsərdə isə taxta çəllək hazırlayan ustanın işi ilə dağın təsviri bir araya gətirilir. Çəlləyin dairəvi forması Fuci dağına baxış üçün çərçivə rolunu oynayır.

 

Bu əsərləri “Böyük dalğa” ilə müqayisə etdikdə Hokusainin təbiəti yalnız gözəllik və təhlükə mənbəyi kimi deyil, həm də dəyişkənliyin və həyatın keçiciliyinin ifadəsi kimi təqdim etdiyi görünür. Rəssamın təsvirlərində eyni dağ bəzən əzəmətli, bəzən isə demək olar ki, görünməz vəziyyətdədir.

 

Bu gün Hokusainin “Böyük dalğa” əsərinin təsvirinə emojilərdən və memlərdən tutmuş müxtəlif suvenirlərə və Yaponiyanın 1000 yenlik əskinasına qədər bir çox yerdə rast gəlmək mümkündür. Əsərin bu qədər məşhurlaşmasına baxmayaraq, onun hər baxışda yeni bir detal və məna ortaya çıxarması marağı hələ də canlı saxlayır.

 

Hokusainin “Fuci dağının 36 mənzərəsi” silsiləsinə daxil olan əsərlər hazırda Londonun Dulviç Rəsm Qalereyasında nümayiş etdirilir. Sərgi Böyük Britaniyada ilk dəfə silsilənin bütün əsərlərini, eləcə də sonradan əlavə edilmiş 10 təsviri bir araya gətirir. Ekspozisiya 17 yanvar 2027-ci il tarixinədək ziyarətçilər üçün açıq olacaq.

 

Ada Hacızadə

#gizlənən #mənalar #yaxındır #“böyük #dalğa”
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər