00:00:00
Yazar
Ayşən Səlimova
02.04.2026 21:08 33 4 dəq oxuma
Sosial

135 nömrəli avtobusdan-ŞİKAYƏT

135 nömrəli avtobusdan-ŞİKAYƏT

Son dövrlərdə şəhərdaxili ictimai nəqliyyatda, xüsusilə avtobusların gecikməsi problemi sərnişinlərin gündəlik həyatına ciddi təsir göstərir. İşə, dərsə və digər vacib görüşlərə tələsən insanlar üçün vaxtında gəlməyən avtobuslar həm vaxt itkisinə, həm də stressə səbəb olur. Bu problem təkcə fərdi narahatlıq yaratmır, eyni zamanda şəhər nəqliyyat sisteminin effektivliyini də sual altına alır.

 

Mövzu ilə bağlı “İnformator.az” saytı sərnişin, nəqliyyat eksperti və AYNA-nın fikirlərini öyrənib.

 

135 nömrəli avtobusun sərnişini Mələk Hüseynova da gecikən avtobusdan şikayətçidir, şəhərə əsasən “20 Yanvar” və “Memar Əcəmi”yə gedən əlavə avtobuslar buraxıla bilər. Başqa olaraq, avtobus zolağı çəkilə bilər:

 

"Mən universitet tələbəsi olduğum üçün hər gün bu problem mənə çətinliklər yaradır. Dərslərə gecikirəm və ya gecikməmək üçün evdən həddindən artıq tez çıxmalı oluram və bu məni çox yorur. Ümumilikdə isə bu problem təkcə tələbələri yox, Xırdalanda yaşayan əhalini yorur və bu, insanların daha aqressiv olmasına səbəb olur. Məncə, yaxın günlərdə bu problemin qarşısı alınacaq”.

 

Nəqliyyat eksperti Aslan Əsədov qeyd edir ki, avtobusların gecikməsi bu günün, dünənin problemi deyil:

 

“Ümumiyyətlə, bu məsələ artıq uzun zamandır, gündəmdən çıxmayan bir məsələdir. Yəni avtobusların çalışmaması vətəndaşlarımızın bu və ya digər formada mühitinə mənfi təsir göstərir. Onların nəqliyyat vasitəsi kimi istifadəsinə də arzuolunmaz təsir edir. Bu da təbii ki, təəssüfləndirici bir haldır. Çünki hər bir vətəndaş istəyər ki, rahat işə getsin, rahat işdən gəlsin, öz problemini həll edə bilsin və çıxış yolunu görə bilsin. Bu kimi məsələləri biz ancaq bu və ya digər formada həll etməyə çalışmalıyıq. Avtobuslar arasındakı reyslərarası məsafə uzaq olduqda, yəni avtobus çatışmadıqda gecikmə və ləngimə olur. Avtobusların dispetçer məntəqəsi ilə qarşılıqlı təmasının olmaması da ləngiməyə səbəb ola bilər. Yəni bunlar bir-biri ilə əlaqəli məsələlərdir. Əgər dispetçer avtobusun harada olduğunu bilmirsə və ya bu məlumat monitorda görünmürsə, demək ki, burada əlaqənin qurulmamasından söhbət gedir. Amma bugün Bakı şəhərində avtobus parkı ilə bağlı çox mühüm yeniliklər var. Ölkəyə bu sahədə yeni avtobuslar gətirilib. Onlar da özlüyündə avtobus parkına ciddi təsir edir. Yəni parkda avtobusların sayı artıb. Say etibarilə daha çoxdur. Əvvəllər bu göstərici təxminən 70% nəzərdə tutulurdusa, indi artıq bu faiz 90%-dən yuxarıdır. Şəhər mərkəzini əhatə edən müasir avtobusların sayı daha çoxdur və nəticə etibarilə bu da qrafiklərə müsbət təsir göstərəcəkdir. Bu, birmənalı olaraq qrafiklərə müsbət təsir edəcək və vətəndaşlar da bundan istifadənin üstünlüklərini anlayacaqlar. Əsas məsələ bu gün qrafiklərlə bağlıdır. Say az olanda gecikmələr baş verə bilər. Sizin sualda qeyd etdiyiniz kimi, bu problem sərnişinlərin gündəlik həyatına təbii ki, mənfi təsir göstərir. İşə gecikənlərin psixoloji durumuna, iş qrafikinin pozulmasına, işçilərarası münasibətlərə mənfi təsir edir. Yəni biri işə tez gələcək, biri gec gələcək, tələbələr dərsə gecikəcək. Bunların hamısı koordinasiyalı şəkildə ümumi mənfi təsir yaradır və hətta avtobusdan istifadə etməyənlərə belə dolayı təsir edir. Avtobuslar ictimai nəqliyyatın əsas yükünü daşıyan vasitələrdən biridir. Onsuz həyatı təsəvvür etmək çox çətindir. Bu da öz növbəsində daha böyük problemlərə yol aça bilər. Gecikmələrin qarşısının alınması üçün tədbirlərə gəldikdə isə, qeyd etdiyim kimi, daha çox innovativ proqramlardan istifadə edilməlidir. Məsələn, dispetçerləşmə məntəqələrinin daha çevik fəaliyyəti, koordinasiyanın uzunmüddətli və perspektivli qurulması, sərnişinlər və sürücülər arasında əlaqənin düzgün təşkili vacibdir. Əvvəllər bu proses mobil telefon vasitəsilə həyata keçirilirdi. Yəni avtobuslar bir-biri ilə və ya dispetçerlə telefonla əlaqə saxlayırdı. Amma indi müasir texnologiyalar dövrüdür. GPS izləmə sistemləri kimi texnologiyalardan daha effektiv istifadə etmək lazımdır. Bu texnologiyalar düzgün tətbiq olunarsa, düşünürəm ki, bu problemlər tez bir zamanda öz həllini tapa bilər”.

 

AYNA-nın kommunikasiya üzrə məsul şəxsi Tural Orucov açıqlamasında bildirib ki, avtobusların fəaliyyəti hərəkət intervalına uyğun olaraq tənzimlənir və ciddi gecikmələr müşahidə edilmir:

 

“Lakin günün pik saatlarında marşrutların hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb ola bilir. İctimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərməlidir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib-çıxarır. Burada əsas çıxış yolu xüsusi zolaqlar şəbəkəsinin genişləndirilməsidir. Zolaq olan yerlərdə avtobusların sürəti pik saatlarda 2-3 dəfə artıb, nəticədə gecikmələrin qarşısını əksər hallarda almaq mümkün olur. Avtobus üstünlüyünün təmin edilməsi məhz sıxlıq olan küçələrdə lazımdır. Xüsusi avtobus zolağı daha çox sərnişinin daşınmasına imkan yaradır. Hazırda paytaxtın 40-a yaxın küçə və prospektində 114 km-dən artıq avtobus zolağı təşkil edilib. Zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır. Yeni zolaqların salınması istiqamətində iş aparılır. 135 nömrəli marşrut xətti üzrə isə 17 ədəd avtobusun 7-8 dəqiqə intervalla fəaliyyəti nəzərdə tutulur”.

 

Cavahir Əsgərbəyli

#Sosial
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər