17 Oktyabr Gəncə Terroru
2020-ci il Vətən Müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri Azərbaycanın İkinci Böyük şəhəri olan Gəncəni üçüncü dəfə ağır raket hücumuna məruz qoyub. 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində “Scud-B” (Elbrus) tipli ballistik raket şəhərin sıx yaşayış massivinə endirilib. Hücum nəticəsində 15 dinc sakin həlak oldu, 50-dən çox insan yaralanıb.
Hədəfə alınan ərazi hərbi obyekt deyil, tamamilə mülki yaşayış sahəsi idi. Raket zərbəsi bir neçə binanı tamamilə yerlə-yeksan edib. Xilasedici qruplar gecə saatlarından səhərədək dağıntılar altında qalan insanları xilas etmək üçün fasiləsiz çalışıblar. Ölənlər arasında qadınlar və uşaqlar da var idi.
Azərbaycan hökuməti hadisəni “terror aktı və beynəlxalq humanitar hüququn” kobud şəkildə pozulması kimi qiymətləndirib.Ermənistanın bu hücumu həm də Cenevrə Konvensiyasına zidd olaraq dinc əhaliyə qarşı törədilən müharibə cinayəti hesab olunur.
17 oktyabr Gəncə terroru münaqişənin ən faciəli səhifələrindən biri kimi tarixə düşüb. Bu hadisə beynəlxalq ictimaiyyətin diqqətini bir daha Ermənistanın dinc sakinləri hədəfə alma siyasətinə yönəldib.
17 oktyabr 2020-ci il Gəncə terroru təkcə bir gecənin faciəsi deyil — bu, bir xalqın sınaqdan keçdiyi an idi. Ermənistanın məqsədi şəhəri qorxuya qərq etmək, insanların ruhunu sındırmaq idi. Amma Gəncə xalqı sarsılsa da, sınmayıb.
Dağıntılar altında canını itirənlərin xatirəsi, yaralıların fədakarlığı və xalqın birliyi Gəncəni daha da möhkəmləndirib. O gecə hər bir “Gəncəli” göstərib ki, terror bir şəhəri dağıda bilər, amma “bir millətin iradəsini” əsla qıra bilməz.
Gəncəlilər evlərini itirsələr də, “ümidlərini” itirmədilər. Onlar bir-birinə dayaq olub, bir-birinə güc verib. Bu mərdlik və dözümlülük təkcə Gəncənin deyil, bütün Azərbaycanın birlik və Vətən sevgisinin rəmzinə çevrilib.
Gəncə bu gün də şəhidlərinin ruhunu ehtiramla anır və dünyaya yenilməz bir xalqın hekayəsini danışır.
Nuray Əliyeva
