00:00:00
Yazar
Elmira Ağayeva
17.09.2026 21:42 117 2 dəq oxuma
Maraqlı

17 Sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür

17 Sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür

 

Bu gün – sentyabrın 17-si Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür.

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə qeyd olunan bu günün əsas məqsədi tibbi xidmət zamanı pasiyentlərin qarşılaşa biləcəyi risklərə diqqət çəkmək, qarşısı alına bilən zərərin azaldılması və daha təhlükəsiz səhiyyə xidmətlərinin təşviqidir.

2026-cı ildə Ümumdünya Pasiyent Təhlükəsizliyi Gününün mövzusu “Qeyri-infeksion xəstəliklər zamanı təhlükəsiz tibbi xidmət”, şüarı isə “Ömür boyu təhlükəsiz xidmət!” olaraq müəyyənləşdirilib.

ÜST bildirir ki, səhiyyə xidmətlərinin göstərilməsi zamanı dünyada hər 10 pasiyentdən təxminən biri zərər görür. Bu halların əhəmiyyətli hissəsinin isə qarşısının alınması mümkündür.

Pasiyent təhlükəsizliyi yalnız əməliyyat və ya xəstəxanada müalicə ilə məhdudlaşmır. Düzgün diaqnozun qoyulması, dərmanların düzgün təyin və qəbul edilməsi, tibbi məlumatların dəqiq ötürülməsi, müalicə prosesinin düzgün idarə olunması və pasiyentin kifayət qədər məlumatlandırılması da təhlükəsiz tibbi xidmətin əsas elementləri sırasındadır.

Bu ilki kampaniyada xüsusilə ürək-damar xəstəlikləri, xərçəng, diabet və xroniki tənəffüs xəstəlikləri kimi qeyri-infeksion xəstəlikləri olan şəxslərin təhlükəsizliyinə diqqət çəkilir. Belə xəstəliklər uzunmüddətli müalicə və mütəmadi tibbi nəzarət tələb etdiyindən pasiyentlərin səhiyyə sistemi ilə davamlı əlaqədə olması əlavə təhlükəsizlik tədbirlərinin əhəmiyyətini artırır.

ÜST pasiyentləri də bu prosesin fəal iştirakçısı olmağa çağırır. Mütəxəssisə qəbul zamanı istifadə olunan dərmanlar barədə düzgün məlumat vermək, müalicə ilə bağlı anlaşılmayan məqamları soruşmaq və hər hansı narahatlığı həkimə bildirmək tibbi səhvlərin və arzuolunmaz halların qarşısının alınmasına kömək edə bilər.

Ümumdünya Pasiyent Təhlükəsizliyi Gününün əsas mesajlarından biri isə budur: təhlükəsiz səhiyyə yalnız tibb müəssisələrinin deyil, həm də pasiyent, tibb işçisi və bütövlükdə səhiyyə sisteminin ortaq məsuliyyətidir.

Elmira Ağayeva

#gündəm #azərbaycan #sentyabr #təhlükəsizliyi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər