00:00:00
Yazar
Admin User
17.11.2025 11:38 151 2 dəq oxuma
Maraqlı

17noyabr

17noyabr

Hər il 17 noyabr dünya miqyasında “Beynəlxalq Tələbələr Günü” kimi qeyd olunur. Lakin bu gün sadəcə təqvimdə bir tarix, yaxud tələbələrin özlərinə aid kiçik bir bayramı deyil. 17 noyabrın arxasında həm azadlıq, həm cəsarət, həm də gəncliyin susdurula bilməyən iradəsi dayanır.

 

Bu tarix 1939-cu ildə nasistlərin Praqa Universitetinə hücum edib tələbələri qətlə yetirməsi, yüzlərlə gənci həbs etməsi ilə yadda qalıb. Tələbələrin səsi zorla susdurulub, amma onların mübariz ruhu bütün dünyada dillərə düşüb. O gündən bəri 17 noyabr gəncliyin təkcə təhsil alan qrup olmadığını, həm də cəmiyyətin ən diri, ən düşünən və ən dəyişdirən qüvvəsi olduğunu xatırladır.

 

Bu gün Azərbaycan gənci də artıq auditoriyalardan daha geniş bir məkanda-informasiya dövrünün içində, qlobal rəqabətin ortasında mübarizə aparır. Onların taleyi artıq sadəcə yaxşı dərs oxumaqla bitmir, gənc öz yolunu tapmalı, öz hədəfini müəyyənləşdirməli, həm də bu yolda ictimai məsuliyyət daşımalıdır. Tələbə olmaq bir status deyil, davam edən bir öhdəlikdir: öyrənmək, sual vermək, qarşısındakı həqiqətləri araşdırmaq, cəmiyyəti daha da irəli aparmaq.

 

Bu gün ali məktəb koridorlarında gördüyümüz hər tələbə-sabahın müəllimi, mühəndisi, həkimi, jurnalisti, hüquqşünası və ya sadəcə vicdanlı bir vətəndaşıdır. Dünyanı dəyişdirən ideyalar çox vaxt məhz tələbə masalarının üstündə cızılan kiçik qeydlərdən, sıx auditoriyalarda verilən cəsarətli suallardan başlayır.

 

Odur ki, 17 noyabr təkcə tələbələri təbrik etmək günü deyil, həm də bir çağırışdır:

 

Daha çox öyrənək. Daha çox düşünək. Daha çox soruşaq. Daha çox dəyişdirək.

 

Çünki bu günün qəhrəmanları olan biz tələbələr gələcəyin təməlini susaraq deyil, danışaraq, araşdıraraq və yaratmaqla qururuq. Bütün tələbələri mübariz ruhunu itirməyən, məqsədinə inanan, sabaha ümidlə baxan bütün gəncləri Beynəlxalq Tələbələr Günü münasibətilə təbrik edirəm.

 

Gələcək bizim ideyalarımızla formalaşacaq, bizim cəsarətimizlə güclənəcək.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər