00:00:00
Yazar
Admin User
02.02.2026 12:15 142 4 dəq oxuma
Maraqlı

2 fevral - Azərbaycanda Gənclər Günü qeyd olunur

2 fevral - Azərbaycanda Gənclər Günü qeyd olunur

Bu gün, 2 fevral Azərbaycanda Gənclər Günü qeyd olunur. Gənclər Günü 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsis edilib və hər il ölkənin ictimai-siyasi, elmi, mədəni və idman həyatında fəal iştirak edən gənclərin uğurlarının qeyd olunduğu əlamətdar gündür.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Prezident mükafatçısı, Milli Aviasiya Akademiyasının Pilotsuz uçuş aparatları qrupunun qrup rəhbəri, Milli Aviasiya Akademiyasının “Avionika” kafedrasının müəllimi Sərxan Ağadadaşov bildirib ki, ilk olaraq ölkəmizin bütün gənclərini səmimi qəlbdən Gənclər Günü münasibətilə təbrik edir:

 

"Hər birinə uğurlar arzulayıram. Zəhmətlərinin dəyərləndirilməsini arzulayıram. Prezident mükafatı ölkədə ala biləcəyimiz ən böyük mükafatlardan biridir. Və bu mükafatın verilməsi o deməkdir ki, gənclərin əziyyət çəkdiyi iş sahələrində bəzən gənclərdə elə hissiyyat olur ki, onların çəkdiyi əziyyətləri heç kim görmür, amma belə mükafatlar tam əksini sübut edir və göstərir ki, biz başladığımız sahələri axıra kimi aparmalıyıq. Gənclər Günü tədbirlərində hər bir gənc, mükafatçı kimi deyə bilərəm ki, öz sahəsi üzrə təqdim olunur və burada, əlbəttə ki, media nümayəndələri iştirak edir. Və onlar gənclərdən aldıqları müsahibələrdə onların özlərini təqdim etmələrinə, bacarıqlarını bütün ölkəyə, hətta xaricə göstərmələrinə kömək edirlər. Yəni bu, gənclərin əlinə düşən əla bir şansdır ki, özlərini və işlərini ictimaiyyətə tanıtsınlar. Gənclər Gününün qeyd olunması, xüsusilə belə uğurlu gənclərin mükafatlandırılması, önə çıxarılması vətənpərvərlik hissinə çox güclü təsir edir. Çünki hazırda sosial medianın təsirinə görə gənclərimiz xaricə meyl göstərirlər, amma öz ölkələrində belə dəyərləndirilməni görəndə, əlbəttə ki, ölkəyə bir bağlılıq yaranır. Və hətta bəzən xaricdə olan gənclərimiz də bir müddətdən sonra burada da özlərini göstərmək imkanlarını görürlər. Ona görə də ölkənin ümumi inkişafı üçün, gənclərin irəli getməsi üçün böyük təsiri var".

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Prezident mükafatçısı, Agenturanın (MK İmpresari Agentura) beynəlxalq opera teatrlarında Azərbaycanı təmsil edən opera ifaçısı Elmina Həsənova bildirib ki, Prezident mükafatı təkcə maddi dəstək forması deyil, eyni zamanda ictimai tanınmanın mühüm simvoludur:

 

"Bu mükafat gəncləri məqsədyönlü şəkildə inkişaf etməyə həvəsləndirir, yüksək nəticələrə can atma və cəmiyyət qarşısında öz töhfəsinə görə məsuliyyət hissini formalaşdırır. Əmək, təşəbbüs və istedadın dövlət səviyyəsində diqqətə alınması və qiymətləndirilməsi gənclərin sosial, elmi və mədəni proseslərdə fəallığını artırır. Gənclər Gününə həsr olunmuş tədbirlər özünüifadə, dialoq və təcrübə mübadiləsi üçün açıq platforma yaradır. Forumlar, festivallar, müsabiqələr və müzakirə meydançaları gənclərə öz ideyalarını, layihələrini və yaradıcılıq işlərini təqdim etməyə, həmfikirlər tapmağa və peşəkar rəy almağa imkan verir. Bu cür təşəbbüslər potensialın üzə çıxmasına, özünə inamın möhkəmlənməsinə və aktiv vətəndaş mövqeyinin formalaşmasına xidmət edir. Gənclər Günü gənc nəslin ölkənin gələcəyinin daşıyıcısı kimi rolunu vurğulayır. Dövlətin inkişafında öz əhəmiyyətini dərk etmək, Azərbaycanın milli dəyərləri, tarixi və nailiyyətləri ilə yaxından tanış olmaq gənclərdə mənsubiyyət və məsuliyyət hissini gücləndirir. Müsbət nümunələr, kollektiv tədbirlər və gənclərin uğurlarına yönəlmiş diqqət milli ruhu, Vətənə bağlılıq hissini və onun inkişafına xidmət etmək istəyini möhkəmləndirir".

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Əmək və Əhalinin Sosial Müadafiəsi Nazirliyi yanında Dost İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçisi, Opera ifaçısı, Respublika və Beynəlxalq müsabiqələr laureatı Səməd Novruzov bildirib ki, bu gün Azərbaycanda Gənclər Günü kimi qeyd olunur:

 

"Bu əlamətdar gün 1997-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilib. Gənclər Günü ölkə gəncləri üçün ən vacib günlərdən biridir, onların inkişafına böyük təsir göstərir və güclü motivasiya yaradır. Prezident mükafatına layiq görülən bir gənc artıq öz üzərinə iki qat məsuliyyət götürən olur. O düşünür ki, bu mükafatı əbəs yerə almayıb və indiyə qədər özünü doğrultduğu kimi, bundan sonra da bunu davam etdirməlidir. Bu mükafat gəncləri istər ictimai-sosial, istər elmi, istər mədəni sahələrdə, istərsə də aktyor, sənətçi, ifaçı, rəssam və digər istiqamətlərdə ölkəmizi dünyada tanıtmağa stimullaşdırır. Təbii ki, bu cür tədbirlərin atmosferinə düşmək hər gəncə nəsib olmur. Əgər bir gənc belə bir tədbirdə iştirak edirsə, bu, onun üçün daha böyük məsuliyyət deməkdir. Çünki o artıq digər gənclər üçün örnəyə çevrilir. Gənclər Gününün qeyd olunması gənclər arasında milli ruhu və vətənpərvərlik hissini gücləndirir. Bunun ən bariz nümunəsi 2020-ci ildə baş vermiş Vətən müharibəsi olub. Pandemiya dövrünə baxmayaraq, gənclər könüllü şəkildə döyüşə yollandılar. Bu gün Prezident mükafatı alan gənclərdən biri də Sərxandır. Səhv etmirəmsə, o, pilotsuz uçuş aparatları üzrə mühəndisdir və 2020-ci ildə bir gənc olaraq Qarabağ müharibəsində dronlarla iştirak edib. Bu, bir gənc üçün çox böyük uğurdur. Müharibəni görmək və müasir texnologiyalar vasitəsilə döyüşdə iştirak etmək böyük nailiyyətdir. Bu, gənclərdə vətənpərvərlik hissini oyadır, stimul verir, sevdirməyi və qürur hissi yaşatmağı bacarır".

 

Aişə Mustafayeva, Mələk Hüseynova 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər